Vaqif Səmədoğlunun xatirəsi yad edilib - Gənclər Kitabxanası

 13:07 07.06.2021     287

5 iyun böyük Azərbaycan şairi Vaqif Səmədoğlunun doğum günü idi.

Redaktor.az xəbər verir ki, yaşasaydı 82 yaşını qeyd edecekdi çağdaş Azərbaycan ədəbiyyatının ən parlaq sımalarından biri. Vaqif Səmədoğlu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi idi. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edirdi. Səmədoğlu yaradıcılığında həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrini özünəməxsus üslubda oxucuya, dinləyiciyə çatdırmaq istedadına malik bir şair idi. Vaqif Səmədoğlu teatr və kino üçün yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi olub.

Respublika Gənclər Kitabxanası Azərbaycan Respublikasının ali təltifləri olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülmüş şairimizin  əziz xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb. Videoçarxda Vaqif Səmədoğlunun həyat və yaradıcılığı haqqında məlumat verilib, müəllifi olduğu kitablardan nümunələr nümayiş olunub.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videoçarxda Vaqif Səmədoğonun sağlığında qonaq olduğu televiziya verilişlərində verdiyi müsahibələrdən parçalar təqdim olunub.

Video materialda  görkəmli ədibin öz səsi ilə həyat, azadlıq, xoşbəxtlik anlayışlarına verdiyi təriflər, atası Səməd Vurğun haqqında söylədiyi xatirələr izləyicilərə təqdim olunub. Videoçarxda Vaqif Səmədoğlunun şəxsi ailə fotoalbomundan görüntülər nümayiş etdirilmiş və xalq artisti Fəxrəddin Manafovun ifasında şairin müəllifi olduğu şeir parçası da səsləndirilib.

Ümumilikdə videoçarx sevimli şairin canlı görüntüləri və səs yazıları ilə zəngindir və bu da öz növbəsində video çarxa xüsusi gözəllik bəxş edir.