Klassik irsimizin "Nadireyi zəmanə"si - Fatma xanım Kəminə

 11:47 27.12.2021     318

Fatma xanım Kəminə – 180

Fatma xanım Kəminə (1841-1898) XIX yüzil Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan, adı Aşıq Pəri, Xurşudbanu Natəvandan sonra üçüncü Qarabağ şairi kimi ehtiramla yad edilən, görkəmli qadın klassiklərimizdən biridir. Bu günümüzə gəlib çatan 500-ə yaxın şeiri, qəzəli onun Azərbaycan ədəbiyyatında mühüm yer tutan qadın şairlərimizdən biri olduğunu təsdiqləyir. Dövrünün məşhur şairlərindən olan Fatma xanım Kəminənin yaradıcılığının böyük bir qismi və həyatı barədə elmə bəlli məlumatlar azlıq təşkil edir.

Lakin XIX yüzil təzkirəçilərinin kitablarında Fatma xanımın şeirlərinin və özkeçmişinin verilməsi, yaradıcılığından ədəbiyyat tariximizin önəmli bir səhifəsi kimi hörmətlə söz açılması göstərir ki, o, öz dövründə yetərincə tanınan və söz əhli tərəfindən yüksək dəyərləndirilən sənətkar olub. Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” kitabına Fatma xanımın şeirlərini daxil etmiş, şairin yığcam tərcümeyi-halı nəzərə çatdırmışdı. XIX yüzildə yaşayıb-yaradan Firudin bəy Köçərli ədəbiyyat tariximizin təməlini qoyduğu “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərində Azərbaycanın dahi klassikləri ilə yanaşı bu Qarabağlı qadın şairin yaradıcılığına da yer vermişdir. Firudin bəy Köçərli onun bədii irsini yüksək dəyərləndirərək, Fatma xanım Kəminəni “Nadireyi zəmanə”, “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” adlandırmışdı. Ümumiyyətlə, bir sıra Qarabağ təzkirəçiləri öz əsərlərində Fatma xanım Kəminədən söz açmışdı: bu da onu göstərir ki, çağdaşları şairin yaradıcılığına xüsusi diqqətlə yanaşmışdı.

Fatma xanım Kəminənin Respublika Əlyazmalar İnstitutunda mühafizə olunan bəzi şeir və əlyazmaları klassik irsimizin dəyərli örnəkləri kimi diqqətəlayiqdir. Bir sıra Qarabağ şairlərinə yazdığı məktublar, nəzirələr də önəmli əlyazmalar olaraq qorunub saxlanır.

Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində, öz dövrünün hörmətli şəxslərindən olan Mirzə Bəybaba Əlyarbəyzadə oğlu Tahirzadənin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından ağıl və dərrakəsi ilə yaşıdlarından seçilən, gəncliyində zərifliyi, gözəlliyi ilə diqqəti cəlb edən Fatma xanım, yaşından irəli gedən dünyagörüşü, ağlı və müdrikliyi ilə onu tanıyanların ehtiramını qazanıb. Onun çağdaşları tərəfindən tanınıb sevilməsində, ehtiram görməsində bədii yaradıclığı ilə yanaşı, bu keyfiyyətlərin də önəmli rolu olub. İlk təhsilini Şuşada alan Fatma xanım fars dilini də ana dili səviyyəsində bilib, dövrünün elmlərini dərindən öyrənmək imkanı olub. Eləcə də şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şuşa əhli dövrün savadlı qadınlarından biri kimi ona “Mirzə Fatimə xanım” deyə xüsusi hörmətlə müraciət etmiş, şəxsiyyətinə rəğbət bildirmişlər. Onun İstanbulda 5 il təhsil aldığını göstərən Xalq yazıçısı, professor Əzizə Cəfərzadə, bir vaxtlar şairin nəticələri ilə apardığı söhbətlərə əsasən bu nəcib şairin mehriban, əliaçıq və qayğıkeş bir insan olduğunu yazırdı.

Elmi mənbələrdə zəmanəsinin böyük irfan əhli kimi səciyyələndirilən Fatma xanım Kəminə ədəbiyyat ovqatı olan, tez-tez şeir məclisləri təşkil edilən bir evdə böyüyüb. Onun atası və əmisi Yəhya bəy din xadimi olmaqla yanaşı, həm də şair idilər. Atası Mirzə Bəybaba “Fəna” təxəllüsü ilə şeirlər yazmış, zəmanəsinin tanınmış şairi olmuşdu. Belə bir mühitdə dünyagörüşü inkişaf edən Fatma xanım şeirə, sənətə erkən yaşlarından sevgi bəsləmişdir. Şairin lirik, aşiqanə nəğmələri sonralar oxucunu dərindən düşündürən fəlsəfəsi ilə diqqəti cəlb etmiş, şeirlərinə irfani dünyagörüşün təsiri bu poeziya incilərini daha çox sevdirmişdir. Sufizm düşüncəsi Fatma xanım Kəminə şeirlərinin ruhuna hopmuşdur.

Fatma xanım Kəminə klassik şeir şəkillərinin bütün incəliklərinə bələd idi. Onun bu janrda yazdığı əsərləri şairin əruzşünaslığa dərindən bələd olduğunu təsdiqləyir. Məmmədağa Sultanov şairin fars dilində qəzəllərini Azərbaycan dilinə tərcümə edərkən müəllifin bu dilə dərindən bələd olması ilə yanaşı, əruz elmini mükəmməl bildiyini də müşahidə edərək yazırdı: “Buna görə də yazdığı saqinamə və qəzəllərinin əksəriyyəti bir çox fars şairlərinin əsərlərindən üstündür”.

Dövrün poetik ruhu əruzla “nəfəs alsa da”, şairin xalq şeiri vəzni olan hecada da gözəl örnəklər yaratdığı haqqında təzkirələrdə müəyyən məlumatlar öz əksini tapıb. Öz dövründə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazan Fatma xanımın həmin əsərlərinin çox az qismi bu günümüzə gəlib çatmışdır.

Fatma xanım Kəminənin şeirlərinin sayı Mir Möhsün Nəvvabın təzkirəsində 400, Firudin bəy Köçərlinin tədqiqatında 500 olaraq göstərilir. Bəllidir ki, XIX yüzilin poetik mənzərəsi daha çox ədəbi məclislərin fəaliyyəti ilə dolğun görünür. Ədəbi məclislərin ən məhsuldar olduğu bu yüzillikdə Azərbaycanın müxtəlif bölgələrində “Divani-hikmət”, “Gülüstan”, “Əncüməni-şüəra”, “Qönçeyi-ülfət”, “Fövcül-füsəha”, “Məclisi-üns”, “Beytüs-səfa”, “Məclisi-fəramuşan”, “Məcməüş-şüəra”, “Pərvanə” ədəbi məclisləri bir çox görkəmli şairlərin yetişməsində və bütövlükdə Azərbaycan şeirinin inkişafında son dərəcə əhəmiyyətli rol oynamışdı. Bunlardan ikisi, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdı. Fatma xanım Kəminə bu məclislərin ikisi ilə də yaxın əlaqə saxlamışdır. O, Şuşada Mir Möhsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fəramuşan”ın ən fəal iştirakçılarından biri idi. Həmçinin Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns”ədəbi məclisinin üzvləri ilə ədəbi dostluq münasibətləri olmuş, onlarla şeirləşmişdir.

