Əzizə Cəfərzadənin 100 illik yubileyi ilə bağlı konfrans keçirilib - VİDEO

 21:18 28.12.2021     282

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin dəstəyi ilə Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. 

Redaktor.az xəbər verir ki, konfransın aparıcısı - MM Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı konfransın MM Mədəniyyət Komitəsinin təşəbbüsü, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin, “NƏFƏS” İB-nin dəstəyi, ADPU Quba filialının texniki dəstəyi ilə keçirildiyini bildirib. O, onlayn konfransda Türk ölkə və topluluqlarından olan yazarların, aydınların da iştirak etdiyini vurğulayaraq, Xalq yazıçısının yaradıcılığında, ictimai fəaliyyətində Dünya Azərbaycanlıları ilə yanaşı, Türk dünyasının da özəl yeri olduğunu bildirib.

MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbirdə geniş çıxış edib, Xalq yazçısı ilə unudulmaz görüşlərindən söz açıb, xatirələrini bölüşüb:

“Əziz Əzizə xanımın 100 illik yubileyi bağlı konfransın bütün iştirakçılarını salamlayır, bəri başdan hər birinizə təşəkkür edirəm! Xüsusi təşəkkürümü Əzizə xanımın varisi Turan İbrahimova bildirmək istəyirəm. Biz onunla Komitədə də görüşdük, ətraflı müzakirə apardıq və biləndə ki o, anasının irsinə nə qədər sadiqdir, o əziz irsi necə göz bəbəyi kimi qoruyur, buna görə çox məmnun oldum.

Həyatda yalnız bir dəfə ən çox xoşbəxt olduğu anı Əzizə xanım özü belə anladırdı: “Xalqlar həbsxanasının dağılmasından sonra Kirovun Bakının dağüstü parkındakı “çalağana bənzəyən” heykəlinin uçurulduğu gün həyatımda ən xoşbəxt gün idi”! O, bu fikri söhbətlərimiz, müsahibələrimiz zamanı bir neçə dəfə söyləmişdi. Bu xoşbəxt anı anlatdığı zaman onun gözlərinin dərinliyindəki mənanı – o keşməkeşli illərin yaşantılarından sonra belə bir sevincin doğurduğu həyəcanı sözlə ifadə etmək çox çətindir. “Gələcək nəslimiz üçün sakit, dinc, müstəqil bir vətən istəyirəm, xoşbəxt bir istiqbal arzulayıram”. – Bu, əziz Əzizə xanımın millətimizə, ölkəmizə ən böyük diləyi idi.

Əzizə Cəfərzadə şəxsən mənim uşaqlıq, gənclik illərimdə, jurnalistlik fəaliyyətim dövründə hər zaman heyranlıqla oxuduğum, yaradıcılıq uğurlarını izlədiyim, yaxından tanımaqdan şad olduğum, söhbətlərindən böyük zövq aldığım, bir neçə dəfə ədəbi dialoq, müsahibə, fikir mübadiləsi aparmaq şərəfinə, xoşbəxtliyinə nail olduğum möhtəşəm xanıməfəndiydi.

Bu il – 29 dekabr 2021-ci ildə bu böyük yazıçının, önəmli ədəbi şəxsiyyətin 100 illik yubileyidir. O, milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX yüzil Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri kimi xalqımıza əzizdir. Xalq yazıçısı, tarixi roman janrının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, bir sözlə, öz ömrünə bir neçə ömrün işini sığdıran Əzizə Cəfərzadə haqqında yazmaq və danışmaq həm asan, həm də çətindir. Biz onun yaradıcı şəxsiyyətini çoxşaxəli fəaliyyətindən – əsərlərindən, kitablarından, televiziya, radio verilişlərindən yaxşı tanıyırıq. Amma bu zəngin fəaliyyət yolunu bütün çalarları, parametrləri ilə geniş şəkildə əhatə etmək, anlatmaq o qədər də asan deyil. Çünki Əzizə Cəfərzadənin keşməkeşli ömrü çox kiçik yaşlarından başlayan mübarizələrlə dolu bir yoludur. İlk qələm təcrübəsi olan “Əzrayıl” adlı hekayəsini məşum 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirdiyi vaxtdan ədəbi həyata vəsiqə alan yazıçının həyat və yaradıcılıq yolu o qədər böyük və genişdir ki, onu araşdırdığın, haqqında yazdığın zaman bu zənginliyə heyran olmamaq, onun dözümünə, iradəsinə qibtə etməmək mümkün deyil.

