Məşhur muzeylərə virtual səyahət - Gənclər Kitabxanası
Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunub.
Redaktor.az xəbər verir ki, bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi cəmiyyətin həyatında muzeylərin nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir.
Respublika Gənclər Kitabxanası 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə istifadəçilərinə dünyanın ən maraqlı muzeylərinə virtual səyahətlər təşkil edib. İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxlar vasitəsilə bu virtual səyahətlərə qoşulmaq imkanı qazanıblar.
"Muzeylər aləmində" silsiləsi çərçivəsində dünyanın ən məşhur muzeyləri olan Luvr və Britaniya muzeyi, Sankt-Peterburqun “Ermitaj”, Nyu-York şəhərinin incisi olan “Metropoliten”, Bakıda yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyi və s. muzeylər haqqında biri – birindən maraqlı və faydalı məlumatlarla zəngin video çarxlar hazırlanıb.
Videoçarxların hər biri kiçik virtual səyahəti xatırladır və izləyici üçün maraqlı ola biləcək dinamik formada sərgilənərək qısa zaman kəsiyində izləyicidə bu və ya digər mədəniyyət ocağı olan muzey haqqında tam formalaşmış bir təsəvvür yaradır. Videoçarxlarda muzeylərin yaranma tarixi, yerləşdikləri coğrafiya, aktuallıq səviyyəsi və səbəbi, burada sərgilənən əsərlər haqqında geniş məlumat verilir, bir sıra maraqlı faktlar səsləndirilir. Video çarxlara xüsusi maraq qatan nüans burada muzeylərin görüntülərinə geniş yer verilməsidir. Respublika Gənclər Kitabxanası tərəfindən təşkil edilən “Muzeylər aləmində” silsiləsi çərçivəsində hazırlanan video materiallar pandemiya şəraitində dünya və yerli muzey incilərini izləməkdən məhrum olan istifadəçilər üçün əsl hədiyyədir.
Sözügedən materillar kitabxananın social şəbəkələrində və "Youtube" kanalında da yerləşdirilmişdir.
https://www.instagram.com/tv/CO8TemMBPvB/














