Dərdin qan rəngi və ya sözün bitdiyi məqam

 09:24 10.06.2021     625

Bu yaxınlarda tanınmış repressiyaşünas alim, filologiya elmləri dok­toru, professor, AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri Cəlal Qasımovun “Xalid Səid Xocayev” monoqrafiyası çapdan çıxmışdır. Kitab haqqında filologiya üzrə fəsəfə doktoru, AMEA Folklor İnstitutu “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi Tahir Orucovun yazdığı resenziyanı Sizə təqdim edirik.

“Qaranlıq-işığın yoxluğudur. “(Əbu Turxan)

 (Cəlal Qasımov. Xalid Səid Xocayev. Bakı, Şirvannəşr, 2021, 320 səh.)

Xalqının, millətinin, millət övladlarının dərd yükünü çiyinlərinə götürən, onun dərd-sərini öz daxilində əzab çəkə-çəkə gəzdirən insanlar- istər elm adamı olsun, istər şair, istərsə də yazıçı, fərqi yoxdur, çox həssas, incəqəlbli və ən əsas da millətini, xalqını özləri qədər sevən insanlar olurlar. Onlar millətin, xalqın milli varlığına, onun mentalitetinə, milli-mənəvi dəyərlərinə toxunan ən incə mətləbləri belə başqalarından daha tez anlayır, vaxtında bunun qarşısını almağa çalışırlar. Lakin bəzən onlar nə qədər çalısasalar da, buna nail ola bilmir, bəzənsə əksinə, kəsərli sözləri, dəyərli məqalə, monoqrafiya və kitabları ilə çoxlarının arzuladığı, lakin edə bilmədiklərini həyata keçirə bilirlər. Bununla da onlar, xalqının, millətinin dərdinə şərik çıxır, onun həllinə çalışırlar. Vətənini daim azad, müstəqil, xalqını isə bəxtəvər, xoşbəxt görmək istəyən belə millət, el fədailəri, yurd təəssübkeşləri bəzən qəlblərini oyan, onları rahat buraxmayan xalqın və vətəninin dərdlərini səssizcə içində çəkib, bəzən qızmış lava kimi püskürüb, bəzən də öz-özləri ilə elə bil ki, sanki dərdləşiblər. Nəyi haraya qədər, hansı mərhələyə, hansı səddə qədər etdiklərinin fərqinə varmağa çalışıblar... Bəlkə etdikləti yetərli deyil, bəlkə bundan da da artığını etmək mümkündür, bəlkə elə bundan çoxunu etmək heç mümkün də deyilmiş... Bəlkə... Bəlkə... Əslinə baxanda, çağdaş dünyamızda belə düşünən və əməlləri ilə bunu həyata keçirən adamların sayı çox deyil. Bir də ki, belə insanların çəkdikləri dərd fərdi, lokal dərd yox, qlobal, ümumbəşəri dərdir axı!.. Dərd də ki, elə dərddir, rəngi qan rəngində olan dərd... Nə fərqi var ki, dərdi, kədəri zalım, qəqqar, iblisəbənzər insanlar yaradıb, ya da faciələr, fəlakətlər, qara günlər, amansız və vaxtsız ölümlər, ya da başqa-başqa səbəblər yaradıb... Ancaq hansı tərəfdən baxırıqsa, baxaq, nəticə birdir: bu dərdi çəkənlərin qəlbləri para-para olub, ürəkləri oyulub, fikirləri, düşüncələri pərən-pərən düşüb, olmazın mənəvi dərdlərini və əzablarını çəkiblər. Amma onlar sonda özlərini ələ ala bilib, öz üzərlərinə düşən həyat missiyalarını davam etdiriblər.

