Deputatın təşəbbüsü ilə "Tovuz döyüşləri" kitabının təqdimatı keçirildi

 11:29 09.11.2021     128

"NƏFƏS" İB-nin qərargahında keçirilən tədbirin aparıcısı - Milli Məclisin (MM) Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Zəfər Bayramı günlərində təqdimatı keçirilən "Tovuz döyüşləri" kitabının, Azərbaycan- Ermənistan dövlət sərhəddinin Tovuzdan keçən hissəsində 12-16 iyul 2020-ci ildə baş verən qanlı döyüşlərdən, orada şəhid olan qəhrəman hərbçilərimizin həyat və döyüş yolundan bəhs etdiyini bildirib. 

Redaktor.az xəbər verir ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra kitab və kitabın mövzusu üzrə çıxışlar başlayıb.

Kitabın müəllifi Güləmail Murad, kitabın önsöz müəllifi - "NƏFƏS" İB sədri Firəngiz Balakişiyeva nəşrin məğzi, şəhidlərimizin ömür yolu haqqında ürək sözlərini bölüşüb.

MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Zəfər Günü ərəfəsində Mədəniyyət Komitəsinin xətti ilə keçirilən silsilə tədbirlərdən danışıb, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onların silahdaşlarına həsr olunmuş kitab barədə fikirlərini bölüşüb:

"Biz hamımız tarixi Zəfər Günümuzün müəlliflərinə, onların əziz ailələrinə dərin ehtiramımızı bildirir, canını Vətən uğrunda qurban vermiş qəhrəmanlarımızın ruhu qarşında dərin ehtiramla baş əyirik.

Müzəffər Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın kamil rəhbərliyi ilə tarixi ədaləti bərpa edib. Belə bir əziz bayram günü ərəfəsində şəhidlərimiz - Milli Qəhrəman İlqar Mirzəyev, "Vətənə xidmətə görə" ordenli mayorumuz Anar Novruzov kimi peşəkar hərbçilərimizin ailə üzvlərinin iştirakı ilə onların döyüş yolundan, vətəncanlılığından söz açan kitabı təqdim etmək vəfa borcumuzun bir ifadəsidir. Burada millət vəkillərimiz, şəhid ailələri, yaralı qazilərimizlə sıx təmasda olan QHT rəhbərləri, gənclərimiz istirak edir. Pandemiya məhdudiyyətlərinə görə daha çox iştirakçı və bir ayri məkanda toplaşmasaq da, dəqiq bilirik ki, kimi bu tədbirə cağırsaq, dəvətimizi  qəbul edərdi.

Tovuz döyüşləri tarixi ədalətin bərpasına imkan verən 44 günlük müharibədəki qələbəmizə gedən yolun əsasyaradıcı hissəsi oldu. Necə deyərlər, 4 gündən 44 günə yol - uğurlu yol göründü.

Güləmail xanım bu kitabın üzərində çox zəhmət çəkib, hər bir şəhidin evini ziyarət edib, onların şəxsi əşyaları, əlyazmaları ilə tanış olub; o, şəhid ailələrinin hiss-həyəcanına, müharibənin ağrı-acılarına yaxından bələddir və o, bu kitabı da ürəyini dinləyərək yazıb.

Əlbəttə, bu gün ən böyük təsəllimiz torpaqlarımızın işğaldan azad olunması, o torpaqlarda böyük infrastruktur layihələrinin icrası, quruculuq, abadlıq işlərinin aparılmasıdır. Şuşada dalğalanan üçrəngli müqəddəs bayrağımız, 8 noyabr Zəfərimiz bugünləri görməyən oğullarımızın ruhunu şad edən böyük səbəblərdir. 

Mən Tovuz döyüşləri başlarkən rayona yola düşdüm, atəşkəs bərpa olununcayadək orda oldum. 

Mənim Polad Həşimovu da, İlqar Mirzəyevi, Anar Novruzovu da, o biri hərbçilərimizi də yaxından tanımaq fürsətim oldu.

Onlar düşməni Tovuzda durdurub, düsmənə zərbə vurdu və xalqımızın möhkəm birliyinin simvoluna çevrildi.

Heç zaman unutmayacağıq.

Bu kitab da sevgi, sayğının ifadəsidir".

Deputatlar - akademik Nizami Cəfərov, Məşhur Məmmədov Tovuz döyüşlərindən çıxan nəticələr, təqdim olunan kitabın məziyyətləri barədə danışıblar. Millət vəkilləri Tovuz döyüşlərində şəhid olan peşəkar hərbçilərin öz talelərini şüurlu şəkildə müəyyənləşdirdiklərini vurğulayıblar.

"Qazax xeyriyyə cəmiyyəti"nin sədri Prof.Dr. İlham Pirməmmədov, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB sədri A.Bağırova, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Hacıyev Tovuz doyüşlərində şəhid olan mərd Vətən övladlarının öz həyatları ilə bugünkü və gələcək nəsillərə örnək olduğunu bildirib, "Tovuz döyüşləri" kimi kitabların öyrədici özəlliklərini vurğulayıb.

Natiqlər bu il birinci dəfə qeyd etdiyimiz 8 noyabr - Zəfər Bayramı Gününün tarixi önəmindən, bu günu bizə bəxş edən oğulların hünərindən, şəhidlər haqqında yazılan əsərlərin tərbiyəvi əhəmiyyətindən danışıblar.

Tədbirin təşkilatçısı Nəfəs İB-nin  sədri F.Balakişiyeva təqdim olunan kitabın müəllifi G.Murada və şəhid ailələrinin üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

M.Quliyevsə şəhid ailələrinə, yaralı qazilərimizə davamlı dəstəyi ilə seçilən "NƏFƏS" İB sədri Firəngiz Balakişiyevaya və RHİM İB sədri A.Bağırovaya Təşəkkür plaketi təqdim edib.

Sonda şəhid Milli Qəhrəman İlqar Mirzəyevin anasi Gülnar xanım, qardaşı Rəfael Mirzəyev, qəhrəmanın yaxin dostu - polkovnik Mürşüd Babayev, səhid mayor Anar Novruzovun qardaşı Sücəddin Novruzov kitab və təqdimat mərasimindəki çıxışlar barədə öz ürək sözlərini bölüşüblər.

22