Ləyaqətli insan, dəyərli alim-pedaqoq - 75 illik ŞƏRƏFLİ YOL...

 10:33 01.06.2021     2627

Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Bu xoşbəxtliyi yaşayan dəyərli ziyalıalrımızdan biri də İsa müəllimdir.

İsa İsmayılov(İsa Namaz oğlu İsmayılov) – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, FTT ixtisası üzrə elmi seminarın sədri, pedaqogika üzrə elmlər doktoru, ADPU-da FD 02.061 Müdafiə Şuasının üzvü, Şura yanında FTT ixtisası üzrə elmi seminarın sədri, Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası, pedaqogika üzrə elmi şuranın üzvü.

1946-cı ildə Qərbi Azərbaycanın Razdan (Axta) rayonunun Qayıqocalı(Axundov) kəndində anadan olub. 1956-cı ildə Axundov kənd səkkizillik məktəbin VI sinfini, 1962-ci ildə Saatlı rayonu Xanlar kənd orta məktəbini bitirmişdir. 1962–67-ci illər V.İ. Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1967–71-ci illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir. 1967–70-ci illərdə Saatlı rayonunu Fətəli kənd orta məktəbində riyaziyyat-fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1970–73-cü illər Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunun əyani aspiranturasında təhsil almışdır.

1974–83-cü illərdə V.İ. Lenin adına APİ-də laborant, laboratoriya müdiri, 1983–85-ci illərdə APİ-nin "Fizikanın tədrisi metodikası" kafedrasının müəllimi, 1985-ci ildə İnstitut metod şurasının katibi, 2000–2004-cü illərdə ADPU-nun ixtisaslaşmış dissertasiya şurasının elmi katibi, 2014-cü ildən ADPU-nun metod şurasının sədr müavini, 2007–2016-cı ilə qədər "Testlərin keyfiyyətinə nəzarət və qəbulu" komissiyasının sədri, 2016–17-ci ildə "Fizika texnologiya" fakültəsinin metod şurasının sədri, Universitetin dissertasiya şurasının elmi katibi, 2013–15 və 2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Fəlsəfə, pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası üzrə ekspert şurasının üzvü kimi ictimai işləri yerinə yetirmişdir.

1985–89-cu illərdə baş müəllim və inistitut bilik cəmiyyətinin elmi katibi, 1989–2017-ci illərdə N.Tusi adına ADPU-nun "Fizikanın tədrisi metodikası" kafedrasının dosenti, 1996–2003-cü illərdə "Aspirantura, Doktorantura və Magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1980-ci ildə Moskva Hərbi Siyasi Elmlər Akademiyasının generalı, Moskva Politexnik muzeyinin nəzdində "Texniki vasitələr və proqramlaşdırılmış təlim" fakültəsinin dekanı, prof. İ.İ.Tixonovun rəhbərliyi altında "Orta məktəbdə fizikanın tədrisində texniki vasitələr və proqramlaşdırılmış təlimdən kompleks istifadənin effektliyi" mövzusunda dissertasiya müdafiə edərək, fizikanın tədrisi metodikası ixtisası üzrə elmlər namizədi, 2011-cü ildə isə "Ümumtəhsil məktəblərində Fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2013-cü ildə pedaqogika üzrə elmlər doktoru(fizikanın tədrisi metodikası ixtisası üzrə) elmi dərəcəsini almışdır.

ADPU-da nəşr olunan "Təhsildə İKT" jurnalının məsul katibi, redaksiya heyətinin üzvü, Pedaqoji Universitetin Xəbərləri(Riyyaziyat və təbiət elmlər seriyyası üzrə) jurnalının redaksiya şurasının üzvü və Pedaqogika (pedaqogika, psixologiya elmlər üzrə elmi-nəzəri-metodik) jurnalın redaksiya şurasının üzvüdür. 2018–2020-ci illərdə Fizika fakültəsində magistr dissertasiya şurasının sədri olmuşdur.

Hazırda Fizika fakültəsinin Elmi Şurasının üzvüdür; ADPU-nun "Fizikanın tədrisi metodikası" kafedrasının professorudur; ADPU-da müdafiə Şuasının üzvü, Şura yanında FTM ixtisası üzrə elmi seminarın sədridir; Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası, pedaqogika üzrə elmi şuranın üzvüdür.

***

İnsan yaşa dolduqca, yaşın üstünə

yaş gəldikcə, dünyagörüşü zənginləşdikcə onun düşüncə tərzində ictimai həyata, ətraf mühitə, əhatəsindəki yaxın və uzaq adamlara münasibətində müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verir. Bu, görünür, insanın bir mikrokosm kimi makrokosmun müvafiq obyektiv və idarə olunmayan təsirlərinə uyğunlaşması ilə şərtlənir.

Ömrümün 70-ci onilliyini yaşadığım bir vaxtda düşünürəm ki, insanların bir-birilə rastlaşması, ünsiyyətdə olması, tanışlığı və dostluğu ALLAHIN bir qismətidir. Belə ki, bir çox hallarda məsafəcə yaxınlıqda, bir məhəllədə, hətta bir binada yaşayan insanlar heç vaxt rastlaşmırlar...

...Isa müəllimlə ilk tanışlğımız 41 il bundan əvvələ, mənim M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) pedaqogika kafedrasında laborant kimi işə başladığım 1980-ci ilə təsadüf edir. Bu müddət ərzində bizim münasibətimiz yüksələn xətt üzrə inkişaf etmiş, tanışlığımız çox səmimi dostluğa və mehrinab qardaşlığa çevrilmişdir. Müdrık ataların dost haqqında söylədikləri "Dostunu mənə göstər, sənin kim olduğunu deyim”, "Dost dosta tən gərək, tən olmasa gen gərək”, "Dostu yüksələndə tanıyarlar, enəndə qazanarlar” aforizmləri yerinə düşür. İsa müəllimin güzgüdəki əksinə baxanda özümü çox aydın şəkildə görə bilir, fəxr edir, böyük qurur duyur və məmnunluq hissi keçirirəm...

İsa müəllim ikinci Dünya müharibəsinin qurtarmasından bir az sonra , 1946-cı il mayın 26-da indi Azərbaycanın hüquqi sərhədlərindən kənarda qalan qədim yurd yerimiz Dərəçiçək mahalında, Axta rayonunun Axundov(Qayıqoca) kəndində anadan olmuşdur.

Taleyi müharibə dövrünün uşaqlarının taleyindəno qədər də fərqlənməyib. Müharibədən sonra doğulsa da, qanlı-qadalı illər onun da uşaq­lığını, çöhrəsindəki sevinc hissini oğurlayıb, sıxıntılı günlər yaşayıb. Uşaq vax­tın­dan əməyə alışıb, böyüklərin köməkçisinə çevrilib. Axundov kənd məktəbində 5 il təhsil alıb. Həmin illər dinc quruculuq illərinin baş­lan­ğıcı idi. Azərbaycanlılar tədricən itkilərlə barışıb əzab-əziyyətli günləri unut­ma­ğa çalışırdı ki, ermənilərin fitnəkarlığı nə­ti­­cəsində azərbaycanlıların Ermənistan SSR ərazisindəki ta­ri­xi etnik tor­paq­ların­dan qovulma­sının növbəti mərhələsi başlandı. Qərbi Azər­bay­canda yaşayan 400 mindən artıq azərbaycanlının xeyli hissəsi "könüllülük prin­sipinə əsasən" Azərbaycana köçürüldü. Bu proses 50-ci illərin sonu, 60-cı illərin əv­vəllərinə kimi davam etdi. İsa müəllimin ailəsi Saatlı rayonunun Xanlar kəndində məskunlaşmaq məcburiyyətində qaldı. O, 1958-1962-ci illərdə həmin kənddəki orta məktəbdə təhsilini davam etdirdi. 1962-1967-ci illərdə V.İ.Lenin adına ADPİ-nin Fizika-riyaziyyat fakültəsinin tələbəsi oldu. Bir müddət təyinatla (1967-1970 ) Saatlı rayon Severski orta məktəbində fizika-riyaziyyat müəllimi işlədi. İşləyə-işləyə ikinci ixtisas almaq məqsədilə 1967-71-ci illərdə C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Hidromelorasiya fakültəsində qiyabi təhsil aldı.