Tanınmış elm xadimi, filologiya elmləri doktoru, professor  Cəlal Qasımov da zaman-zaman xalqının, millətinin, qan rəngli dərdlərindən daim kədərlənib, duyğulanıb və nəticədə qələmə sarılıb. Ona görə də C.Qasımov bu dərdləri, ağrıları araşdırıb tədqiq etməklə, sanki bir növ yüngülləşməyə, mənən sakitləşməyə çalışıb.  O, üstündən neçə illər ötsə də, udulması mümkün olmayan 1920-1950-ci illər Sovet repressiyası illərində on minlərlə repressiya qurbanlarının-Azərbaycan türklərinin faciəli, ürəklərə dağ çəkən faciəli həyatı barədə onlarla kitab yazıb. Azərbaycan tarixinin ən qara, ən faciəli səhifələrindən olan repressiya illəri qədər dəhşətli, müdhiş və qanlı  dövr təsəvvür etmək, bəlkə də çətindir. Çünki bu dövr bir millətin ən dəyərli, intellektual, ziyalı təbəqəsinin köklü məhvinə hesablan-mışdı. O illər Azərbaycanda qətlə yetirilən insanlarla bağlı xüsusi plan hazırlan-mışdı ki, o plana görə 3 ayda 1500 nəfərin güllələnməsi nəzərdə tutulurdu... Ölüm və cəza maşını fasiləsiz işləyirdi. Hər bir “xalq düşməni”nə “məhkəmə” zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı. Bu hesabla 1937-1938-ci illərdə  bir saatda 4 adamın  güllələnməyə  məhkum edildiyini və beləliklə, nə qədər  zəka sahiblərinin – azərbaycanlıların güllələndiyini  hesablamaq heç də çətin deyil...

Bütün bunlar - dərddən ürəyin partlamaq səviyyəsinə çatması, qəlbin para-para olması, nitqin quruması... isə sözün bitdiyi məqamlar idi...  Cəlal Qasımov bütün insanların qəlbinə yara vuran, minlərlə ailəni dağıdan, bütöv bir xalqın üzərinə müsibətlər ələyən o illərin əbədi tədqiqatçılarından biri, bəlkə də birincisidir. C. Qasımov o  müdhiş repressiya illərini və qurbanlarını ürək ağrısı ilə, məqalələrə, kitablara çevirib xalqa çatdıra bilib. Cəlal Qasımov zaman-zaman başına olmazın bəlaları gətirilən qədim bir xalqın qan yaddaşını təzələmək məramı ilə əlindən gələn bütün vasitələrdən istifadə edib: günlərinin çoxunu arxivlərdə keçirib, oradakı, demək olar ki, hər bir qovluğa nəzər salıb, müxtəlif yerlərə ezamiyyətlərdə olub, bu yolda nələr mümkünsə, onları da edib. Görünür, bu səbəblərdən kitabın elmi redaktoru və ön sözün müəllifi, AMEA-nm vitse-prezidenti, Millət vəkili akademik, İsa Həbibbəyli Cəlal Qasımovun bu kitabına yazdığı “Ön söz”də  Cəlal Qasımovu “Repressiya və ədəbiyyat mövzusunun Qulam Məmmədlisi” adlandırıb. Akademik İsa Həbibbəyli Cəlal Qasımovun “Xalid Səid Xocayev” kitabına yazdığı “Ön söz”də yazır: ”Sovet hakimiyyətinin böyük bir dövrü ərzində repressiya və ədəbiyyat məsələsi “tamamilə məxfidir” qrifi ilə qadağan edilmiş mövzu olmuşdur.... Bu gün tanınmış repressiyaşünas alim, filologiya elmləri dok­toru, professor Cəlal Qasımov uzun illər ərzində qəti qadağan olunmuş bu mühüm problemin araşdırılması istiqamətində ilk addımlarını atmışdır. “Ədəbi məhkəmələr”in tədqiq edilməsi ilə ədəbiyyatşünaslıq fəaliyyətinə baş­layan Cəlal Qasımov ardıcıl olaraq Azərbaycan ədəbiyyatının repressiya qurbanı olmuş tanınmış simalarının “açılmamış arxiv­lərinin” qapısını döymüş, az qala “əl vurma, öldürər” vahiməsinə çevrilmiş qovluqların qatlarını açmağa nail olmuşdur. Arxivlərdə Cəlal Qasımovun girmədiyi fond, açmadığı qovluq qalmamışdır. Beləliklə, Azərbaycan ədəbiyyatşü-naslıq elmində xüsusi olaraq repressiyaşünaslıq elmi istiqamətinin yaradılmasına başlanılmış­dır. Heç tərəddüd etmədən qətiyyətlə demək olar ki, filologiya elmləri doktoru, professor Cəlal Qasımov Azərbaycan humanitar elmləri sahəsində repressiyaşünaslıq elmi istiqamətinin əsas yara­dıcılarından biridir.”

