Qarabağa həsr olunmuş layihə davam edir - Gənclər Kitabxanası / FOTO

 09:49 13.09.2021     458

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası əzəli Azərbaycan torpaqları olan doğma Qarabağımızın qədim tarixinin, füsünkar təbiətinin, rəngarəng mədəniyyətinin təbliği məqsədilə maarifləndirici, təbliğat xarakterli materiallar, layihələr hazırlamaqda davam edir. 

Redaktor.az xəbər verir ki, kitabxananın növbəti layihəsi “Qarabağ - füsünkar təbiət, mədəniyyət və qədim tarixin qovuşduğu Azərbaycan torpağı” adlanır. 

Layihənin ilkin materialları ilə artıq istifadəçilərimiz tanışdırlar. Təqdim olunan materiallar “Mədəniyyət beşiyi Qarabağ” başlığı altında hazırlanıb və Qarabağın mədəniyyət obyektlərinə, mədəniyyət nümunələrinə və nümayəndələrinə həsr edilib. Videoçarxlarda Qarabağın mədəniyyət abidələri olan Şuşa qalası, Şahbulaq qalası, Xurşudbanu Natavanın ev muzeyi, “Qarabağ Xan sarayı və bir sıra türbə, məqbərə və s. haqqında məlumat verilib. Materialda Qarabağ xalçaçılıq sənətinin tarixi, inkişaf mərhələləri, növləri və individuallığı, dünyada ona verilən qiymət haqqında bəhs edilib.

İkinci material isə “Qarabağ şer, sənət,musiqi, muğam, hikmət beşiyidir” başlığı altında hazırlanıb. Burada izləyicilər Qarabağın tanınmış musiqiçiləri, xanəndələri, bəstəkarları, şer-söz ustadları, Qarabağ ədəbi mühitinin ən görkəmli simaları olan Ə.Haqverdiyev, Əhməd bəy Ağayev, F.Köçərli, Y.Çəmənzəminli və başqaları haqqında məlumat əldə edə bilərlər.

Həqiqətən də Qarabağ qədim tarixi, füsunkar təbiəti, misilsiz sərvətləri, təkrarolunmaz istedadları ilə tanınan bir torpaqdır və əzəli Azərbaycan torpağıdır. Bu torpağı qarış-qarış gəzmək, tanımaq və tanıtmaq hər bir Azərbaycan vətandaşının şərəfli borcudur. Respublika Gənclər Kitabxanası gələcəkdə də bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və yeni materiallar ilə öz istifadəçilərinin görüşünə gələcəkdir. 

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən  hazırlanan materiallara linkləri vasitəsilə baxa bilərlər.

https://www.instagram.com/tv/CTeP_wAllha/
https://www.instagram.com/tv/CTPKaqVFgH2/

22