Vətən müharibəsi ilə bağlı kinomuz niyə yoxdur? - Rejissor: "Gic-gic seriallar çəkməyə məcburuq”

 16:44 05.11.2021     750

Vətən müharibəsində qələbəinin ildönümünə sayılı günlər qalıb. Bu bir il ərzində ermənilərin Qarabağda törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etdik. Lakin təəssüf ki, bəzi sahələrdə dünya ictimaiyyətinə öz fikrimizi çatdıra bilmirik. Bu sahələrdən biri də kinodur. 

Qeyd edək ki, ermənilərin qondarma "Artsax" adlandırdıqları ərazidə aparılan müharibəyə həsr olunan (yəni bizim 44 günlük Qələbə savaşımıza aid) "Gate to Heaven" ("Cənnətə qapı") adlı filmi Ontario Beynəlxalq Film Festivalında 4 nüfuzlu mükafatdan birini qazanıb.

Azərbaycanda isə hələlik Vətən müharibəsindən bəhs edən hansısa bədii filmin çəkilməsi və ya onun hansısa beynəlxalq festivallarda uğurlarının şahidi olmamışıq. Bəs görəsən, bunun səbəbi nədir? 

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, beynəlxalq mükafatlara layiq film çəkmək üçün ilk növbədə studiyaların texniki bazası yenilənməlidir:

“Kino haqqında qanun Milli Məclisə təqdim edilib. Yalnız bu qanun qəbul edildikdən sonra Azərbaycanda kinonun inkişafından, yaxud beynəlxalq festivallardan danışmaq olar. Vətən müharibəsi haqda filmlərə gəldikdə isə hesab edirəm ki, müharibə haqqında film çəkmək üçün ilk növbədə ərazilərimizin minadan təmizlənməsi vacibdir. Əvvəllər İsmayıllıda çəkdiyimiz filmin adını “Qarabağ” qoyurduqsa, indi başqa ərazilərdə qələbə filmi çəkmək ən azı düzgün deyil. Biz özümüzü ermənilərlə müqayisə etməli deyilik. Ermənilər uzun müddət informasiya savaşında və ideologiyada bizə qalib gəlib. Düzdür, Vətən müharibəsində aldıqları məğlubiyyət onları bir qədər zəiflədib. Ermənilər dövlət və xalq olaraq bizdən çox aşağı səviyyədədir. Lakin təəssüf ki, bəzi sahələrdə onlara uduzuruq. Amma ümumilikdə incəsənətimizi ermənilərə baxa-baxa inkişaf etdirə bilmərik. Heç bir yaradıcı düşüncə nəyinsə acığına yaradıla bilməz”.

Əməkdar rejissor deyir ki, beynəlxalq festivalda mükafat almaq təkcə yaradıcı işdən asılı deyil:

“Bəzi filmlər var ki, onların taleyi haqında əvvəlcədən düşünülür. Həmin filmlərin hədəfləri  və hansı festivallarda iştirak edəcəyi əvvəlcədən ölçülüb-biçilir. Həmin filmin yaradıcı qüvvəsi bəzən yüksək səviyyədə olmasa da, öz məqsədinə çatır. Vaxtilə azərbaycanlı kinematoqrafçılarla görüş zamanı fransız bir prodüser bizə dedi ki, əgər istəyirsinizsə ki, filmləriniz beynəxalq film festivallarında yer tutsun, sizin prodüser sisteminin bu işdə böyük əməyi olmalıdır. Prodüserlər o festivalların keçirildiyi yerlərdə dörd-beş il olmalı, festivalın jürilələri ilə daimi ünsiyyətdə saxlamalıdır. Dünya bazarına şedevr də çıxarsan, prodüserin açdığı qapılar olmasa, o film heç yerə çıxa bilməz. Bu gün gözəl filmlər çəkə bilərik. Amma beynəlxalq festivalda mükafat almaq təkcə yaradıcı işdən asılı deyil. Bu, təşkilatı məsələdən asılır. Təşkilatı dəstək isə böyük maliyyə tələb edir. Bunun üçün dövlət sifarişi, yaxud sponsor dəstəyi lazımdır”.