Mən Cəlal Qasımovun - tanınmış  tədqiqatçı və repressiyaşünas alimin  repres-siya qurbanlarının faciəli taleləri haqqında  tədqiqatlarını, o cümlədən ”Əsrin qiya-mət çağı”(1997), “Yaddaşın repressiyası”(1997), “Repressiyadan deportasiyaya doğru”(1998), “Bitməmiş istintaq" (1997), “Yaddaşın bərpası" (1999), “Məhbus tərcümeyi-halı” (2003), “Abdulla Sur və əsərləri" (1997), “Cavidi məhbəsə aparan yol" (2007), “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” (2011), “Ədəbi məhkəmələr" (2012), “Bolşevik qurşununun qurbanları" (2015), “Azərbaycan folklorşünasları (1920-1950)", (2015), “Vəli Xuluflu" (2016) və s. kitablarını oxumuşam. Hər kitabı oxuyanda mənə elə gəlib ki, 1937-1938-ci illərin müdhiş repressiyaları haqqında bunlardan daha artıq nəsə yazmaq müəllif  üçün çətin olacaq. Çünki Cəlal Qasımov bu kitablarında, eləcə də bu mövzuda yazdığı digər məqalələrində  ədəbiyyatımızda siyasi repressiya, onun əsas mahiyyəti və  repressiya qurbanları haqqında ədəbi ictimaiyyətə  ilk dəfə olaraq,  o  qədər  yeni, o qədər ilkinc  və o vaxta qədər geniş oxucu kütləsinə məlum olmayan o qədər  qiymətli məlumatlar, əvəzsiz bilgilər vermişdi ki, müəllifin  bunlardan  daha artığını  yazmasını düşünmək belə sanki mümkünsüz  görünürdü.

Ancaq bu yaxınlarda professor Cəlal Qasımovun AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunan  “Xalid Səid Xocayev” kitabını oxuyanda əmin oldum ki, Cəlal müəllim bu mövzudan hələ çox-çox kitablar, monoqrafiyalar və məqalələr yazacaq. Bu qənaətə gəldim ki, Cəlal Qasımovda ömür  yolları  çox  əzablı  və keşməkeşli  olan, faciəli talelər  yaşayan  repressiya qurbanları haqqında hələ deyiləsi və yazılası çox fikirlər, ədəbi ictimaiyyətə və oxuculara çatdırılası hələ nə qədər yeni faktlar və  qiymətli materiallar var...

Müəllifin yenicə çapdan çıxan “Xalid Səid Xocayev” kitabında tanınmış türkoloq alim  Xalid Səid Xocayevin həyatı və yaradıcılığı arxiv materialları əsasında tədqiq edilmişdir. Kitabda  daha çox X.S.Xocayevin Birinci Türkoloji Qurultayın keçirilməsi istiqamətində gördüyü işləri qabarıq şəkil­də verilmişdir. Cəlal Qasımov “Xalid Səid Xocayev”adlı monoqrafiyasında həmçinin X. S. Xocayevin tərcümələri, elmi-publisistik əsərləri və onların tale­yi barədə oxuculara geniş məlumat verir.

C.Qasımovun “Xalid Səid Xocayev” kitabı  yuxarıda qeyd etdiyimiz kimi, kitabın elmi redaktoru, AMEA-nm vitse-prezidenti, Millət vəkili akademik, İsa Həbibbəylinin  “Ön sözü” ilə açılır. “ Ön söz”də  İsa Həbibbəyli Cəlal Qasımovun geniş, fədakar və səmərəli elmi fəaliyyətindən söhbət açır. “Ön söz”dən başqa “Xalid Səid Xocayev” kitabında “Giriş”, 4 fəsil və “Nəticə” də verilmidir. Müəllif kitabın fəsillərini belə adlandırmışdır:

1.Xalid Səid Xocayevin həyatı və mühit.

2. Xalid Səid Xocayevin elmi-publisistik yaradıcılığı və Birinci Türkoloji Qurultaydakı fəaliyyəti.

3. Xalid Səid Xocayevin tərcümə yaradıcılığı: “Divanü lüğat-it-türk”.

4. Dünəni sabaha daşıyan karvan.

Birinci fəsildə Cəlal Qasımov  Xalid Səid Xocayevin həyatı haqqında məlumat verir. Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd dairəsinin Koş- kurqan kəndində, ruhani ailəsində anadan olmuşdur. O, əslən özbəkdir. İlk təhsilini mədrəsədə aldıqdan sonra İstanbul Universitetini bitirib və oradan qayıtdıqdan sonra SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. Dilçiliyimizdə üslubiyyata, müqayisəli qrammatikaya, dil tarixinə dair ilk dərslik-lərin müəlliflərindəndir. Sağlığında "Türk dillərinin müqayisəli qrammatikası" (Bakı, 1926), "Müxtəlif üslubiyyat" (Bakı 1934) kimi əsərləri nəşr olunub.

