Yunan əsilli azərbaycanlı aktrisanın acı taleyi

Arxivdə araşdırma apararkən aktrisa Panfiliya Nikolayevna Tanailidi haqqında olan istintaq işini bir neçə dəfə vərəqləmişdim. Hər dəfə də yenidən o işə qayıdacağımı düşünərək nədənsə digər materiallar üzərində çalışırdım. Sözün düzü, sonradan tamam unutdum. Lakin bir müddət keçmiş Səbuhi Sədəfin “Qarabağın yunan qaçqınları: “Sirli Sürəyya”, Sibirdən qayıdan Yannis, 2 nəfərə qalan kənd...” yazısı yenidən məni həmin istintaq işinə qayıtmağa vadar etdi. Qələm yoldaşımızla tam razıyam, qulağımızın dibində, doğma Qarabağımızda, Ağdərənin Mehmana kəndində məskunlaşmış yunanlar barədə bilgimiz az, ya da heç yox imiş. Yazı diqqətimi cəlb etdi, müəllif xeyli zəhmət çəkib, maraqlı araşdırmalar aparıb. Yuxarıda dediyim kimi, yunan əsilli teatr aktrisası Panfiliya Nikolayevna Tanailidi barədə, eləcə də yunan millətindən olan digər Azərbaycan vətəndaşlarının bir neçəsi haqqında məlumatım vardı. Lakin Azərbaycanda, Qarabağın Mehmana kəndində yunanların, ya da pontların yaşaması haqqında bilgim yox idi. Köməyimə vikipediya gəldi. Pont yunanları keçmiş rus imperiyasının müxtəlif bölgələrinə, o cümlədən, indiki Ukrayna və Qafqaza Osmanlı imperiyasının Qaradəniz və Pont adlanan ərazisindən köç etmişlər. Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil inkişaf etmiş bir qolu olaraq müasir yunan dilindən fərqlənir. 1940-cı ildə Şimali Qafqaz xalqları ilə birlikdə Bakıda yaşayan pont yunanları da Orta Asiya respublikalarına sürgün edilmişdir.
Bolşevik repressiyası Azərbaycanda yaşayan yunanlardan da yan keçməyib. “Casus”, “sovet hakimiyyətinin düşməni” damğası ilə onlarla günahsız ziyalı, incəsənət xadimləri güllələnib, yaxud həbs düşərgələrinə göndərilib. 17 il sürgün həyatı yaşamış məşhur pianoçu Yanis Karayanidi və aktrisa Aqapi Xaldoyanidinin istintaq materiallarını əldə etmək mümkün olmadı. Azərbaycan Dövlət Dram Teatrının aktrisası olmuş Panfiliya Tanailidinin məşəqqətli istintaq işi ilə isə tanış idim. Bəs Panfiliya Tanailidi kimdir? Yenə də köməyimə vikipediya gəldi. Panfiliya Nikolayevna Tanailidi İrəvan xanlığının Zəngəzur mahalının Başkənd kəndində doğulmuşdur. Ailəsi əslən Qarsdan olsa da, sonradan Tiflis şəhərinə köç ediblər. Türk dilini olduqca gözəl bilirdi. Rus, gürcü dillərini də öyrənmişdi. Xüsusi aktyor təhsili olmayıb. Uşaqlıqdan müxtəlif ritmli rəqsləri məharətlə oynayıb. Tiflisdə Kazyonnı teatr, Zubalov adına “Xalq evi” kimi böyük salonlarda azərbaycanlı ziyalıların təşkil etdiyi mərasimlərdə, tədbirlərdə çıxışlar edib. Müxtəlif həvəskar teatr truppalarının hazırladıqları tamaşalarda “Zəngəzurskaya” və “Sürəyya” təxəllüsləri ilə çıxışları olub.
Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə İranda, Türkiyədə qastrollarda dram, opera və operetta tamaşalarında oynayıb. Tiflisdə Türk Dövlət Teatrının yaradıcılarından biridir.
1919-cu ildə Bakıya gələrək ayrı-ayrı teatr dəstələrinin tərkibində müxtəlif tamaşalarda (Mehriban, “Dəmirçi Gavə”, Seyfəddin Sami), (Şəmsa, “Trablis müharibəsi”, Cəfər Cabbarlı) və (Azərbay, “Azərbay və Can”, İsa bəy Aşurbəyli) iştirak edib.
