"İstənilən kitabın nəşrinə və satışına qoyulan qadağa aradan qaldırılmalıdır" - Fazil Mustafa
"Neçə illərdir, naşirlərlə, millət vəkilləri ilə, ziyalılarla birlikdə apardığımız intensiv çalışmalar öz nəticəsini verdi. Belə ki, kitabların, dərsliklərin idxalı və satışı, rulon və ya vərəqə şəklində kağızın idxalı və ixracı, KİV məhsullarının və kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti əlavə dəyər vergisindən tamamilə azad olunması barədə Vergi Məcəlləsində nəzərdə tutulan iki maddənin Milli Məclisdə müzakirəsi başa çatdı".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, tədbirdə millət vəkilləri, tanınmış naşirlər, jurnalistlər, yazarlar, kitab satışçıları iştirak edərək çox maraqlı təkliflərlə çıxış ediblər.
"Çıxışımda mən də illərdir ictimailəşdirməyə çalışdığımız bu məsələyə xüsusi dəstəyinə görə Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarovaya, eləcə də xüsusi zəhməti olan İqtisadiyyat Komitəsinin sədri hörmətli Tahir Mirkişiliyə təşəkkürümü bildirdim. Burada həm də qanunvericilikdə dəyişiklik təşəbbüsü ilə çıxış edən ölkə prezidentinin kitaba, nəşr işinə verdiyi önəmdən söhbət gedir. Bu dəyişiklik Azərbaycanda mütailəni stimullaşdıracaq, kitab sənayesində canlanma yaradacaq, habelə kitabların qiymətinin ucuzlaşmasına səbəb olacaqdır. Eyni zamanda təklif etdim ki, istənilən kitabın nəşrinə və satışına qoyulan qadağa aradan qaldırılmalıdır. Bu aministiya həm də dini mövzuda yazılan kitablara şamil edilməlidir. Əgər cəmiyyətimiz üçün təhlükəli məqamlar olarsa, buyurub məhkəməyə müraciət etsinlər və yalnız məhkəmə qərarı ilə hansısa kitabın satışdan çıxarılması mümkün olsun", - deyə deputat bildirib.