1937-ci il iyunun 3-də X.S.Xocayev həbs edilir. Həmin ilin oktyabrın 12-də son iclasda X.S.Xocayev Azərbaycan SSR CM-nin 68-ci maddəsi üzrə "əksinqilabi pantürkist təşkilatın üzvü kimi həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs" damğası ilə ittiham olunaraq güllələnməyə məhkum olunub. 1937-ci ildə Xalid Səid Xocayev həbs olunduqdan sonra Mahmud Kaşğari divanının 1500 səhifəlik əlyazması NKVD tərəfindən müsadirə olunub və bu günə kimi də həmin əlyazmanın taleyi qaranlıq qalır.

1954-cü ilin dekabrında S.R.Xocayeva həyat yoldaşı X.S.Xocayevin işinə yenidən baxılmasını xahiş edib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərarına görə 1937-ci il oktyabrın 12-də çıxarılan hökm ləğv olunub və cinayət tərkibi olmadığına görə işə xitam verilib.

1920-1950-ci illər Azərbaycan ziyalılarının mənəvi sarsıntı və stress illəri idi. Yeni cəmiyyətin qarşısına qoyduğu məqsədlərdən biri də yeni ziyalı nəsli yetişdir-mək  və onları öz  ideyalarının  daşıyıcısına  çevirmək idi. Bu, yeni ziyalı nəsli demokratik yox, diktator rejiminin ağrılarını yaşaya-yaşaya yetişirdi. Sosializm qəlibinə sığmayanlar, xalqın,  millətin tarixini, mədəniyyətini, adət-ənənəsini yaşadanlar və yaradıcılıqlarında irslə varis, dünənlə bu gün arasına körpü atanlar Stalinin və onun əyalətdəki qullarının qəzəbinə düçar olurdular. İrtica və istibdad prosesi iki yolla –dövri mətbuatda, yığıncaqda, plenum və qurultaylarda ifşa və təhlükəsizlik orqanlarının təcridxanalarında ittihamla həyata keçirilirdi. 

Sovet imperiyasının törətdiyi bu repressiyalar isə Azərbaycan xalqının  gen yaddaşında qanla yazılmış ən müdhiş və ən qanlı hadisələrdəndir. Xalq əleyhinə, xüsusilə xalqın ziyalı təbəqəsinin əleyhinə çevrilən cəza tədbirləri  bu illərdə daha da amansızlaşdı. XDİK-in (NKVD) rəhbərliyində olan və əsasən ermənilərdən ibarət  quldur dəstəsinin: Sumbatovun, Borşovun, Gerasimovun, Qriqoryanın, Markaryanın, Qalstyanın, Avanesyanın, Sinmanin, Atakişiyevin əli ilə, təxminən, 50 mindən çox Azərbaycan ziyalısı – alim, şair, yazıçı, artist, müəllim, din xadimi, Sovet və partiya idarələrinin milli ruhu daşıyan əməkdaşları, hərbçilər–bir sözlə, bütün düşünən beyinlər, qeyri-adi təfəkkür sahibləri, o cümlədən Xalid Səid Xocayev də görünməmiş bir qəddarlıqla  məhv edildi. Bu, xalq üçün ağır bir dərd, fəlakət idi. Dərdin isə yalnız və yalnız bir üzü və bir rəngi vardı-qan rəngi...

Bolşeviklərə görə,  repressiya vasitəsilə bir sıra “nailiyyətlər”in əldə edəcəklərinə ümid edirdilər:

1) Onların fikrincə, repressiya hər hansı  bir xalqın gen dəyişikliyinə olduqca ciddi və geniş şəkildə təsir edə bilər.

2) Cəmiyyətin “düşünən beyinləri”ni aradan götürməklə bolşeviklər düşünürdülər ki, xalqın siyasi, mədəni, elitar dünyagörüşünü zəiflətmək və beləliklə, onu diz çökdürmək  mümkün olacaq.

3) Bolşeviklərin qənaətinə görə, bütün bunların nəticəsində xalq siyasi, mədəni səviyyəcə geriyə  atılmış istənilən bir xalqı müstəmləkə və əsarət altında saxlamaq daha asandır.

