Uşaqlar üçün "Şəngülüm, Məngülüm" nümayiş olunacaq

 01:54 26.05.2021     128

Mayın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrdəki hesabları vasitəsilə “Şəngülüm, Məngülüm” tamaşasını təqdim edəcək.

Redaktor.az xəbər verir ki, Əməkdar artist Rəhman Rəhmanovun iştirakı ilə nümayiş ediləcək tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verib. Kuklaçılar da hər kəsin az qala əzbər bildiyi mübariz ana keçinin nağılına bu dəfə müəyyən ixtisarlarla, birhissəli monotamaşa kimi yanaşıb və göstəriblər ki, bir aktyorun ifasında, eyni zamanda, bir neçə obrazı canlandırıb ifadə etmək olar.

Tamaşanın mahnı mətnləri də unudulmaz şair Mikayıl Müşfiqin uşaq şeirləri və eyniadlı poemasından seçilib. Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar çıxış edir. Onu da qeyd edək ki, bu əsər teatrda əvvəllər də tamaşaya qoyulub. Bu dəfə monotamaşa üslubunda ərsəyə gətiriləcək səhnə işində Keçinin balalarından biri - Şüngülüm ixtisar edilib.