"BARLI BAĞ"dan Xan ailəsinin məzarlığına çevrilən İMARƏT

 22:57 01.10.2021     1041

Qarabağı işğal edən zaman ermənilər azərbaycanlılara məxsus çoxsaylı abidələri və mədəni dəyər olan tikililəri yerlə yeksan etmişlər. Ən çox dağıntıya məruz qalan yerlərdən biri də Ağdamda Xan ailəsinə məxsus qəbiristanlıq olan İmarət idi.

Ağdamda İmarəti görənlərin yadına düşər, qapıdan daxil olub sola düşürdün stadiona, sağa düşürdün məzarlıq idi. Bu məzarlıq yeri Qarabağ xanlığı qurulmazdan öncə də var idi. "Barlı bağ” adlanan həmin məkan Sədi ilə Miri adında iki seyid məxsus olub. Qarabağ xanı Pənahəli xan Cavanşirin atası İbrahimxəlil ağa rəhmətə gedəndə onun dəfni üçün məxsus olaraq bu yer seçilib. "Barlı bağ" olan bu gözəl yeri Pənahəli xan hər iki seyiddən satın alıb və deyib ki, “burda yaşayın və istədiyiniz vaxt köçə bilərsiniz.” İlk qəbirlər də, çox güman ki, o seyidlərin qəbri olub. Ermənilərin ilk olaraq dağıtdığı iki ornomentlərdə Sədi ilə Mirinin qəbirlərinin başdaşı idi.

Pənahəli xanın vəsiyyətinə görə, burada yerlər nə icarəyə verilə, nə də satıla bilərdi. Bağlardan toplanan meyvə isə satışa çıxarılmır, Qarabağın kasıbları və din xadimlərinə ehsan kimi verilirdi.

Pənah Əli xan Şiraz şəhərində rəhmətə gedəndən sonra vəsiyyətinə uyğun olaraq İmarətdə, atasının yanında dəfn edilir. Onun oğlu İbrahim Xəlil xan vaxtında İmarət daş hasara alınır, burada günbəzlər tikilir, qəbr daşları və baş daşları yonulmuş daşlardan hazırlanır. Burada Pənah Əli xanın öz əli ilə əkdiyi çinar ağaclarına da xüsusi qulluq edilirdi. Qeyd edim ki, 1789-cu ildən əkilən bu Çinar ağacları işğala qədər qalmış idi və Ağdamlıların yadında qalar, onlardan biri ildə bir dəfə yanar, sonra yenidən öz özünü bərpa edərdi.

Ağa Məhəmməd Şah Qacar Şuşa qalasını ilk hücumda ala bilməyəndən sonra Ağdama gəlmiş, burada bir ay qalmış və İbrahimxəlil xandan heyfini almaq üçün onun dədə-baba qəbiristanlığını yerlə-yeksan eləyib, qəbirləri dağıtmışdır.

Qarabağın üçüncü xanı Mehdiqulu xan Cavanşir sonralar qəbiristanlığı abadlaşdırmış, ehsan üçün bağ saldırmış, onu hər tərəfdən daş hasara aldırmış və böyük buzxana düzəltdirmişdi. Elat zamanı, aran yerlərdə yaşayanlar hər il yayda biçin vaxtı və xəstələri üçün buradan buz aparardılar.

Ailə qəbiristanlığında İbrahimxəlil xan, onun qardaşları Mehrəli ağa və Talıbxan bəy, Mehdiqulu xan, podpolkovnik Kərim xan Cavanşir, Xurşidbanu Natəvan, onun oğlanları Mehdiqulu xan Usmiyev, Mirabbas, Qəmər bəyim, Natavanın qızı Xanbikə xanım və onun əri Əmənulla xan Naxçıvanski, İbrahim Xəlil xanın qızı xeyriyyəçi Gövhər ağa, Cəfərqulu xan Nəva, Qəzənfər ağa Cavanşir və başqaları dəfn olunmuşdular.

Ağdam işğal olunan zaman ermənilər ilk iş kimi İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıblar.

Qeyd edim ki, 1983-cü ildə Rusiya Elmlər Akademiyasının Antropologiya institutunun ekspertləri İmarətdə qəbirlərdə DNK araşdırması aparmış və burda dəfn edilənlərin hamısının Xan ailəsindən olduqlarını təsdiq etmişdilər.

Dosent Zaur Əliyev

22