Azərbaycan ETPEİ-nin Təlimin texniki vasitələri və proqramlaşdırılmış təlim laboratoriyasında fizikanın tədrisi metodikası ixtisası üzrə əyani aspiranturaya daxil oldu. Aspiranturada təhsil aldığı illərdə (1970-1973-ci illər) Moskva Hərbi Siyasi Akademiyasının kafedra müdiri professor, general İ.İ.Tixonovun rəhbərliyi altında elmi axtarışlar aparıb. 1973-1974-cü illərdə Kalinin şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra ADPİ-də Ümumi texniki fənlər kafedrasında laborant kimi əmək fəaliyyətinə başlayıb. 1975-ci ildə prof.İ.İ.Tixonovun köməyi ilə institutun nəzdində Respublikada ilk dəfə yaradılmış "Avtomatlaşdırılmış AKKORD sinfi”ndən ibarət proqramlaşdırılmış təlim laboratoriyasının yaradıçısı və sonra da həmin labora­to­riyanınmüdiri vəzifəsində çalışıb. 1980-ci ildə "Orta məktəbdə fizika təliminin effektliyinin yüksəldilməsində texniki vasitələrdən və proqramlaşdırılmış material­lardan kompleks istifadə problemi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1983-1985-ci illərdə ADPİ-nin Fizikanın tədrisi metodikası kafedrasında müəllim, 1985-1989 - cu illərdə baş müəllim, 1989-2016-cı illərdə dosent vəzifəsində çalışıb. 2011-ci ildə ADPU-da "Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktik problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2017-ci ildən ADPU-nun Fizikanın tədrisi metodikası kafedrasının professorudur.

İsa müəllim ADPİ-də "Bilik” cəmiyyətinin məsul katibi (1978-1982), institut Metodik Şurasının katibi (1985), ADPU-nun Aspirantura, doktorantura və magistratura şöbəsinin müdiri (1997-2004), ADPU-nun Elmi Metodik Şurasının sədr müavini (2014-2018), "Testlərin keyfiyyətinə nəzarət və qəbulu” komis­siyasının sədri (2007-2016), "Fizika və texnologiya” Fakültəsinin Metodik Şurasının sədri (2016-2017) vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası üzrə ekspert şurasının üzvü (2013-2015; 2017- 2018-ci illərdə) olmuşdur.

12 dərslik, monoqrafiya, dərs vəsaitinin, 14 metodik göstəriş və tədris proqramı, 170-dən çox elmi məqalə və 20 tezisin, ümumiyyətlə 200-dən çox elmi işin müəllifidir. "Təlimin texniki vasitələri və yeni informasiya texnologiyaları, tədrisdə onlardan istifadə metodikası” 2006 (Dərs vəsaiti), "Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə üzrə işin sistemi” 2009(Monoqrafiya), "Ümumtəhsil məktəblərində fizika təliminin müasir texnologiyaları” 2012(Monoqrafiya), "Ümumtəhsil məktəblərində fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadənin nəzəri və praktik problemləri” 2013 (Monoqrafiya), "Fizikanın tədrisi metodikasının müasir problemləri” 2016(Dərs vəsaiti), "Fizikanın tədrisində yeni informasiya texnologiyalarından istifadə (laboratoriya praktikumu) dərs vəsaiti” (2017), "Fizikanın tədrisi metodikası” (2018) adlı dərslik və dərs vəsaitlərinin müəllifidir. 8 kitabın tərtibçisi, 20-yə yaxın metodik göstəriş və proqramın elmi redaktoru və rəyçisi olub. Əsərləri Bakı, Moskva, Voronej, Kursk, Novosibirsk, Almatı, Ankara, Astana, Minsk, Mahaçqala, Dərbənd şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində çap edilib.

Rəhbərliyi ilə 1 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, 1 nəfərin elmlər doktoru dissertasiyasının elmi məsləhətçisi və 2-nəfər fəlsəfə doktorluğunun elmi rəhbəridir. 1997-2003-cü illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının elmi katibi olub. ADPU-nun "Xəbərlər”, "Təhsildə İKT”, Az.TU-nun "Elmi əsərləri”, "Pedaqogika” elmi-metodik jurnalların redaksiya heyətinin üzvüdür. Elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar müxtəlif sertifikatlara, mükafat və təltiflərə layiq bilinib. ADPU-da keçirilən "İlin alimi” müsabiqəsində pedaqoji elmlər üzrə III yer (2011), I yer (2012) və II yerə (2013) layiq görülmüşdür. Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub (2012), ADPU rəhbərliyinin təşəkkürnaməsinə layiq bilinib (2016).

İsa müəllimi yaxından tanıyan, 40 ildən çox yoldaşlıq, dostluq edən bir şəxs kimi inamla deyə bilərəm ki, onun alimliyi ilə ali insani keyfiyyətləri sıx vəhdət təşkil edir. Sadəlik, səmimiyyət, insanpərvərlik, istiqanlılıq, ehtiyacı olana əl tutmaq, yoldaşlığa, dostluğa, doğmalarına sadiqlik, durğun münasibət, etibarlılıq, ailəcanlıq və digər bir sıra müsbət keyfiyyətlər İsa müəllimin ən səciyyəvi xüsusiyyətlərindəndir.

