Azərbaycanda uzun fasilədən sonra teatrda tamaşa olacaq

 18:59 14.09.2021     3127

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki opera tamaşası keçiriləcək.

Redaktor.az xəbər verir ki, sentyabrın 21-də Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş olunacaq.

Tamaşada əsas partiyaları Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edəcəklər. Tamaşada həmçinin Respublikanın Əməkdar artistləri Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları iştirak edəcəklər. Opera tamaşasını Əməkdar incəsənət xadimi,Prezident mükafatçısı Sevil Hacıyeva idarə edəcək.

Sentyabrın 24-də festival çərçivəsində görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası baş tutacaq.Tamaşada baş rolu - Violetta partiyasını ifa etmək üçün tanınmış Polşalı müğənni, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka dəvət olunmuşdur. Onun tərəf müqabili kimi Alfred partiyasını Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov ifa edəcək.

Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) çıxış edəcəklər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılacaq və əyləşəcəklər.