“Azərbaycan elminin inciləri” layihəsi - Respublika Gənclər Kitabxanası

 11:09 24.05.2021     257

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Azərbaycan elminin inciləri” layihəsi çərçivəsində öz auditoriyasını, xüsusilə də gəncləri Azərbaycan elminin görkəmli nümayəndələri ilə tanış etmək məqsədini qarşısına qoyub.

Redaktor.az xəbər verir ki, sözügedən layihə çərçivəsində kitabxana əməkdaşları tərəfindən Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi, Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri – Mustafa bəy Topçubaşov haqqında virtual sərgi hazırlayıb.

Virtual sərgi iki dildə - Azərbaycan və rus dillərində olmaqla, görkəmli alim və cərrahın həyat və fəaliyyəti, elm sahəsində qazandığı uğurlar və Azərbaycan elminə bəxş etdiyi kəşflər haqqındadır. Virtual sərgidə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efır-yağ narkozunu – analgeziya üsulunu kəşf etmiş Mustafa bəy Topçubaşovun 200-dən artıq elmi işin, o cümlədən 5 cildlik «Xüsusi cərrahiyyə» əsərinin, 7 monoqrafiyanın, kəşf və ixtiraların müəllifi olmuş, onun məsləhətçiliyi və rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə edilməsi və s. məsələlər qeyd edilib.

Virtual sərgidə 5 hissəli, “Xüsusi cərrahlıq”, tibb institutu üçün dərsliklər,  “Cərrahlıq terminləri lüğəti” və b. əsərlərinin biblioqrafik təsvirləri verilmişdir. Sərgidə məhşur alimin ailə şəkilləri, aldiğı elmi adlar, layiq görüldüyü mükafatlar, orden və medallar haqqında məlumat, müəllifi olduğu və haqqında yazılan kitablar da  öz əksini tapıb.

“Azərbaycan elminin inciləri” layihəsi çərçivəsində Mustafa bəy Topçubaşov haqqında hazırlanan virtual sərgi kitabxananın sosial şəbəkələri ilə yanaşı, Youtube kanalına (https://www.youtube.com/watch?v=WWnx1eM35mM) da yerləşdirilib.