Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada sərgilər açılıb - FOTO

 22:25 30.08.2021     119

Vaqif Poeziya Günləri çərçivəsində avqustun 30-də Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilərin açılışı olub.

"Report" xəbər verir ki, hər üç sərgidə nümayiş olunan qiymətli sənət nümunələri dünənlə bu günün vəhdətini yaratmaqla yanaşı, xalqımızın bənzərsiz sənətkarlıq xüsusiyyətlərini nümayiş etdirirdi. Burda nümayiş olunan hər fotoşəkil, hər rəsm əsəri, hər xalı nümunəsi təkcə dünən deyildi, həm də sabaha ünvanlanmış bir ismarış idi. Bu əsərlər tariximizin bir parçası olmaq şansını qazanmış sənət inciləri olmaqla yanaşı, onu yaradan sənətkarların timsalında xalqımızın nəyə qadir olduğunu, istedadını göstərir. Bəlkə də elə bu səbəbdən idi ki, hər bir iştirakçı bu sənət nümunələrinə baxmaqdan doymurdu, təkrar-təkrar baxaraq hər rəngdə, hər ilmədə nələrisə duymağa, nələrisə kəşf etməyə çalışırdı. Axı rənglər də bir yaddaşdır, silinməyən, solmayan, unudulmayan bir yaddaş. Bu sərgilər bizə bizim yaddaşımızdan, kimliyimizdən, hansı xüsusiyyətlər və nələrə sahib olmağımızdan xəbər verirdi.

Qonaqların ilk tanış olduğu sərgi “Yaddaş. Fotoqrafik tarix” adlanırdı. Vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası olan və ölkə əhəmiyyətli memarlıq abidəsi sırasında olan binada Yaradıcılıq Mərkəzi yaradılıb. Hazırda Yaradıcılıq Mərkəzində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Yaddaş. Fotoqrafik tarix” sərgisi nümayiş olunur. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrinə qarşı vandalizm həyata keçirmiş, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilmiş, bir sıra rayon və şəhərlər yerlə-yeksan edilmişdir.

“Yaddaş. Fotoqrafik tarix”

Ziyarətçilərə məlumat verildi ki, fotosərgidə çinar meşələri ilə məşhur olmuş Zəngilan rayonunun təbiət mənzərələrini, Qafqazın sənət məbədi olan Şuşa şəhərinin tarixi məscidi, məqbərə, bulaq və abidələrini, Qubadlı rayonunun tarixi körpü və ibadətgahlarını, Kəlbəcərin mənzərələrini, İstisu mineral bulağını, Xocavənd rayonunun maddi-mədəniyyət nümunələrini, Cəbrayıl rayonunun Xudafərin körpüsü və tarixi abidələrini, eləcə də Qarabağın digər mənzərələrini əks etdirən eksponatlar yer alıb.

Bununla yanaşı, sərgidə tanınmış fotoqraf Yakov Xalipin 1937-ci ildə Şuşa şəhərinə, Daşaltı kəndinə, Turşsu qəsəbəsinə səfəri zamanı çəkilmiş müxtəlif arxiv fotolar da nümayiş olunur. Sərgidə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, dağıntılara dair fotolar yer alıb.

Sərgi zalında təqdim olunan videoçarx da izləyicilərə rayon və şəhərlərimizin işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini çatdırırdı. Eyni zamanda, Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhalimizə qarşı törədilmiş cinayətləri əks etdirən fotolar nümayiş olunurdu.

“Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir”

Şuşada yaradılan Rəsm Qalereyasında isə “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” sərgisi təqdim edildi. Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. İşğal dövründə talan olunmuş muzeylərdə Azərbaycana məxsus tarix və mədəniyyətin qiymətli nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olmuşdur. Sözügedən məhv edilmiş xəzinələr təkcə Azərbaycanın deyil, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri bizi sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahət etdirirdi. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünya görüşünə böyük təsir etmişdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib.

60-dan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.

Bu sənət incilərinə baxanlar sırasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli də vardı. O, bu unikal sənət incilərinin tariximizin ayrılmaz bir parçası olduğunu vurğulayıb, qısa bir zamanda Şuşada təşkil olunan belə tədbirlərin böyük tarixi əhəmiyyət daşıdığını bildirərək, bu günlərin şahidi olmasından qürur duyduğunu söyləyib: “Xoşbəxtəm ki, bu gün bu tədbirdə iştirak edirəm. Xoşbəxtəm ki, mayın 13-də “Xarıbülbül” festivalında iştirak etmişəm. Şuşa hər bir azərbaycanlı üçün unikal bir şəhərdir. Bütün şəhərlər bizim üçün doğmadır, Naxçıvan da, Kəlbəcər də, Tərtər də, Zəngilan da. Amma Şuşa özlüyündə nadirdir və onun öz yeri var. Ziyalılarla birlikdə bu gözəl tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir”.

“Yenidən doğma diyarda. Qarabağın sənət inciləri”

Heydər Əliyev Fondu tərəfindən Şuşada bərpa və təmir olunaraq yaradılan Xalçaçılıq qalereyasında isə “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi açılmışdı.

Fondun təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Milli Xalça Muzeyinin təqdimatında xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunurdu. Sərgidə, həmçinin Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri yer alıb.

Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti I Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından təxliyə edilib.

Burada əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Onlara maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır.

Sərgiləri böyük maraqla izləyən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bu sənət nümunələrinin bənzərsizliyindən və xalqımıza məxsus böyük sənət nümunəsi olduğundan söz açıb. Xalq rəssamı fikirlərini belə ümumiləşdirib: “Şuşa xalçalarını yenidən burada görmək bizdə qürur hissi yaşadır. Şuşa xalçaları doğrudan da möcüzədir. Bu gün biz hədsiz xoşbəxtik. Görürük ki, nə qədər böyük işlər görülüb. Biz doğrudan da yeni həyat yaşayırıq, Vətən müharibəsində Qələbə və bu gün aparılan bərpa işləri bizi bir millət kimi yeni mərhələyə qaldırır. Bir daha Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu günü bizə yaşatdıqları üçün təşəkkür edirəm”.

Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradırdı.