Komitə sədri Əməkdar artisti təbrik etdi - FOTO

 09:57 25.12.2021     347

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Əməkdar artist Nadir Xasıyevlə görüşüb.

Redaktor.az xəbər verir ki, deputat onu 60 illik yubileyi münasibəti ilə təbrik edib:

"Sizi, tanınmış Azərbaycan aktyoru, respublikamızın Əməkdar artisti və Prezident Mükafatçısını 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz Musiqi komediya aktyoru və Vokal ixtisası üzrə ali təhsil almısız. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışdıqdan sonra, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmusuz. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə tamaşaçı rəğbəti qazanan bir aktyor olaraq, siz, öz  işgüzarlığınız, gərgin əməyiniz, məlahətli səsinizlə musiqili komediya janrının tələblərinə tez alışmış, teatrda aparıcı aktyorlar sırasına yüksəlmisiniz. Sizin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və b. obrazlarınız  orijinallığı, məharətli ifa tərzi ilə fərqlənir.

Siz 1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına, 2019, 2020 və 2021-ci illərdə Prezident Mükafatına, 2019-cu ildə Əməkdar artist fəxri adına layiq görülmüsüz.

Sizi bütün uğurlarınız və 60 illik yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Komitə sədri yubilyara Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Görüşdə “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva da iştirak edib. O da sənətkarı təbrik edərək ən xoş arzularını dilə gətirib.

222