Əziz Səncərə “Nizami Gəncəvi" Qızıl Medalı verildi

 14:25 22.12.2021     280

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında “Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” mövzusunda AMEA Rəyasət Heyətinin Xüsusi iclası keçirilib.

Redaktor.az xəbər verir ki, Əvvəlcə "Nizami Gəncəvi İli"ndə AMEA-da nəşr edilmiş kitabların və rəsm əsərlərinin sərgisinə baxış keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti Ramiz Mehdiyev Nizami ili çərçivəsində AMEA-nın gördüyü işlər haqqında danışıb.

O qeyd edib ki, AMEA-nın əməkdaşlarının iştirakı ilə Nizami Gəncəvi haqqında 45 monoqrafiyanın çap olunması böyük hadisədir:

"Humanitar və İctimai elmlər bölməsindən mənə verilən məlumata görə, 2021-ci ildə Akademiyada çap olunan kitablar iyirminci əsr ərzində Nizami haqqında yazılmış kitablardan qat-qat çoxdur. Yeni dövr nəşrlərində tamamilə fərqli mövzular və problemlər öz əksini tapmışdır".

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” haqqında məruzəsi dinlənilib.

Akademik məruzəsində qeyd edib ki, ölkənin digər təşkilatlari kimi AMEA- da da genişmiqyaslı işlər aparılıb:

"Nizami Gəncəvinin irsinin sistemli öyrənilməsinə iyirminci əsrin əvvələrindən başlanmışdı. Nizami Gəncəvinin irsinin öyrənilməsində yeni mərhələ Heydər Əliyevin adı ilə bağlıdır. Onun müvafiq qərarından sonra Azərbaycanda şair haqqında bir neçə istiqamətdə işlər görülüb. Bu dövr həm də fundamental tədqiqatlar dövrüdür.

Nizaminin irsinin öyrənilməsində ən yeni mərhələ Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin sərəncamına uyğun olaraq beynəlxalq miqyasda bütün dünyaya tanıdılması istiqamətində mühüm işlər görülüb".

Sonra Nizami Gəncəvi ilində AMEA-nın nəşrlərinin haqqında slayd təqdim olunub.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı akademik Rafael Hüseynov Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatında tutduğu yerdən danışıb. O qeyd edib ki, Nizamı ilə Azərbaycan böyük görünür:

"Bu il başdan-sona qədər Nizami ili ilə bağlı oldu. Şairin bundan öncə qeyd olunan yubileyləri bir yaxud bir neçə gün keçirilib. Ancaq bu il Prezident İlham Əliyevin Sərəncamına əsasən bütün il Nizami ili - ədəbiyyat bayramı elan edildi.

Orta Əsrlərdə yaşamış əski şairlərimizi tanımaq üçün biz təzkirələrə üz tuturuq. Nizami yeganə şairdir ki, yazılan təzkirələrin hamısında dahi kimi təqdim olunur. Nizami Gəncəviyə ona görə bu gün də hücumlar var ki, Nizamı ilə Azərbaycan böyük görünür".

Sonra Azərbaycan Respublikasının “Nizami Gəncəvi adına Qızıl Medalı" Ramiz Mehdiyevə təqdim olunub. Əcnəbi alimlərdən isə medala Nobel mükafatı laureatı Əziz Səncər layiq görülüb.

Sonda fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında" 5 yanvar 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar baş tutub.