Bu səbəblərdən də sovet totalitarizmi Azərbaycanın müstəqil dövlətçilik ənənələrini məhv etmək üçün xalq arasına parçalanma və düşmənçilik salmaq istəyirdi. Bununla da onlar əhalinin müxtəlif təbəqələrini bir-biri ilə üzbəüz qoymağa, ilk növbədə isə, xalqın düşünən  beyinlərini  aradan  götürməyə, bununla da  xalqın  milli-mənəvi dəyərlərinə ağır zərbə endirməklə onu daim əsarət altında  saxlamağa çalışırdılar.

Sovetlər dönəmində türk xalqlarının ədəbiyyatı və dili bü­töv və sistemli şəkildə araşdırılmamışdır. Araşdırılanlar isə marksist-leninçi müstəvidən, sosializm realizm prinsiplərin­dən kənara çıxmamışdır. Hətta keçən əsrin əvvəllərində Ab­dulla Sur, Əmin Abid, Bəkir Çobanzadə, İsmayıl Hikmət, Firudin bəy Köçərli və başqa tədqiqatçılar türk dili və ya türk ədəbiyyatı dedikdə, türk xalqlarının dilini və ədəbiyya­tını, mədəniyyətini nəzərdə tutsalar da, tədqiqatlarını bu istiqamətdə aparsalar da, 1930-cu illər­dən sonra buna imkan verilməmişdir.

C. Qasımov yazır: “X.S.Xocayev 1926-cı ildə Bakıda keçirilən Birinci Bakı Türkoloji Qurultayının da fəal iştirakçılarından olur. O, Birinci Türkoloji Qurultayın nümayəndələri ilə görüşlər keçirir, yeni əlifbanın qəbul edilməsi istiqamətində yorulmaz təbliğatçılar­dan birinə çevrilir.

Xalid Səid Xocayevin əsasən türkologiya sahəsindəki elmi fəaliyyəti onu «əksinqilabi pantürkist-millətçi təşkilatın üzvü kimi» 1920-ci illərin sonu və 30-cu illərin əvvəllərindən etiba­rən sovet təhlükəsizlik orqanlarının diqqət mərkəzinə salmış­dır. Dövri mətbuatda nəşr olunan sifarişli yazılar və Azərbay­canın «pantürkist» ziyalıları ilə birgə ittihamlar onu qəzet səhi­fəsindən məhbəsə gətirib çıxarır... Turançılığa aparan yol isə bolşevik məhbəsindən keçirdi.”

Sovet totalitar rejimi Azərbaycanda möhkəmlənmək cəhdini həyata keçirmək üçün və özü istəyən səviyyədə öz hakimiyyətini reallaşdırmaqdan ötrü təbii ki, müəyyən tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlərin ən mühümü 1937-1938-ci illər repressiyaları idi.

Bu baxımdan Professor  Cəlal Qasımovun “Xalid Səid Xocayev” kitabının əsas  ideyası, başlıca qayəsi milli-mənəvi  dəyərlərimizin  sovet  totalitarizmi  dövründəki  fəaliyyət göstərən və faciəli tale yaşayan ziyalılarımızdan birinin- Xalid Səid Xocayevin həyatı timsalında qan donduran Stalin repressiyalarını  olduğu kimi oxuculara çatdırmaqıdır. Müəllif yazır: ”İmperiya yaxşı dərk edirdi ki, mənəvi dirilik sakitliyi sevmir, o, kükrəməyi, püskürməyi, ayıq və oyaq qalmağı sevir. Sabitlik yaratmaq üçün diriliyi –müstəqil düşünməyi, milli əxlaqı məhv etmək lazım idi.” Beləliklə, Cəlal Qasımovun  gəldiyi  qənaətə  görə bolşeviklərin Azərbaycan xalqı üzərində apardıqları eksperimentlərin əsas hədəfi onu bir xalq, dövlət, ümumiyyətlə, etnos kimi yaşadan, mövcudluğunu şərtləndirən etnik-milli mexanizmlərdən məhrum etmək idi. Bolşeviklərin apardıqları bu siyasət isə aydın, düşünülmüş bir sistemə əsaslanırdı. Belə ki, xalqın milli özünəməxsusluğunu şərtləndirən genetik kod əvvəlcə milli-mənəvi dəyərlər səviyyəsində, sonra isə mili şəxsiyyətlr səviyyəsində məhv edilirdi. Bolşeviklərin Azərbaycan xalqı üzərində apardıqları bu eksperimentlər isə son dərəcə qanlı, amansız və hiyləgər  üsullarla aparılırdı.

