Balaş Azəroğlunun 100 illik yubileyi qeyd olundu - VİDEO

 11:42 12.11.2021     97

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Xalq şairi Balaş Azəroğlunun 100 illik yubileyi münasibətilə onlayn konfrans keçirilib.

Konfransın aparıcısı, MM Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı 2021-ci ilin mərhum Xalq şairinin və onun ömür-gün yoldaşı, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün doğum və vəfat tarixlərinin ildönümləri baxımından əlamətdar olduğunu bildirib: "2021-ci İl Xalq şairinin anadan olmasının 100, vəfatının 10-cu ildönümüdür; həmçinin Mədinə Gülgünün anadan olmasının 95, vəfatının 30-cu ildönümüdür. Adları çəkilincə Güneyli Quzeyli Azərbaycan yada düşən, öz yaradıcılıqlarında daha cox Vətəndən, xalqın azadlıq ruhundan yazan şairlərimizin ruhunu yad etmək, şad etmək ədəbiyyat, mədəniyyət aləmimizin vəfa borcudur".

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq şairi Balaş Azəroğlu və onun ömür-gün yoldaşı Mədinə Gülgünün şeirlərini hələ uşaq vaxtlarından sevə-sevə oxuduğunu, ailəsində Güney Azərbaycanla bağlı ədəbiyyatın həmişə əziz tutulduğunu vurğulayıb:

"Bizim evdə Şəhriyarın böyük portreti vardı, yaşıdlarımız olan uşaqlar bizə gəlincə sual edirdilər ki "bu, babanızınmı şəklidir"? Atam ədəbiyyat müəllimi və Azərbaycan ədəbiyyatının bilicisiydi. Evimizdə atamın, əmim professor Qəzənfər Paşayevin iştiraki ilə tez-tez ədəbiyyat söhbətləri, polemikalar gedərdi. Belə söhbətlərdə məşhur ziyalılılarımızı görmüş, tanımışam. Sonralar mən televiziyada işləyərkən Balaş Azəroğlu ilə dəfələrlə görüşüb, müzakirələr apardım. Uşaqkən evimizdə gedən söhbətlərin bir basqa qatını, bədii sözümüzün siqlətini Balaş müəllimdən əxz edirdim. Özəlliklə Güney Azərbaycan ədəbiyyatının, ədəbiyyatçılarının tarixi, gələcəyə baxışı haqqında ondan qiymətli fikirlər aldım. Balaş müəllim necə deyərlər, canlı ensiklopediya idi, xatirələri çox zəngindi".

Xalq şairinin yaradıcılığından çoxsaylı nümunələr gətirən Komitə sədri onun Mədinə xanıma yazdığı gözəl şeiri, ümumən lirikasını vətən mövzulu, vətən həsrətli şeirlərindən ayırmadan təhlil edib.

Q.Paşayeva Balaş Azəroğlunun və Mədinə Gülgünün seçmə şeirlərindən ibarət kitabın hazırlanıb Azərbaycanda və Türkiyədə nəşr edilməsi təşəbbüsü ilə çıxış edib.

Millət vəkili çıxışlarda səslənəcək təşəbbüslərin, təkliflərin, habelə onlayn konfransa texniki dəstək verən ADPU Quba filialının sosial media hesabları üzərindən edilən canlı yayına gələn rəylərin öyrəniləcəyini, konfrans materiallarının çap ediləcəyini bildirib.

Komitə sədri dekabrda M.Gülgünün 95 illik yubileyinə həsr olunmuş konfransın da planlaşdırıldığını bildirib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli nazir Anar Kərimovun salamlarını çatdırıb, şairin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşərək, Q.Paşayevanın kitabların nəşri mövzusunda təşəbbüsünə dəstək ifadə edib. O, nazirlik və komitənin Xalq şairinin və onun ömür-gün yoldaşının xatirəsinə kitablar hazırlanmasını yaxin zamanda birgə müzakirə etməyi təklif edib.

AYB sədrinin müavini, "525-ci qezet"in baş redaktoru Rəşad Məcid AYB sədri, Xalq yazıçısı Anarın salamlarını catdırıb. O, Balaş Azəroğlu ilə bağlı xatirələrini danışıb, onun ədəbiyyatşünaslıq xidmətlərini xatırladıb. R.Məcid MM Mədəniyyət komitəsinin şair və yazıçıların xatirəsinə, irsinə diqqət və qayğısını minnətdarlıqla qeyd edib.

Xalq şairinin oğlu Etibar Abizadə, şair, ədəbiyyatşünas Dos.Dr.Təranə Turan Rəhimli, Xalq şairinin nəvəsi Aysel Abizadə Balaş Azəroğlunun şair, vətəndaş, ədəbiyyatşünas, ictimai xadim kimliyi ilə yanaşı səmimiyyəti, sadəliyi, xəlqi xüsusiyyətləri haqqında danışıb. Xalq şairi Guneydə Quzey, Quzeydə Guney həsrəti çəkən ziyalı, hicranla dolu ömür sürmüş şəxsiyyət olaraq xarakterizə olunub.

"Vektor"un qurucu-basqanı, şair Prof.Dr.Elcin İsgəndərzadə, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB sədri Arzu Bağırova, musiqişünas Prof.Dr. Maya Qafarova,

Təbrizli gənc şair Ümid Nəccari, DGTYB basqanı İntiqam Yaşar mərhum Xalq şairinin gənc nəslə örnək həyat və yaradıcılığı haqqında mülahizələrini bölüşüb.

Sonda, şairin oğlu Etibar Abizadə iştirakçılara, tədbirə dəstək verən qurumlara təşəkkür edib.