1925-ci ildə Tiflisdən gəlmiş baş rejissor Aleksandr Tuqanovun dəvəti ilə Bakıda, Milli Dram Teatrın truppasına daxil olur. İşlədiyi illər ərzində Kəblə Fatma (“Ölülər”, Cəlil Məmmədquluzadə), Emiliya, Karvansaraçı, Cülyettanın dayəsi (“Otello”, “Şıltaq qızın yumsalması” və “Romeo və Cülyetta”, Vilyam Şekspir), Marqarita, Ledi Ariyella (“80 gün dünya səyahətində” və “Kapitan Qrantın uşaqları”, Jül Vern), Şamama cadu (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Tükəz (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Köylü qadın, Rübabə, Marqo (“Topal Teymur”, “Səyavuş” və “Knyaz”, Hüseyn Cavid), Qəmər xanım (“Tələbələrin kələyi”, Brandon Tomas), Tamara, Böyükxanım, Tafta (“Oqtay Eloğlu”, “Aydın” və “Sevil”, Cəfər Cabbarlı), Marri (“Tom dayının koması”, Biçer Stou), Karoleva Anna (“Gülən adam”, Viktor Hüqo), Amaliya (“Qorxu”, Aleksandr Afinogenov), Qalçixa (“Günahsız müqəssirlər”, Aleksadr Ostrovski), Nisə xala (“Polad qartal”, Aleksandr Korneyçuk), Nənə (“Göy quş”, Moris Meterlink) rollarını ifa etmişdir.
Eyni zamanda, kino sahəsində də nailiyyətlər qazanmışdır. O, 1934 və 1936-cı illərdə lentə alınmış iki tammetrajlı bədii filmlərdə, “İsmət”də ara həkimi, “Almaz”da Fatmanisə rollarında da aktyorluq bacarığını nümayiş etdirmişdir.
Yenidən istintaq işini vərəqlədim. İstintaq materiallarını oxuduqca dəhşətə gəlirsən, mənasız ittihamlar və dəlil-sübutların olmaması, olanın da hədsiz dərəcədə şişirdilməsi adamı sarsıdır. Onu da deyim ki, bu yönümlü yüzlərlə repressiya materialları oxumuşam. NKVD-nin (XDİK) iş metodları, dindirmə, üzləşdirmə prosesləri çox sadədir. Çünki insan həyatı onlar üçün əhəmiyyət kəsb etmirdi, həbsxanaya salınmalı, güllələnməli, ya da ən yaxşı halda sürgünə göndərilməlidir. Pont yunanlarından olan Panfiliya Nikolayevnanın aqibəti kimi. Heç bir məntiqə sığmayan mühakimələrlə Azərbaycan Dövlət Dram Teatrının səhnəsində, kino sahəsində maraqlı obrazlar yaratmış günahsız aktrisa barədə ölüm hökmü çıxarılmış və icra edilmişdir. NKVD cəmisi 2 ay 12 günə teatr aktyorunun “casus” olduğunu “sübuta yetirmişdir”. Halbuki xüsusi xidmət orqanlarının fəaliyyətindən azacıq məlumatlı olanlar yaxşı bilirlər ki, kiminsə casus olduğunu, hansısa ölkənin təhlükəsizlik qurumlarına işlədiyini sübut etmək olduqca mürəkkəb və çətin prosesdir. Bunun üçün əməliyyat işçilərinə aylar, bəzən illər lazım gəlir, bütün imkanlar səfərbər olunur, agentura-müşahidə aparatı və digər texniki vasitələr işə salınır, təkzibedilməz faktlar toplanıldıqdan sonra təhlillər aparılır və nəticədə yekun qərar qəbul edilir. Lakin NKVD “sovet hakimiyyətinin düşməni”, Bakıda tənha yaşayan 46 yaşlı Panfiliya Nikolayevnanın casus olduğunu qısa bir müddətdə “sübut”a yetirə bilmişdir.
Hər şey NKVD-nin 3-cü şöbəsinin rəis əvəzi kapitan Meşeryakovun 15 dekabr 1937-ci ildə tərtib etdiyi arayışdan başlayır. Sənəddən məlum olur ki, milliyyətcə yunan, SSRİ vətəndaşı, keçmiş İran vətəndaşı, bitərəf, Azərbaycan Dövlət Dram Teatrının aktyoru, Bakı şəhəri, Məmmədyarovsk küçəsi 67-də yaşayan Panfiliya Nikolayevna Tanailidi Bakıdan tranzit vasitəsilə keçməklə İrandan Almaniyaya gedən və geri qayıdan, casusluq şüphəsi doğuran şəxslə yaxından əlaqə saxlayır. Ondan qiymətli hədiyyələr alır. Teatrda antisovet təbliğatı aparır, kapitalist quruluşunu tərifləyir. Hərbi qulluqçuların arasında geniş əlaqəsi vardır. Göstərilənlərə əsasən onun həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması vacib sayılır. Təbii ki, kapitan Meşeryakovun arayışı nəzərə alınır. Elə həmin gün onun həbsi üçün order hazırlanır və yaşadığı mənzilində axtarış aparılır. Tərtib edilmiş protokolda şübhə doğuran əşya və digər ləvazimatların tapılmadığı göstərilir.
