Azərbaycan filmi beynəlxalq festivala qatılacaq

 14:50 03.09.2021     355

Zamin Məmmədovun “Səs” filmi Qırğızıstanda keçirilən festivala seçilib.

Bu barədə Redaktor.az-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bildirilib ki, rejissor Zamin Məmmədovun “Səs” filmi MDB, Baltikyanı ölkələr və Gürcüstanı əhatə edən 10-cu Qırğızıstan Beynəlxalq Film Festivalının müsabiqə proqramına daxil edilib.

Filmin ssenari müəllifi mərhum sənətçi Rövşən Almuradlı, rejissoru isə Zamin Məmmədovdur. Baş rollarda Vidadi Əliyev, Nigar Məmmədova və Rəşad Səfərov yer alıb. Çəkilişlər İsmayıllı rayonunun kəndlərində aparılıb.

Film Qərbi Azərbaycandan zorla çıxarılmış həmyerlilərimizin vətən həsrətindən bəhs edir. Filmin qəhrəmanı, yaşa dolmuş ağsaqqal, oğlunun gətirdiyi doğma torpaqlarının arxiv kadrlarına baxaraq özünü sanki o torpaqlarda hiss edir. Qoca hər gün kadrları izləyərək yuxulayır. Yuxusunda isə doğma kəndini görür və sonda da dünyasını vətən həsrəti ilə elə yuxuda ikən dəyişir.

Qeyd edək ki, sözügedən festival bu ilin 14-17 Senytabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacaq.