"Məktəb yalnız savadlı şagirdlər yetişdirmək üçün deyil" - Komitə sədri

 18:51 28.09.2021     1370

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, UNESCO yanında Daimi Nümayəndəliyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və UNESCO-nun tərəfdaşlığı və təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfi prizmasından” adlı virtual konfrans keçirilib.

Ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayevin moderatorluğu ilə keçən konfransda Mədəniyyət nazirinin I müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev, UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Cianini, UNESCO Baş direktorluğu yanında Gender bərabərliyi şöbəsinin direktoru Cəmilə Seftaui, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açılış nitqi söyləyiblər.

Vebinarda Nizami Gəncəvi irsini araşdıran azərbaycanlı və beynəlxalq tədqiqatçılar – Kembric Universitetinin Asiya və Orta Şərq araşdırmaları fakültəsinin professoru Kristin van Rumbeke, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barri və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva böyük mütəfəkkir və şairin yaradıcılığına dair elmi araşdırmalardan söz açıblar.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva öz çıxışında mütəfəkkir şairin yararıcılığı, bu unikal yaradıcılıqda qadına bəslənən xeyirxah münasibət barədə fikirlərini bölüşüb. O, Azərbaycanın hələ XII yüzildə Nizami Gəncəvi kimi bir düha yetişdirdiyini və dünyada ilk dəfə qadına ən yüksək yaradıcı münasibətin də məhz Nizaminin əsərlərində öz əksini tapdığını vurğulayıb. Q.Paşayeva Nizami irsinin təbliğ və tərənnümünün bəşəri məzmun daşıdığını deyib. Komitə sədri çıxışında Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinə toxunaraq, körpələrə, gənc qızlara, hamilələrə və qoca qadınlara amansız işgəncələr verən bir zehniyyətin XX yüzilin sonu - XXI yüzilin əvvəllərində də mövcud olmasının bəşər sivilizasiyasının indiki inkişaf mərhələsi ilə təzad təşkil etdiyini söyləyib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın konfransdakı çıxışının mətnini təqdim edirik:

Qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığına yeni nəzərlərlə baxmaq da daxil olmaqla, o zəngin xəzinədən bütün əməli fəaliyyət sahələri üzrə fikirlər tapmaq imkanlarını da bir daha xatırladır, bir daha göstərir. Belə istiqamətlərdən biri də elm-təhsilə, haqq və hüquqlara, o cümlədən qadın haqlarına sayğı çağırışdır. Əslində, elm-təhsil olan yerdə haqq-hüquq vardır, elm-təhsil olan yerdə qadına, bütün insanlığa sayğı vardır. Çünki elm-təhsil olan yerdə cəhalət yoxdur. Mən burada elm-təhsil deyərkən hansısa ruhsuz, mənəviyyatsız savada yaxud üsul və vasitələrə yiyələnmə imkanı verən təsərrüfatı nəzərdə tutmuram.

Yadıma Xocalıdan məcburi köçkün düşmüş, soyqırım zamanı ailə üzvlərini, yaxınlarını, müəllim yoldaşlarını, şagirdlərini itirmiş bir müəllimənin sözləri düşür – məzmunu belədir ki, məktəb yalnız savadlı şagirdlər yetişdirmək üçün deyil, ilk növbədə onlara tərbiyə, əxlaq vermək üçündür. – Yəni şagirdləri yalnız savadına görə deyil, mənəviyyatına görə də qiymətləndirmək gərəkdir. 1992-ci ilin fevralında Ermənistan onların şəhərini işğal edib, evlərini, məktəblərini dağıdan zaman savadlı erməni komandirlərin necə vandallıqlar törtədiyini öz gözləri ilə görmüş pedaqoqun bu sözləri çox ibrətamizdir.

Bu günlərdə Azərbaycanın Mədəniyyət paytaxtı – işğaldan azad edilmiş Şuşadaydım. Orada, eləcə də, işğaldan azad edilmiş digər bölgələrimizdə mədəniyyət-incəsənət müəssisələrinin, muzeylərin, ibadətxanaların, hətta heykəllərin, qəbirlərin necə dağıdıldığını gördükdən sonra dərin düşüncələrə dalmamaq sadəcə mümkün deyil.

Şərqdə ilk operanın və Azərbaycan peşəkar musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin, haqqında Aleksandr Dümanın heyranlıqla söz açdığı Xurşudbanu Natavanın, bir zamanlar UNESCO tərfindən qəbirüstü abidəsi ucaldılmış Mir Möhsün Nəvvabın, böyük sənətkar Bülbülün Şuşadakı ev-muzeylərinin, abidələrinin dağıdılmasını görmək çox acınacaqlıdır. Bəşər sivilizasiyasının indiki mərhələsində diplomlu, bəzi sahələrdə savadlı cahillərin necə soyqırım aktları törətdiyini, mədəniyyətə necə düşmən kəsildiyini görmək çox düşündürücüdür. Məhz belə düşüncələr fonunda hələ səkkiz yüzil öncələrdə bəşəriyyətə çağırışlar etmiş böyük Azərbaycan şairinin varlığı, onun irsi, onun çağırışları çox mətləblərdən xəbər verir. Birinci mətləb ondan ibarətdir ki, bəşəriyyət məhz bu irs üzərində qurulmuş xoşgörüyə, dünyabaxışa əsaslanan mənəviyyat infrastrukturuna malik olmalıdır.

***

Nizaminin yüksək humanizmində insana, insanlığa, hadisələrə, cəmiyyət həyatının məna-mahiyyətinə iti təfəkkürlü, məntiqli yanaşma vardır.

Bizcə, 880 yaşında da öyrənilən, öyrədilən, 880 yaşında da çağdaş olan, çağırışları bugün də aktual olan Nizaminin əsərlərinin xarakteri onun vəhdət-vücudluğunda, məktəblər məktəbi olmasındadır. Yəni burada ayrımçılıq deyil, ən universal şəkildə birləşdiricilik ifadə edilməkdədir.

Nizami ölməz “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirib. Bu səs, nəfəs nə ilə şərtlənir? – Çünki Gəncəli dahinin yaradıcılığında Şərq ədəbi-mədəni dəyərləri ilə Qərb ədəbi-mədəni dəyərləri öz universal qovuşuğunu tapıb. Nizamişünaslar haqlı olaraq, dahi şairin yaradıcılığını tam anlamı ilə klassik dövrün yeni mərhələsi olaraq dəyərləndirir.

Nizami yaradıcılığında öz dövrünün və gələcək dövrlərin humanist və demokratik yönlü düşüncələrini, fikirlərini, eləcə də, sosial ədalət ideyalarını parlaq şəkildə təbliğ etməsi, onun söz sənətkarlığının ölməzliyini təmin edən əsas səbəblər kimi çıxış edir, mütəfəkkirliyini bir daha təsdiq və təsbit edir.

Məsələn, insan haqq və hüquqlarının təbliği, müdafiəsi, şəxsiyyətin söz və vicdan azadlığı Nizaminin sosial-siyasi görüşlərində, özəlliklə sosial ədalət bölümündə öz parlaq təcəssümünü tapıb.

Biləvasitə bugünkü konfransımızın mövzusuna gəlsək, deməliyik ki, mütəfəkkir sənətkarın əsərlərində qadın haqlarının təbliği də özəl yer tutur. Heç təsadüfi deyil ki, tədqiqatçılar Nizaminin yaradıcılıq meyarlarının əsasını qadın obrazlarının təşkil etdiyini yazmaqdadır.

Qadın haqları hər bir cəmiyyətdə inanclara, ənənələrə, mədəniyyətə, yaşam tərzinə uyğun olaraq fərqli şəkillərdə təzahür və təcalla edib. Burada fərqlilik olsa da, heç bir halda mütləq qadın azadlığı yoxdur, o azadlıq, necə deyərlər, arxa planda qalıb.

