"Müəllim” sözünü “ayə” tipli ucuz müraciət formasına çevirməyin - Vilayət Quliyev

 12:05 26.11.2021     580

Mobil telefonun ən müxtəlif modifikasiyalarının meydana çıxmasına baxmayaraq artıq dünya çapında rəsmi ünsiyyətin əsas vasitəsi elektron məktublardır (e-mail). Beynəlxalq təşkilatlarda fərqli mərtəbələrdə, hətta qonşu otaqlarda oturan əməkdaşlar da işgüzar ünsiyyəti əsasən e-maillər, yazılı mesajlar vasitəsi ilə aparırlar. Çünki hər e-mail artıq yazılı sənəd statusu qazanır, söz kimi havaya uçub unudulmur. “Dear Sir/Madam” (“Əziz cənab/xanım”) sözləri ilə başlanıb “Faithfully yours/Best regards” (“Sizə sadiq/Ən xoş salamlarla”) sözləri ilə bitən bu məktublarda məsələnin məğzi lakonik şəkildə izah olunur.

İllər öncə qədim və vəzifəli bir dostumla müştərək layihə üzərində işləyirdik. Tez-tez fikir mübadiləsi aparmaq, yazışmaq lazım gəlirdi. Bilmirəm, dostum İnternetdən istifadə edə bilmirdi, yoxsa belə xırda şeylərə vaxt itirmək istəmirdi – işi katibəsinin öhdəsinə buraxmışdı. Bu katibənin saymazyana tərzdə, müraciətsiz, salam-sağolsuz, əmr tonunda yazdığı e-maillər türklər demiş, moralımı o qədər pozdu ki, əslində çox faydalı olacaq layihə başa çatdırılmamış qaldı...

Hər dəfə nəşriyyat və redaksiyalardan adsız “Müəllim...” müraciəti ilə başlayan elektron məktublar alanda yazıram ki, filan xanım, yaxud bəy, “müəllim” müqəddəs peşənin adıdır. Onu “ayə” tipli ucuz müraciət formasına çevirməyin. Müəllimi ən azı şəxsin adının sonuna əlavə edin.

Müraciət və yazı mədəniyyəti, məmur mədəniyyəti cəmiyyətimizdə həllini gözləyən məsələlərdəndir. Bəzən, hətta əski zamanların “yoldaş” kəlməsi üçün darıxmalı olursan. (Yeri gəlmişkən, “yoldaşlar” sözündən müraciət forması kimi hələ XIV əsrdə Nəsimi istifadə etmişdi.

Vilayət Quliyev,

tənqidçi, ədəbiyyatşünas