Həqiqətən də, həmin illərdə Azərbaycan ziyalı kontingenti ən mərd fərdlərini, Azərbaycan elmi isə yüzlərlə alimini, o cümlədən Xalid Səid Xocayevi itirdi. Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində  böyük fəlakətlər, faciələr  yaşandı.  Biz hələ də o illərdə günahsız yerə güllələnən ziyalılarımızın heç də hamısının harda dəfn olunduğunu bilmirik. 

Ümmummilli lider, mərhum prezident   Heydər Əliyev də Sovet totalitarizminin törətdiyi 1937-1938-ci  illər repressiyalarına öz münasibətini belə ifadə etmişdir: ”1937-1938-ci illərin repressiyaları Azərbaycan elminə və mədəniyyətinə böyük zərbələr vurdu. Repressiya illərində 50 mindən artıq adam güllələnmiş, 100 mindən çox insan Sibir və Qazaxıstana sürgün edilmişdi. Hüseyn Cavid, Mikayıl  Müşfiq,  Tağı  Şahbazi, Salman  Mümtaz kimi böyük şəxsiyyətlər məhv edilmişdi.”

Təbiidir ki, repressiya,  ilk növbədə, alimlərin, aydınların başında çatlamalıydı. Azərbaycan ruhunu özündə  yaşadan bu şəxsiyyətlərin amalı və çəkdikləri hər bir əzab-əziyyət  millət üçün, xalq üçün olub. Onlar Azərbaycana gələn fəlakətlərin qabağına çıxan fədakar, əsl milli ruhlu  insanlar idilər. 1937-1938-ci illərdə məhv edilən insanların böyük əksəriyyəti vətənpərvər, millətçi şəxslər idi.

Repressiya illərində hədəfə alınan şəxslər, əsasən,  günahsız  insanlar idi. Sadəcə, onların düşüncəsi  sovet  standartlarına  uyğun gəlmirdi. Əslində, repressiyaların kökündə də əsas etibarilə “zamanın nəbzini tuta bilməmək” dayanırdı. C. Qasımov “Xalid Səid Xocayev” monoqrafiyasında o dövrdə baş verənlərə bu günün prizmasından obyektiv şəkildə baxa bilmiş və nəticədə Xalid Səid Xocayevin həyatının, demək olar ki, bütün dövrlərini təsirli səhnələrlə, yaddaqalan epizodlarla təsvir edə bilmişdir. C. Qasımov yazır: “Xalid Səid Xocayev türk milli kimliyini qələmlə formalaşdıran və bu mü­qəddəs yolda şəhidlik zirvəsinə ucalan milli ziyalılarımızdan olmuşdur”.

“Xalid Səid Xocayev”  monoqrafiyası hərtərəfli təhlil və qiymətli elmi nəticələrlə, dəqiq ümumiləşdirmələrlə zəngin olan dəyərli bir əsərdir.  Monoqrafiyanın  dili oxunaqlı, orada istifadə edilən ədəbiyyatlar, istinadlar, dövrü mətbuat, arxiv materialları kifayət qədər çox olub, görülən işin həcmini, geniş əhatə dairəsini, əsas tədqiqat obyektlərini  təsəvvür etməkdə  oxucularda və  bu sahə ilə məşğul olan tədqiqatçılarda ətraflı təəssurat yarada bilir. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki,  Cəlal Qasımovun “Xalid Səid Xocayev”  monoqrafiyası son illər ədəbiyyatımızda repressiya qurbanları mövzusunda yazılan əsərlər içərisində  özünəməxsus bir yer  tutur.

C.Qasımov insanlığı ilə alimliyi ilə bir-birini tamamlayan, mənəviyyatını bir sıra aşınmalardan qoruyub saxlamağı bacaran nadir, eyni zamanda xoşbəxt elm xadimlərimizdəndir. Bu cəhətdən C. Qasımovun bir şəxsiyyət kimi xoşbəxtliyinin mayasında isə onun milliliyi, vətənsevərliyi, müqəddəs bildiyi dəyərlər, bəşəri duyğular və onun hər insanda olmayan zəhmətkeşliyi dayanır.

Ona görə də Cəlal Qasımov hər zaman elmi içtimaiyyətin və xalqının diqqət mərkəzində olmuş, böyük hörmət qazanmmışdır. Düşünürəm ki, bu sahəyə ötən əsrin 90-cı illərdə-ömrünün qırxıncı baharında  gələn və hazırda  ömrünün kamillik zirvəsində olan Cəlal Qasımov bundan sonra da mənəvi dəyəri böyük olan belə dəyərli əsərlərlə oxucuların görüşünə gələcəkdir. 

Tahir Orucov

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi                                                                                       

2