“Qənirə Paşayevanın kitabı Özbəkistanın Türk dünyasında tanıdılmasına xidmət edir” - Səfir

 22:22 22.09.2021     924

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistanın “Kitab dünyası” ədəbiyyat-mədəniyyət qəzeti ilə birgə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yeni çapdan çıxmış “Addım–addım Özbəkistan” adlı kitabının onlayn təqdimatını keçirib.

Redaktor.az xəbər verir ki, təqdimatda Özbəkistanın tanınmış dövlət nümayəndələri, hər iki ölkədən mədəniyyət, ədəbiyyat, elm xadimləri, yazarlar iştirak edib.

Tədbiri giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Azərbaycan və Özbəkistan arasında tarixi dostluq, qardaşlıq, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüşlərin ikitərəfli əməkdaşlığın inkişafında rolu, Türk Şurasının üzvi olan dövlətlərimiz arasında əlaqələrin günü-gündən tərəqqisi barədə danışıb. O, Qənirə Paşayevanın Azərbaycan və Özbəkistan, ümumən türk dövlət və topluluqları arasında dostluq, qardaşlıq bağlarının möhkəmlənməsi istiqamətində fəaliyyəti barədə söhbət açaraq, Qənirə xanımın Özbəkistana səfərlərini xatırladıb. S.Abbasov vurğulayıb ki, “Addım-addım Özbəkistan” kitabının əsas hissələri də məhz səfər təəssüratlarıdır. O, kitabın qardaş ölkədə böyük maraq və sevgi ilə qarsalandığını bildirib.

Özbəkistanın Azərbaycandakı Səfiri Baxrom Aşrafxanov Özbəkistan-Azərbaycan arasında yüksək səviyyəli əlaqələrdən danışaraq, Qənirə xanım Paşayevanın “Addım-addım Özbəkistan” kitabının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin elan etdiyi “Yeni Özbəkistan” çağırışlar və islahatlar hərəkatına böyük bir töhfə olduğunu, Özbəkistanın Türk dünyası ölkələri arasında tanıdılmasına xidmət etdiyini qeyd edib. Səfir kitabı Özbəkistan-Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi yolunda bir lokomotiv kimi xarakterizə edib. O, türk xalqları arasında dostluq əlaqələrinin daha da genişləndirilməsi və bu cür layihələrin həyata keçirilməsinin Özbəkistan dövlətinin, ölkə başçısının birbaşa diqqətində olduğunu bildirib.

Səfir Özbəkistanın qardaş Azərbaycanla əlaqələrin durmadan inkişaf etməsindən məmnunluğunu ifadə edərək Qənirə Paşayevaya Özbəkistan haqqında bu cür əhəmiyyətli töhfəyə görə təşəkkürünü bildirib və onu Özbəkistana yeni səfərə dəvət edib.

Özbəkistan Mədəniyyət Nazirinin köməkçisi, alim Marufcon Yuldaşev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov da Qənirə xanım Paşayevanın “Addım–addım Özbəkistan” kitabını yüksək qiymətləndirərək, kitabın Özbəkistanda çox sevildiyini, nəşrdə Özbəkistan haqqında heç zaman yazılmayan maraqlı məqamlara toxunulduğunu qeyd ediblər.

Onlayn təqdimatda Özbəkistan Milli Elmlər Akademiyası Dil, Ədəbiyyat, Folklor İnstitutunun dosenti Gülnaz Sattarova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru, Universitetdəki M.Füzuli adına Azərbaycan Mərkəzinin direktoru Gulbahar Aşurova, tanınmış Özbək alimi – ədəbiyyatşünas, tərcüməçi Babaxan Şarif, Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı Əkbər Qoşalı, Azərbaycanın Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, şair Sərvaz Hüseynoğlu çıxış edərək müəllifin Özbəkistana etdiyi səfərlərin təəssüratları və ensiklopedik bilgilər əsasında yazdığı kitabın qardaş ölkənin, Mərkəzi Asiyanın, Türk dünyasının aparıcı ölkələrindən olan, zəngin mədəniyyətə və ənənələrə malik Özbəkistan haqqında müfəssəl məlumat verən məxəz olduğunu bildiriblər. Onlar nəşrdə Özbəkistanın Türk Şurasına üzv olması, əməkdaşlıqda yaranan yeni imkanlar, Azərbaycanla əlaqələr, ölkənin regionları, mədəniyyəti, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri haqqında geniş və maraqlı məlumatların əks olunmasını xüsusi qiymətləndiriblər.

Sonda Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış edərək Azərbaycan-Özbəkistan arasında əlaqələrin günü-gündən inkişafından, genişlənməsindən sevinc hissi keçirdiyini və bu istiqamətdə aparılan uğurlu siyasətə görə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevə öz minnətdarlığını bildirib.

Qənirə Paşayeva Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 30 il erməni işğalı altında qalan torpaqlarımızı azad etdiyini, tarixi ədalətin zəfər çaldığını, dağıdılmış şəhər və kəndlərimizin bərpası istiqamətində böyük işlərin həyata keçirildiyini milli qürur hissinin yeni əsasları kimi şərh edib.

O, Azərbaycan mədəniyyətinin paytaxtı elan edilmiş Şuşada möhtəşəm mədəni-ədəbi tədbirlərin gerçəkləşməsi, gələcəkdə Qarabağda keçiriləcək tədbirlərdə Türk dünyası ölkələrinin, o cümlədən Özbəkistanın da yaxından iştirakının məmnunluq yaratdığını bildirib.

Müəllif kitabın ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan və Özbək alimlərinin xidmətlərini xüsusi vurğulayıb, Özbəkistana səfərlərini, çoxsaylı görüşləri, maraqlı tədbirləri dərin məhəbbətlə xatırladığını bildirib. O, səfər zamanı Özbəkistanın hər yerində Azərbaycana, xalqımıza yüksək hörmət gördüyünü, azərbaycanlılara xüsusi qonaqpərvərlik və sevgi göstərildiyini məmnunluqla ifadə edib.

Qənirə xanım Paşayeva qardaş Özbəkistana, onun zəngin tarix və mədəniyyətinə böyük maraq göstərdiyini, Türk dünyasının aparıcı ölkələrindən olan Özbəkistanla əməkdaşlığın, əlaqələrin daha da genişləndirilməsinin böyük önəm daşıdığını bildirib. Bu istiqamətdə mədəniyyət xadimləri, gənclərimiz, habelə xalq diplomatiyasının xüsusi rolu olduğunu vurğulayan Q.Paşayeva, qarşıda həm Azərbaycanda, həm də Özbəkistanda mühüm layihələrin olduğunu söyləyib.

22222222