Respublika Gənclər Kitabxanası “Bir mahnının izi ilə” layihəsinə başladı

 09:56 18.09.2021     440

Sentyabrın 18-i Azərbaycanda “Musiqi Günü” kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycan xalqının istedadlı oğlu, musiqi mədəniyyətimizin incisi, Azərbaycan musiqisinin dahi korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür.

Həmin gün, sadəcə, musiqi vurğunlarının deyil, bütün Azərbaycan xalqının bayramıdır. Elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyan və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edən böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Redaktor.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Musiqi Günü” ilə əlaqədar olaraq “Bir mahnının izi ilə” layihəsinə start verib. Layihə çərçivəsində hazırlanan ilk material Azərbaycan xalq mahnısı “Sarı gəlin” ə həsr edilmişdir. Materialda “Sarı Gəlin” mahnısının etimologiyası haqqında söylənilən müxtəlif versiyalar, mahnının inkişaf mərhələləri, müasir günümüzədək gələn yolu öz əksini tapmışdır. Video çarxda “Sarı gəlin” mahnısının bü günki günümüzədək gəlib çıxmasında, qorunub saxlanmasında rolu olan insanların – bəstəkar Asəf Zeynallının, dramaturq Cəfər Cabbarlının adları çəkilmişdir. Belə ki, ötən əsrin 30-cu illərində mahnını nota salan və fortopiano üçün ifa edən Asəf Zeynallı, 1931—ci ildə özünün müəllifi olduğu “1905-ci il” əsərində bu mahnıya yer ayıran Cəfər Cabbarlının “Sarı gəlin” mahnısının tarixində rolları əvəzsizdir. Video çarxda “Sarı gəlin” mahnısının mətni və not yazısı ilə yanaşı, onun haqqında digər maraqlı məlumatlar da təqdim olunmuşdur. Layihə çərçivəsində işlər davam etdirilir və yaxın zamanlarda kitabxana əməkdaşları daha maraqlı materiallar ilə izləyicilərin görüşünə gələcəklər.

Müsiqi günü ilə əlaqədar olaraq kitabxana “18 sentyabr Milli Musiqi Günü” başlıqlı kitabxanadaxili kitab sərgisi təşkil etmişdir. Sərgidə Azərbaycan müsiqisinin tarixi, rəngarəngliyi, nadirliyindən bəhs edən kitablar yerləşdirilmişdir. Burada muğam sənəti, Azərbaycanın korifey musiqiçiləri, bəstəkar, müğənni və xanəndələri haqqında kitablara yer verilmişdir. Biri-birindən maraqlı ensiklopediya, kitab və not yazılarından ibarət olan sərginin video çəkilişi kitabxananın sosial şəbəkələrinə də yerləşdirilmişdir.

Bundan əlavə kitabxananın sosial şəbəkələrində Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov haqqında geniş  virtual sərgi, SSRİ-nin və Azərbaycanın Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudov,  Azərbaycan opera müğənnisi Lütfiyar İmanov, Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti  Alim Qasımov  haqqında video çarxlar da yerləşdirilmişdir.

Sözügedən video çarxları izləmək arzusunda olan izləyicilər aşağıdakı linklərdən yararlana bilərlər.

https://www.youtube.com/watch?v=2efGxcJsnoE

https://www.instagram.com/tv/CTwhbTIFzs7/

https://www.instagram.com/p/CFQ2dkSBPOA/

,https://www.instagram.com/p/CD0b9Y9hcvG/  

https://www.instagram.com/p/CDq3wtWBQ_1/ 

https://www.instagram.com/p/CEbE2LChGJY/ 

 https://www.instagram.com/p/CEjk8z7B_vc/  

https://www.instagram.com/p/CErW6HBBfjX/

https://www.instagram.com/p/CEvsFX1hU9D/ 

 https://www.instagram.com/p/CE_tbDIBbh6/

 

 

22