16 dekabrda aktrisa haqqında cinayət işi açılır və müstəntiq Abakumov tərəfindən dindirilir. Dindirilmə protokolunun girişində Panfiliya Nikolayevna Tanailidinin tərcümeyi-halını öyrənmək üçün bəzi əhəmiyyətli faktlar vardır. Sənəddən aydın olur ki, o, 1891-ci ildə Ermənistanın SSR-nin keçmiş Zəngəzur rayonunun Başkənd kəndində anadan olub. 68 yaşlı anası Filanini böyük qızı ilə birgə Tiflis şəhərində yaşayır. “Əmək Qəhrəmanı”dır (belə də yazılıb) və Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin Fəxri Fərman ilə təltif olunmuşdur.
Müstəntiq Tanailidinin xarici ölkələrə səfərləri ilə maraqlanır. Aktrisa cavabında bildirir ki, sovet hökumətinin razılığı ilə hələ 1922-ci ildə Tiflis Dövlət Türk Teatrının aktrisası olarkən 15 nəfərlik truppanın tərkibində təxminən 2 ay müddətində Türkiyənin Qars, Ərzurum və Sarıqamış şəhərlərində qastrol səfərində olub. Və yenə həmin heyətlə birlikdə 2 ay müddətində İranda, o cümlədən Təbrizdə teatr səhnələrində çıxışlar edib.
İstintaqdan o da aydın olur ki, Belçika vətəndaşı olan qohumu Qustav Alfonsoviç Simonis Moskva şəhərində yaşayır, Belçika səfirliyində sürücü işləyir. 1935 və ya 1936-cı ildə ondan məktub aldığını və həmin məktub vasitəsilə Simonisin səfirlikdə işlədiyini öyrəndiyini bildirir. Eyni zamanda, əlavə edir ki, anasından eşitdiyinə görə, Simonisin anası sovet vətəndaşıdır, Tiflisdə yaşayır və oğlu Moskvada Belçika səfirliyində işləyir. Panfiliya Nikolayevna Tanailidi Simonisdən aldığı məktubun şəxsi xarakterli olduğunu, cavab məktubu yazmadığını, ümumiyyətlə, heç bir zaman onunla yazışmadığını, həyatda onu cəmisi bir dəfə gördüyünü söyləyir. 1936-cı ilin axırı və ya 1937-ci ilin əvvəlində Simonisdən teleqram aldığını, Tiflisə anasını görməyə getdiyini və Tiflisdən qayıdarkən Bakı dəmiryolu vağzalında onu qarşılamağı xahiş etdiyini, vağzalda yolüstü onunla qısa müddət ərzində görüşdüyünü də istintaqa olduğu kimi danışır.
On gün sonra, 26 dekabrda Abakumov yenidən onu dindirmişdir. “Başqa dövlətin vətəndaşı olmuşsunuzmu?” sualına Panfiliya belə cavab verir: “- ...1925-ci ildə İranda qastrolda olarkən İran dövləti mənə pasport verdi ki, aktrisa kimi orada fəaliyyət göstərim. Etiraz etdim. Qayıdanda hakimiyyət orqanlarını bu barədə məlumatlandırmadım. Qorxdum ki, məni İrana göndərə bilərlər. Bu səbəbdən həmin pasportu dövlət orqanlarına təhvil vermədim, yandırdım...”.
Müstəntiqi onun xarici ölkə nümayəndələrindən kiminlə tanışlığı da maraqlandırır: - “...1932-ci ildə Kirovabadda (Gəncə) qastrol səfərində olarkən İranın keçmiş konsulu Möhsüm xan mənim iştirak etdiyim tamaşaya baxmağa gəlmişdi. Tamaşanın sonunda bizi evinə dəvət etdi. Səhəri günü onun evində qonaq olduq. Bu barədə teatrın direktoru Bilal Əhmədov məsələni biləndə tapşırdı ki, birdə ora getməyin. Mən də getmədim...”.
1938-ci ilin yanvar ayında Panfiliya Nikolayevna yenidən dindirilir. Bu dəfə Gövhər xanım adında qadın barədə sorğu-sual edilir. Gövhər xanımı tanıdığını, 1909-cu ildə Tiflisdə, onun hələ aktyor kimi çalışdığı illərdə tanış olduğunu bildirir. Əlavə olaraq həmin xanımın İran vətəndaşı və ixtisasca həkim olduğunu barədə məlumatlar verir. Sonuncu dəfə 1937-ci ildə Bakıda, Gövhər xanımın qardaşı Əlabbasın evində bir saat ərzində görüşdüyü, ondan hədiyyə almadığını, yalnız iki qutu siqaret götürdüyünü müstəntiqlərin nəzərinə çatdırır.