Rejissor Ramin Hacıyev isə bildirdi ki, beynəlxalq film festivalları yerli rejissorlar əlçatmazdır: 

“Bununla bağlı aidiyyəti qurumlar rejissorlara sifariş göndərməlidir.  Hətta özümüz də bir neçə dəfə təklif versək də, təklifimizə etinasız yanaşılıb. Biz qurumların nümayəndəsi deyilik. Bizim üçün beynəlxalq film festivalları əlçatmazdır. Əlçatanlığı isə aidiyyəti qurumlar təmin etməlidir. Mənə və ya bir başqa rejissora deyilsə ki, festivala film çəkmək lazımdır, məgər çəkmərik? Bu sifarişlər olmadığı müddətdə biz “gic-gic” seriallarımızı çəkməyə davam edəcəyik və buna məcburuq”.

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyi ilə də əlaqə saxladıq. Sualımıza cavab olaraq bildirildi ki, Mədəniyyət Nazirliyi milli-mənəvi və ümumbəşəri dəyərlərimizi kino vasitəsi ilə təbliğini, habelə kinematoqrafiya sahəsində çalışan peşəkarların yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədilə kino sahəsinə dəstəyini davam etdirir:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaxın bir il ərzində Vətən müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb.  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olan 11 filmin çəkiliş prosesləri davam edir. Bunlardan 5 qısametrajlı bədii film  “Tanrının nəbzi”, “İkinci planetin qırmızı rəngi”, “Arxa cəbhə”  “İki gün”, “Hasar”, 4 qısa sənədli film  “Fulya” , “Müharibənin uşaqları”, “Çin olan gizlinlər”,  “Evimin səsi”, 2 animasiya filmi  “Qarabağ nağılı və  “Tarix” filmlərinin çəkiliş prosesi davam edir.

Adları yuxarıda çəkilən 11 qısametrajlı filmdən əlavə olaraq, “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsinin istehsalı davam edir. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edəcək. Bu 5 sənədli filmin istehsalı Cəfər Cabbarlı “Azərbaycanfilm” kinostudiyasında davam etdirilir. Filmlərin Vətən müharibəsinin ildönümü günlərində təhvil verilməsi və müxtəlif TV kanalları ilə nümayişi nəzərdə tutulub".

Nazirlikdən həmçinin deyildi ki, hazır olacaq filmlərin müxtəlif tipli festivallara göndərilməsi planlaşdırılır.

“Vətən müharibəsinin birinci ili yenicə tamam olur. Qeyd edək ki, bir filmin istehsalat müddəti bir neçə aya qədər davam edir. Vətən müharibəsindən sonra müxtəlif layihələr çərçivəsində çoxsaylı filmlərin çəkilişinə Mədəniyyət Nazirliyi tərəfindən dəstək ayrılıb. Bu filmlərdən bir neçəsi – “Biz”, “Şuşa, sən azadsan!”, “Fulya” və “Görünməyən qəhrəmanlar” filmiləri artıq hazırdır. Hazır olan filmlərin yaxın günlərdə festivallarda nümayişi nəzərdə tutulur. Bu filmlərdən “Biz” filmi 6-cı Türk Dünyası Sənədli Film Festivalında iştirak edib və Jürinin xüsusi mükafatına layiq görülüb. İstehsalatları davam edən filmlər hazır olduqca keyfiyyətinə və növünə uyğun olaraq müxtəlif tipli festivallara göndərilməsi planlaşdırılır.

Bu mövzuda istehsalatı davam edən “Həyat, deyəsən, gözəldir” və “Doğma torpaq” tammetrajlı bədii filmlərin daha geniş festival həyatı nəzərdə tutulur”, - deyə nazirlikdən bildirilib.

Şəbnəm Mehdizadə