Xıı yüzilə kimi, müəlliflər elmi və bədii əsərlərin çoxunda qadının kişiyə tabeçiliyini hər vəchlə əsaslandırmağa çalışıb. Elə bu səbəbdən də, qadın sosial həyatın bir çox sahəsində ayrı-seçkiliyə uğrayıb. Özəlliklə də, qadınların özünüifadəsinə uzun illər boyu qadağalar qoyulub. Bu da, cəhalətə, nadanlığa geniş meydan yaradıb.

Gender bərabərliyi ilə bağlı hərəkatlar Avropada əsasən XIX yüzilin sonlarında başladığı halda, ondan yüzillər öncə Nizami Gəncəvinin əsərlərində kişi və qadın münasibətləri humanist ideyalar işığında təqdim edilib. Nizaminin qəhrəmanları indiki siyasi üslubla desək, gender ayrı-seçkiliyinə qarşı çıxan, daim özünü təkmilləşdirməyə cəhd edən, nəcib ideyalar uğrunda vuruşan insanlardır.

Böyük Azərbaycan şairi qadın azadlığını daim təbliğ və tərənnüm edib. Nizaminin qadın qəhrəmanları fəal həyat mövqeyi ilə seçilən, kişilərlə bir səviyyədə dayanan, hətta bəzi məqamlarda öz ailəsinin kişi üzvündən – ərindən, qardaşından daha tədbirli, daha soyuqqanlı və uzaqgörəndir. Mütəfəkkir şair qadının azadlığı haqqındakı fikirlərini o zamankı köçəri türklər (qıpçaqlar) barədə gözəl bir hekayətlə anladır – məzmununu sizinlə bölüşürəm: “Qafqaza getmək üçün Çindən hərəkət edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. İskəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını görür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı olduğu ölkə əhalisinin irz və namusuna təcavüzə yol verməmək üçün qıpçaq bəylərini toplayır. İskəndər qıpçaq bəylərinə böyük iltifat göstərməsi barəsində fikirlərini bildirdikdən sonra, qadınlarının örtülü gəzməsini tövsiyə edir. – “Qadın daşdan, dəmirdən də olsa, yenə qadındır. Qadının üzü örtülü olmalıdır” deyir. “Özünü başqalarına göstərən bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qoruya bilməz!” deyə xəbərdarlıq edir. Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra, nə cavab versələr yaxşıdır? – Qıpçaq bəyləri İskəndərə deyir: “Padşaha itaət edirik. Zati-alisinə sədaqətli olmağa and içmişik, əhdimizdə dayanmışıq. Fəqət üz örtmək bu əhdə daxil deyildir, çünki bu, qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin üz qapamağı tələb edirsə, bizim adət də göz qapamağı tələb edir. Başqasının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq gərəkdir. Padşah bizə qəzəblənməsin: üz örtülsə, arxayamı baxılacaq?! Bizim gəlinlərin otağında yad bir kəs yoxdursa, bu yetərlidir. Padşahım, sən gəl, bu xalqın üzünü niqab ilə gizlətmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as”!

Qeyd etdiyimiz kimi, dahi şair öz əsərlərində indi də güncəl olan qadın haqq-hüquqlarını təbliğ və tərənnüm edib. Gəncəli dahiyədək qadına bu dərəcədə yüksək qiymət verən şəxs tapmaq çətindir.

Qadın hüquqları böyük Azərbaycan şairinin ilk yaradıcılıq örnəklərindən tutmuş “Xəmsə”sinin son cümləsindək öz təcallasını tapıb. O da maraqlıdır ki, bir çox şair və yazıçının yaşam tərzi ilə yazdıqları üst-üstə düşmür, hətta təzad təşkil edir. Bu sahədə də Nizami şəxsiyyəti və yaradıcılığı ilə ən ləyaqətli yerlərdən birini tutur. – Tarixdən bəlli olduğu kimi, Dərbənd hökmdarı Nizamiyə Afaq adlı bir kəniz bağışlayır. Nizami Afaqın çox saf, təmiz olduğunu görür, onu nəinki qulluqçu kimi qəbul edir, onu özünə ömür-gün yoldaşı edir.