Fatma xanım Kəminənin yaşadığı dövrdə əsərləri dillər əzbəri olmuş, xalq sevgisini qazanmışdı. Lakin XIX yüzilin görkəmli ədəbi simaları sırasında adı hörmətlə çəkilən bu şairin əsərləri hələ də tam şəkildə çap edilməmiş, demək olar ki, onun şeirlərinin əksəriyyəti əski əlifbadan transliterasiya edilərək oxuculara çatdırılmamışdır. Görkəmli ədibimiz Əzizə Cəfərzadənin 1971-ci ildə toplayıb nəşr etdirdiyi “Fatma Xanım Kəminə” (“Gənclik” nəşriyyatı, Bakı) kitabı şairin bədii irsini Azərbaycan oxucusuna təqdim edən yeganə mənbədir. Broşüra formatında çap edilən həmin kitabçada şairin bir neçə qəzəl, qitə və qoşması, həmçinin ona həsr edilən şeirlərdən örnəklər verilib. XIX yüzil ədəbiyyatından bəhs edən tədqiqatlarda, həmçinin aşıq və şair qadınlardan söz açan kitablarda Fatma xanım haqqında fikirlərlə birlikdə, şairin yaradıclığından poetik parçalar da yer alıb; lakin şairin əldə olan yaradıcılıq örnəklərinin bütöv halda toplanıb nəşr edilməsinə ciddi ehtiyac vardır.

Fatma xanım Kəminə 56 yaşında dünyadan köçüb. 1898-ci ilin sentyabrında Şuşada həyatla vidalaşan şairin vəfatı dərin bir hüzn doğurub. Şairin vəfatı xəbəri nəinki doğulub yaşadığı Şuşada, bütün Qarabağda şair və maarifpərvər ziyalılar tərəfindən kədərlə qarşılanıb. Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Fatma xanım Kəminənin ölümünü ağır itki kimi dəyərləndirmişdi. O, yazırdı: “Zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi ki, onun vəfatı cümlə-şüəranü üzrəfayi-Qarabağda böyük bir yas oldu.”

Fatma xanımın mənsub olduğu ailə qələm əhli idi. İstər ata nəslinin, istərsə də ər qohum-əqrəbasının güzəranı qələmə bağlı olmuş, əksəriyyəti mirzə, katib, dilmanc işləmişdi. Əzizə Cəfərzadə yazırdı: “Onlardan bir neçə hərbçi zabitlər yetişmişdirsə də, əksəriyyəti ziyalıdır. Bu ziyalılar, zabitlər arasında hətta inqilabçı kimi də tanınmışdılar. Kəminənin qayınlarından Hacı bəy Sultanov Türkmənistanda, Fərəc bəy Sultanov Qafqazda azadlıq uğrunda mübarizə aparan insanlar kimi tanınmışlar. Həyat yoldaşı Sadıq bəy Mirzeynal oğlu isə indiki Füzuli rayonunun Saracıq kəndindən idi. Onların Əşrəf bəy və Rəşid bəy adlı iki oğlu, Tutu, Humay və Qumru adlı üç qızı olub. Bu nəslə mənsub olan övladların çoxu öz işləri və əməlləri ilə həmişə seçilən məşhur simalar kimi tanınıb. Hətta sonralar nəsildə Kəminə adlı cavan bir pöhrə də böyüyüb (şairin kötücəsi). Vaxtilə “Pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri işləmiş Leonid Tahirov, respublikamızın uzun illər xarici işlər naziri olmuş Tahirə Tahirova məhz Fatimə xanım Kəminənin şəcərəsinə mənsubdur.”

Bəllidir ki, XIX yüzildə Qarabağda yaşayıb yaradan şairlərin ən çox müraciət etdiyi qəzəl janrı olmuşdur. Hətta şairlərin məktublaşmalarında da bu janra üstünlük verildiyi müşahidə olunur. Klassik ədəbiyyatın simvollaşan bu janrında uğurlu örnəklər yarada bilən söz sənətinə “vəsiqə alırdı.” Fatma xanım Kəminə də çağdaşları kimi əsasən qəzəl janrında yazıb-yaratmışdır. Qəzəllərinin əsas mövzusu ülvi məhəbbət, saf, təmənnasız eşqin gözəlliyi idi. Klassik şeir şəkillərindən qəzəl janrı əsasən kədər motivi, dərd-qəm, aşiqin göz yaşları və s. pessimist duyğularla yüklənən bir janrdır; lakin Fatma xanım bu janrda da oxucuya ümid, inam aşılaya bilirdi. Fatma xanım Kəminənin yaradıcılığını çağdaşlarından fərqləndirən başlıca cəhət şeirlərinin nikbin ruhu ilə bağlı idi. O, ən kədərli mövzuda yazsa belə, əsərlərində bir ümid işığı, inam çaları vardı. Bu özəllik Fatma xanımın şeirlərinə qarşı daha böyük maraq yaradırdı.

