Səmərqənddəki universitetə Azərbaycana dair kitablar hədiyyə edildi - FOTO

 16:36 24.09.2021     757

14-16 sentyabr tarixlərində Özbəkistan Respublikası Prezidentinin təşəbbüsü və YUNESKO təşkilatının himayəsi ilə Xivə şəhərində keçirilən "Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində" adlı Beynəlxalq Forum və TÜRKSOY təşkilatının növbəti sessiyası çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Özbəkistan Respublikasının Baş Nazirinin müavini, turizm və idman naziri, Səmərqənd  "İpək Yolu" Beynəlxalq Turizm Universiteti rektoru Aziz Abduxakimov arasında görüş keçirilib. 
Redaktor.az
xəbər verir ki, görüşdə tərəflər arasında birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Azərbaycan və Özbəkistanın bərpa və konservasiya sahəsində qarşılıqlı mütəxəssis mübadiləsi, habelə birgə təlimlərin, bu sahədə Özbəkistanın müvafiq təhsil ocaqlarında yaradılan fakültələrdə təhsil barədə fikir mübadiləsi həyata keçirilib. 
Bundan əlavə, Özbəkistanda məşhur olan xalq yaradıcılığı, xüsusən ağac üzərində oyma, keramika, ipək və digər sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsi, iki ölkədən sənətkarların iştirakı ilə festivalların keçirilməsi barədə danışıqlar aparılıb. 
Görüşdə Özbəkistan dövlətinin yeni layihəsi ilə Səmərqənd şəhərində yaradılmış "İpək Yolu" Beynəlxalq Turizm Universitetinə Azərbaycana dair nəşrlərin verilməsi razılaşdırılıb. 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 24 sentyabr tarixində "İpək Yolu" Səmərqənd Beynəlxalq Turizm Universitetinə Azərbaycan, onun tarixi, dövlətçiliyi, iqtisadiyyatı, turizmi, ədəbiyyatı, tarixi şəxsiyyətləri haqqında Azərbaycan, Özbək, rus və ingilis dillərində kitablar hədiyyə edilib. 
Azərbaycan Mədəniyyət Mərkəzindən mətbuata bildirilib ki, Səmərqənd şəhərindəki "İpək Yolu" Beynəlxalq Turizm Universitetinə Azərbaycandan da turizmə dair nəşrlər əldə edilərək yaxın zamanlarda sözügedən təhsil ocağına göndəriləcəkdir.
 

2