Nizami Afaqla çox xoş günlər keçirdiyini öz əsərlərində daim xatırlayır. Afaqdan olan oğlu Məhəmmədə də anasını, vətənini, qadınını sevməyi tövsiyyə edir.

Afaqın ölümü Nizamini çox sarsıdır. Şair bunu dönə-dönə etiraf edir. Öz sevgisinə, prinsiplərinə sadiq qalan Nizami Gəncəvinin sözləridir:

Bircə arvad al ki, olasan əziz,

Çox arvadlı kişi qalar kimsəsiz.

Nizaminin ilk poeması olan “Sirlər Xəzinəsi”ndə qadın surəti, qadının cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq-hüququnu tələb etməsi “Sultan Səncər və qarı” mənzuməsində də çox təsirli şəkildə verilib.

Buradan nə aydın olur? – İlk növbədə onu görürük ki, dahi şair həyatda olduğu kimi, yaratdığı obrazlarda da qadına qarşı çox həssasdır, onun qayğısına qalır, ona sultanın yaxasından tutmaq imkanı tanıyır. Şair burada darğaların yaramazlığı timsalında bütün ədalətsizlikləri ifşa edərək, elə bir ədalətli cəmiyyət, ədalətli quruluş arzusunu ifadə edir ki, orada insan hüquqları olsun, qadın haqlarına sayğı təmin olunsun. Bu dahi şairin yalnız arzusu yox, inamı idi.

Nizami özünün ikinci poeması olan “Xosrov və Şirin”də qadının azadlığını, onun öz haqqını tələb etməsini, ana kimi yüksək bir ada layiq olmasını, cəmiyyətin aparıcı qüvvəsi olaraq çıxış etməsini, bəşəriyyətin onsuz yetim qalması ideyasını çox parlaq şəkildə göstərib. Qüdrətli söz və fikir ustadı bəşəriyyətin bütün təbəqələrini, o sırada qadını daim azad görmək, öz hüquqlarına sahib görmək istəyib.

Bu, Nizami qələmi, Nizami sözü, Nizami səciyyəsidir.

Nizami Gəncəvinin üçüncü poemasındakı Leyli surəti Şərq qadınının fədakarlığı, analıq qayğısı, məişətdəki rolunu əks etdirir. Şair eyni zamanda qadın zorakılığına son qoyulması ideyasını tərənnüm etdirir. Bu baxımdan da deyə bilərik ki, Nizami cəmiyyətdə qadının necə rol oynayacağını min il bundan öncə görərək, onu qələmə alıb.

Şair özünün dördüncü poeması olan “Yeddi Gözəl”də artıq dünya arenasına çıxıb qadın problemini planetimiz miqyasında çözməyə çalışıb. Onun əsərdəki Çin, fars, türk, hind, ərəb və b. qadın obrazları öz milli gələnəklərinə uyğun analıq qayğısı ilə yaşayır.

“Xəmsə”yə daxil olan sonuncu əsər – “İskəndərnamə”dəki Nüşabə surəti özəlliklə diqqəti cəlb edir. Nizami Gəncəvi Nüşabənin dilindən İskəndərə deyir:

Erkək tinətliyəm, olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.

Göründüyü kimi, çağdaş dövrümüzdə geniş yayılan gender bərabərliyi ideyası hələ XII yüzildə Nizami Gəncəvinin əsərlərində öz kamil əksini tapıb.

Dahi Nizami Gəncəvini anadan olmasının 880-ci ildönümündə rəhmətlə anır, Nizami isrini yaşadanlara uğurlar, Nizami oxucularına xoşbəxtlik diləyirəm!

22222