Mənbələrdən bəllidir ki, Fatma xanım Kəminə çağdaşı Xurşudbanu Natəvanla çox yaxın rəfiqə olmuş, bu dostluğun təməlinin qoyulmasında onların sıx ədəbi ünsiyyəti, “Məclisi-üns”də bir araya gəlmələri də önəmli rol oynamışdı. Qarabağ ədəbi mühitinin bu iki görkəmli şairi bir-birinə nəzirələr, qəzəl janrında məktublar da yazmışdır. Xurşudbanu Natəvanın yüksək zövqünə, gözəlliyinə, kübarlığına valeh olan Fatma xanım Kəminə şairə ünvanladığı qəzəllərinin birində yazırdı:

Cana, bu nə cadudur, qaşu göz arasında,

Nitqim tutulur görcək hərdəm, söz arasında.

Gər nə görsə Züleyxavu Yusif səni bəzmində,

Məbhut qalar onlar yüz min qız arasında.

Natəvanın oğlu vəfat edəndə Fatma xanım yaralı ananın dərdli qəlbinə məlhəm şeirlər yazaraq, rəfiqəsinin, sənət həmkarının qəmini bölüşmüşdür. Həmin şeirlər Natəvanın özünün bu müsibətə həsr etdiyi şeirlər qədər insanın qəlbini göynədir:

Natəvanın gözünün nuru Abbas almadı kam,

Bircə an olmadı rahət, ömürü oldu tamam.

Çox təəssüf ki, pənah bürcünü Ay tərk elədi,

Möhnət üz verdi seyid nəslinə bir nəhs axşam...

Dövrünün tanınmış sənətkarlarından biri kimi böyük hörmət sahibi olduğundan, yaradıcılığına və şəxsiyyətinə rəğbət bəsləyən bir çox müəlliflər hələ sağlığında ona çoxlu şeirlər, qəzəllər həsr etmişlər. Özəlliklə də qadın şairlər Kəminəni özlərinə bir ustad, müəllim hesab edib. Ərdəbilli Mustafa xanın qızı Ziba xanım Ləli, Qəmər bəyim və başqaları Şuşalı şair xanımı vəsf edən qəzəllər yazıb. 36 misradan ibarət olan bir mənzum məktubda Şaxis təxəllüslü bir şair öz çağdaşı Kəminə xanımın kasıblara əl tutan, böyük ürəyə sahib, insanpərvər olduğunu dilə gətirərək yazırdı:

Mehri-lütfün füqəranın başına sayə salıb,

Əzhəri-şəmsidi bu, mən necə inkar qılım?!

Firudin bəy Köçərlinin də yazdığı kimi, Fatma xanım Kəminənin zahiri gözəlliyi ilə daxili aləminin zənginliyi bir vəhdət təşkil etmiş, uca mənəviyyatı, pak əxlaqı, işıqlı siması ilə qazandığı sevgi sayəsində onun əsərləri dövrünün bir çox tanınmış şairinin əsərlərindən üstün tutulmuşdur. Yaradıcılığının çağlayan bir dövründə həyata vida edən, iflic xəstəliyindən qəfil vəfat edən şairin 56 illik ömür xronikasının ən mükəmməl təsviri isə onun qəzəl, qitə və qoşmalarında öz bədii əksini tapmış, müəllifinə ədədiyaşarlıq qazandırmışdır.

Ruhu şad olsun!

Qənirə Paşayeva, 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

2