Sabir Rüstəmxanlının 75 illik yubileyi ilə bağlı silsilə materiallar - Gənclər Kitabxanası

 14:29 09.06.2021     307

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, ürəyi Vətən sevdalı, Sabir Rüstəmxanlının bu il 75 yaşı tamam olur.

Redaktor.az xəbər verir ki, ölkəmizin ictimai-siyasi həyatında və ədəbi fikir tarixində uzunmüddətli səmərəli fəaliyyəti və 75 illik yubileyi münasibətilə Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

"Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai fədailəri", "Sunami”, “Əbədi sevda”, “Dərdə əyilmə”, “Şair və Şər”, “Akademikin son əsəri”,  “Astar”  romanlarının müəllifi Sabir Rüstəmxanlının  yaradıcılığı başdan- ayağa vətənə həsr olunub desək yanılmarıq. Təəccüblü deyil ki, 44 günlük Vətən savaşı haqqında ilk poemanı yazan xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında milli ruhun və yüksək vətəndaşlıq mövqeyinin böyük ədəbiyyatını yaratmış görkəmli sənətkarlardan biri kimi qəbul olunur.

Gənc nəslin mənəvi tərbiyə işində daim yaxından iştirak edən Respublika Gənclər Kitabxanası vətənpərvərlik ideyalarının carçısı olan şairin çoxşaxəli fəaliyyəti və çoxjanrlı yaradıcılığı haqqında ədəbiyyatı istifadəçilərə çatdırmaq məqsədilə silsilə xarakterli materiallar hazırlayıb.

Belə ki, şairin yubileyi münasibətilə “Xalqın səsinə çevrilən misralar” adlı biblioqrafik vəsait, “Dünənlə sabahın şairi” başlığı altında tammətinli kitabların virtual sərgisini tərtib edilib.

Biblioqrafik vəsaitdə S.Rüstəmxanlı haqqında rəsmi sənədlər, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, müəllifin kitabları və məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və ön söz yazdığı kitablar, özü və yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı ilə verilmişdir. Vəsaitdə qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93  Azərbaycan, 10 türk, 7 rus dilində, 2 kitab rus dilində Türkiyə kitabxanasında olan),  70-i isə dövri mətbuatda çıxan məqalələrdir.

“Dünənlə sabahın şairi” adlı virtual sərgidə isə müəllifin əsərləri və haqqında yazılmış 40 nüsxə tammətnli kitabların biblioqrafik təsviri və kitabların məzmununu açan annotasiyalar, sitatlar, şəkillər və həmin kitabların yerləşdirildiyi saytların linkləri qeyd olunub. Hər iki vəsait kitabxananın saytında, sosial şəbəkə səhifələrində yerləşdirilib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi və çoxsaylı oxucuları adından sevimli şairimizə sabaha açılan yollarının daha işıqlı və nurlu olmasını, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Sözügedən materiallar aşağıdakı linklərdə təqdim olunur.

https://www.instagram.com/tv/CPunSfqhtmW/

http://ryl.az/files/S.R.biblioqrafiya.pdf