İsa müəllim sadə, mülayim, hər kəslə ünsiyyət qurmağı bacaran, yersiz mübahisələrə yol verməyən, insanlara hörmətlə və məhəbbətlə yanaşan, yaxşını yamandan, xeyri şərdən, haqqı nahaqdan, ədaləti ədalətsizlikdən, işığı zülmətdən, nəcibliyi nadanlıqdan üstün tutan, hər cür hərislikdən və acgözlükdən uzaq, yaxşı adı, təmiz varlığı hər şeydən uca tutan bir insandır. Onun nitqi şirin, fikirləri aydın, insani keyfiyyətləri yüksəkdir. İnsanlara diqqətlə qulaq asmağı bacaran, onlara fikirlərini söyləməyə imkan verən mənalı və mədəni bir insandır.

Məşhur türk yazıçısı Əziz Nesin insanın xoşbətliyini, sağlamlığını və uzun ömür sürməyini şərtləndirən amillər haqqında özünəməxsus və maraqlı fikirlər söyləmişdir: o kəslər çox yaşayırlar ki, xoş üzlər görüb və xoş sözlər eşitsinlər; o kəslər çox yaşayırlar ki, evdən işə, işdən isə evə tələssinlər. Xoşbəxtdirlər ona görə ki, həm ailələri və həm də peşələri onların ürəyincədir. Axı, ailə kimi, sevilib seçilən peşə də həyat yoldaşıdır. Çox yaşayırlar ona görə ki, sevdikləri doğma və əziz insanların əhatəsində xoş üzlər görür, xoş sözlər eşidirlər; digər tərəfdən isə çox sevdikləri əmək fəaliyyəti ilə məşğul olurlar.

İnamla deyə bilərəm ki, bu baxımdan ALLAH İsa müəllimə çox böyük xoşbəxtlik nəsib edib. Belə ki, İsa müəllim olduqca nəcib, ləyaqətli, qayğıkeş və azərbaycan qadınlarının ən dəyərli xanım-xatınlıq keyfiyyətlərini şəxsiyyətində səciyyələndirən, səriştəli həkim-pediatr Mehriban xanımın əhatəsindədir.

O, üç oğul atasıdır, övladlarının hər biri özü kimi yüksək mənəvi dəyərlərin daşıyıcısı, ali təhsilli, həyatda düzgün istiqamət seçməyi bacaran, cəmiyyətdə tutduqları mövqe, müstəqil həyat tərzi, yüksək intellektləri ilə valideynlərinə başucalığı gətirən və çoxlarına nümunə ola biləcək övladlardır.

Psixoloqlar insanın adı və xasiyyəti arasında uyğunluq olduğunu deyirlər. Eşitdiklərimə, gördüklərimə, 72 illik zəngin həyat və 46 illik elimi-pedaqoji təcrübəmə istinadən mən də o qənaətə gəlirəm ki, bu deyilənlərdə müəyyən həqiqət var. Müstəsna hallar nəzərə alınmaqla AD (Əli, Həsən, Hüseyn, Cəfər,Sadiq, Riza, Məhəmməd, İlham, Ədalət, Etibar, Əziz, Nəbi, Cəsarət, Adəm, Kamal; Fatimə, Zeynəb, Mehriban, Məhəbbət, Xanım, Zöhrə, Zərifə və s.), əsasən, özünün mənasına, məzmumuna və mahiyyətinə müvafiq olaraq hər bir insanda uyğun xasiyyət, xüsusiyyət və keyfiyyətlər formalaşdırır: igidlik, qəhrəmanlıq, incəlik, zəriflik, səmimiyyət, empatiya, insansevərlik, tolerantlıq, qayğıkeşlik və s.

Dünya ədəbiyyatının korifeyi, Şərq poeziyasının Allahı, dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün "Yeddi gözəl” poemasında bu xüsusda yazır:

Çin qızı söylədi: iki növcavan,

Başqa bir şəhərə oldular rəvan.

Gənclərin birisi Xeyir, digəri Şərdi,

Onlar adları tək işlər görərədi...

