Nizami Gəncəvinin əsəri Türkiyədə səhnələşdirildi - FOTO

 23:40 24.12.2021     326

İstanbulda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ədibin “Kərpic kəsən kişinin dastanı” poeması əsasında hazırlanan tamaşanın nümayişi olub.

Redaktor.az xəbər verir ki, teatr səhnəciyi 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü və Azərbaycanın böyük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümünə həsr edilib.

Tədbir ölkəmizin İstanbuldakı Baş konsulluğu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), İstanbulun Sarıyer bələdiyyəsi, qardaş ölkədə fəaliyyət göstərən “Xarıbülbül Vizion Teatrı” tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Baş konsul Nərminə Mustafayeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Sarıyer Bələdiyyəsinin sədr müavini Hüseyin Coşkun, TÜRKSOY-un təmsilçisi Elçin Qafarlı və “Xarıbülbül Vizion Teatrı”nın rəhbəri Kəmalə Cabbarova Azərbaycanın böyük mütəfəkkiri və şairinin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Dahi Nizaminin Azərbaycan, eləcə də dünya ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunublar.

Sonra tamaşa nümayiş etdirilib.

Səhnə əsərinin baş koordinatoru Yunus Soyupek, bədii rəhbəri Kəmalə Cabbarova, ssenari müəllifi və rejissoru Adem Yaşardır.

Tədbir əsnasında dahi Nizami Gəncəvinin əsərlərini əks etdirən şəkillərdən ibarət sərgi təşkil olunub.

Mərasimdə həmçinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əməyi keçən media mənsublarından olan “Sabah Qəzeti”in müxbiri Uğur Yıldırım, “TV 100” telekanalından Ali Burak Ersemiz, “Haber Global” kanalından Osman Girgin və “Habertürk”dən Çetiner Çetinə mükafatlar təqdim edilib.

222222