Bəri başdan onu deyim ki, yunan əsilli azərbaycanlı aktrisaya qarşı ciddi ittihamlar irəli sürülsə də, dindirmədən də göründüyü kimi, NKVD müstəntiqləri məsələyə çox səthi yanaşıblar. Müstəntiqlərlə müttəhimin dialoqu sanki adi söhbət xarakteri daşıyır. Sənədlərin arasında ciddi ittihamlar irəli sürülmüş müttəhimi ifşa edə biləcək məlumatlar yoxdur. Adətən belə hallarda qurumun əməliyyat bölmələrinin agentura məlumatlarından geniş istifadə olunur. Belə nəticəyə gəlmək olar ki, müstəntiqlər bu işdə daha çox şahid ifadələrinə, dedi-qodulara istinad etmişlər.
Onu da deyim ki, bu işdə ölkəmizin dörd tanınmış teatr xadimlərinin adı keçir. Onlar şahid kimi müstəntiq Bodrov tərəfindən dindirilmişdir. Şahidlər Panfiliya Nikolayevna Tanailidini yaxından tanıdıqlarını, sovet quruluşunun və hakimiyyətinin əleyhinə ifadələr işlətdiyini, fəhlələrin kapitalizm quruluşunda daha yaxşı yaşadığını, xalq düşməni Əhməd Triniçə “ürəyimiz birdir, yada sal, kommunizmə qarşı necə mübarizə aparırdıq”, deyə söylədiyini, elə buna görə də Triniçin onu “Əmək Qəhrəmanı” etdiyini, xalq düşmənləri Nağı Babayev və Heydər Vəzirovla əlaqə saxladığı, İranın Gəncədəki konsulunun bacısı Gövhər xanımla əlaqəsi olduğunu, 1937-ci ilin oktyabrında Bakıda, Gövhər xanımın qardaşının evində Gövhər xanımın ona plaş, papiros verdiyini, Almaniyadan qayıdanda ona saat da gətirəcəyini söylədiyi barədə müstəntiqə izahat vermişlər.
İstintaq şahidlərdən yalnız bir nəfəri Panfiliya Nikolayevna Tanailidi ilə üzləşdirir. Panfiliya deyilənləri təsdiq etmir, Əhməd Triniç, Heydər Vəzirovla əlaqəsinin olmadığını, Nağı Babayevin ailəsini yaxından tanıdığını bildirir.
13 mart 1938-ci ildə işi aparan müstəntiqlər tərəfindən hazırlanmış ittihamnamədə şahidlərin verdiyi ifadələr əsas götürülmüşdür. İttihamnamədə müttəhim özünü günahkar saymadığı və yalnız şahid ifadələri ilə ifşa olunduğu əksini tapmışdır. Beləliklə, NKVD işçilərinin “gərgin əməyi” nəticəsində yunan əsilli azərbaycanlı aktrisa Panfiliya Nikolayevna Tanailidinin “casusluq fəaliyyəti” ifşa edilir.
9 oktyabr 1938-ci ildə NKVD-nin Troykası (üçlüyü) ) Panfiliya Nikolayevna Tanailidinin istintaq işinə baxır və şəxsi əmlakı müsadirə edilməklə ən ağır, güllələnmə cəzası müəyyən edir.
Altı gün sonra, 15 okyabr 1938-ci ildə axşam saat 21.30-da hökm icra olunur. Bu barədə istintaq işində icra aktından çıxarış saxlanılır.
1957-ci ildə Tiflisdə yaşayan bacısı Yevgeniya Simonis Panfiliyanın taleyi ilə əlaqədar Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə ərizə ilə müraciət edir. Cinayət işinə yenidən baxılır. İşdə adı keçən şahidlər yenidən dindirilir. İşi aparmış müstəntiqlərin şahid ifadələrindən istədikləri kimi istifadə etdikləri aydın olmuşdur. Bundan əlavə, aktrisanın casusluq fəaliyyətinə dair əməliyyat-agentura məlumatlarının olmadığı, işin saxtalaşdırıldığı və istintaqı aparanların özlərinin də sonradan bolşevik repressiya aparatı tərəfindən cəzalandırıldığı nəzərə alınaraq 1958-ci ildə Panfiliya Nikolayevna Tanailidiyə bəraət verilmişdir.
Lakin bacısı Yevqenya Nikolayevna Tanailidi-Simonis vəfat etdiyindən və digər qohumları aşkar olunmadığından bəraət barədə sənəd yenidən istintaq işinə tikilmişdir.
Bu da yunan əsilli azərbaycanlı aktrisa Panfiliya Nikolayevna Tanailidinin, Sürəyya Zəngəzurskayanın acı taleyi.
Elşad Qoca