Misirdə Nizami Gəncəviyə həsr olunmuş videoçarx hazırlanıb

 17:18 23.05.2021     121

Misirdə Azərbaycan dilini tədris edən İsra Adilin təsis etdiyi EPS mərkəzi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş 8 dəqiqəlik videoçarx təqdim edib.

Redaktor.az xəbər verir ki, ərəb tamaşaçılarına xitab edən maraqlı videomaterial yutub kanalında da yerləşdirilib, habelə Misirin “Aldiplomacy”, “Worldnewnews” portalları tərəfindən işıqlandırılıb.

EPS mərkəzinin hazırladığı videomaterialda Nizami Gəncəvinin Bakıdakı abidəsi, doğulduğu Gəncədəki məqbərəsi, Şərqin dahi şair və mütəfəkkirinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir, onun əsərlərindən ərəbcə parçalar səsləndirilir. Tərtibatçılar qədim miniatür rəsmlərindən istifadə edərək Nizaminin “Leyli və Məcnun” və “İsgəndərnamə” əsərləri haqqında geniş məlumat verir, habelə şairin yaşadığı dövrdən bəhs edirlər. Videomaterialda Nizaminin əsərlərindəki əxlaq və mənəviyyat, ədalətin tərənnümü və Quran hekayələri önə çıxarılır.

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş videomaterialın hazırlanmasında EPS mərkəzinin üzvləri Adil Mahmud, Hevəydə Ərəbi, Əhməd Əl-Nəms, Hacər Əmr və Ayman Əbu Zayid də iştirak ediblər. //Azərtac