Bu baxımdan İSA, NAMAZİSMAYIL xüsusi isimlərin, məhfumların nə qədər dərin məzmuna malik olduğu, islama sitayiş edən 1,5 milyard müsəlman üçün nə qədər əziz və müqəddəs olduğu, əlahiddə ictimai və mənəvi-əxlaqi əhəmiyyət kəsb etdiyi mütləq həqiqətdir. Bu müqəddəs adlar da İsa müəllimdə məzmunlarına müvafiq ən ümdə insani keyfiyyətlər formalaşdırmışdır. Xalq arasında geniş yayılmış zərb məsəlini mövzu baxımından belə təfsir etmək yerinə düşər: İsa müəllimin ətəyində namaz qılmaq olar. Onun xəmiri xeyirxahlıqla yuğrulub. Bu sətirləri yazanda ulu Zərdüşt peyğəmbərin tarixin intellektual mülkiyyətinə çevrilmiş və əsrlərə nümunə ola biləcək bu fikri yadıma düşdü: ”İnsanın fikri də nitqi də, əməlləri də xeyirxah olmalıdır”. Böyük yaradan İsa müəllimi sanki Zərdüşt peyğəmbərin sözlərini təsdiqləmək üçün xəlq etmişdir. Bu insanın fikri də, sözləri də, əməlləri də xeyirxahlıqla yoğrulmuşdur. İsa müəllim kimi yüksək amallı insanlar Yer üzündə yaşayan sadəcə fərd olmayıb, millətinin fəxri, onun düşünən beyni, güclü potensial qüvvələrindən biri, başqa sözlə, yüksək dəyərlərə malik sərvətimizdir. Biz İsa müəllim kimi insanların qədrini bilməli, onların şəxsiyyətini uca tutmalı, onlara sayğı və məhəbbətlə yanaşmağı özümüzünmənəvi borcu hesab etməliyik.

Dostum və böyük qardaşım, pedaqogika üzrə elmlər doktoru, professor İsa Namaz oğlu İsmayılovun bu il mayın 26-da 75 yaşı, pedaqoji fəaliyyətinin isə 54 illiyi tamam olur. Bioloji baxımdanbu rəqəm heç də kiçik zaman kəsiyi deyil. Lakin unutmayaq ki, insan ömrünün mənası yaşanmış illərin sayı ilə deyil, bu illərin necə yaşanması, hansı amallara, hansı istəklərəhəsr olunması ilə müəyyən olunur. Əgər biz İsa müəllimin ömrünə bu nöqteyi nəzərdən yanaşsaq, inamla deyə bilərik ki, o, çox mənalı və zəngin bir həyat yaşamışdır. Bu həyat bütünlüklə elmə, təhsilə, Vətən övladlarının təlim və tərbiyəsinə, onların mənəvi həyatının cövhəri sayılan biliklırinin inkişafına və zənginləşməsinə həsr olunmuşdur. Deyirlər ki, iki peşə insanlara ilahidən bəxş edilib - müəllimlik və həkimlik peşəsi. Müəllim insan ruhunun keşikçisi, bilik adlanan ecazkar qüvvənin təmsilçisi və təbliğatçısıdır. Böyüyən nəsillərin formalaşdırılması və inkişafında əvəzsiz rol oynayan yaxşı müəllimlər heç zaman unudulmurlar. Yaxşı müəllim, hər şeydən əvvəl, gözəl insan, əvəzsiz tərbiyəçidir. İctimai-iqtisadi quruluşundan asılı olmayaraq cəmiyyətimizin bütün inkişaf mərhələlərində xalqımızın müəllimə həmişə böyükrəğbəti olmuş, bütün qapılar onun üzünə açıq olmuşdur.

Özümə doğmadan-doğma sandığım böyük qardaşım, pedaqoji elmlər doktoru, professor İsa İsmayılovu, tanınmış alimi, gözəl pedaqoqu, fədakar insanı, özünün saf duyğuları, pak və təmiz qəlbi ilə böyüyən nəsillərə ibrətamiz nümunə olan bir varlığı, elimizi, xalqımızı, torpağımızı ürəkdən sevən Vətən övladını 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sağlam həyat tərzi, qəlbən, ruhən yaxınlarının əhatəsində xoş günlər və nəcib elmi-pedaqoji fəaliyyətində davamlı uğurlar arzulayıram.

ALLAH İSA MÜƏLLİMƏ YAR OLSUN!

HEYDƏR CƏFƏROV

pedaqogika üzrə fəlsəfə doktoru, dosen