Onun ömrü çətinliklər, sınaqlar və təlatümlərlə keçmişdi; amma heç zaman qürurunu, mətanətini sındırmamışdı. Bütün çətinliklər qarşısında təmkinlə, vüqarla dayanıb məğrurluğunu qoruya bilmiş, mübarizəsini davam etdirərək xalqı üçün qiymətli bir ədəbi irs qoymuşdur. Bu zəngin ədəbi irsin hər bir səhifəsi isə Vətənin milli-tarixi taleyi, mənəvi-əxlaqi dəyərləri, çoxəsrlik ulu mədəniyyəti ilə bağlıdır. Buna görə də həmin əsərlər Azərbaycanın bu günkü və gələcək nəsilləri üçün çox dəyərli milli-mənəvi mirasdır.

Təsəvvür edin: tarixə repressiyanın tüğyan etdiyi il kimi düşmüş 1937-ci ildə əski Azərbaycan əlifbası ilə yazılan kitabların yandırılması haqqında qərar veriləndə Əzizə xanım evlərində bu əlifba ilə yazılan kitabları həmin yanğınlardan qorumaq üçün bir kisəyə yığaraq çay kənarında basdırmışdı. Bəli, məhz Əzizə Cəfərzadə kimi ziyalılarımız sayəsində o kitabların tamamilə məhvinə nail ola bilmədilər. Həmin kitabları yanğınlardan gizlədənlər, qoruyanlar Ulu Sözü özünəməxsus şəkildə yaşada bildi.

Sovet dövrünün ideoloji təzyiqlərinin ən sərt vaxtlarında Əzizə Cəfərzadə yaradıcılığı da belə bir sarsıdıcı vəziyyətlə üzləşmişdi. 1948-ci ildə çap edilən ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılmışdı. Yazıçını “Axmatovşina”da təqsirləndirərək bu əsərlərdə saray lirikasının tərənnümünü “görən” sovet rejimi onun ilk kitabını yandırmaqla bir yaradıcı gəncə ciddi mənəvi zərbə vurmuşdu; amma Əzizə Cəfərzadə həmin zərbədən sarsılıb ruhdan düşməmiş, əksinə bu hadisə onu daha böyük mənəvi savaşlara səsləmiş, mübarizlik ruhunu gücləndirmişdi. – Bax, Əzizə Cəfərzadə fərqi, dəyanəti, mətanəti budur!

Ədibin Seyid Əzim Şirvani haqqında “Aləmdə səsim var mənim”, Şah İsmayıl Xətai mübarizəsinə həsr etdiyi “Bakı – 1501” və b. romanlarını, o cümlədən, rəngarəng mövzularda yazdığı hekayələrini hələ illər öncə böyük maraqla oxumuşdum. Amma etiraf edim, onun ən sevdiyim əsərlərindən biri “Anamın nağılları” idi. Vaxtilə anasının dilindən eşitdiyi nağılları qələmə alan yazıçı bu nağıllarda Azərbaycan xalqının ruhunu, milli xarakterini bütün zənginliyi ilə ifadə edə bilmişdir.

Əzizə Cəfərzadənin dərin bədii təsiri ilə diqqətimi cəlb edən əsərlərindən biri də “Xəzərin göz yaşları” povestidir. Çox yaxşı xatırlayıram, bu əsəri bir neçə dəfə oxumuşdum, hər dəfə də göz yaşlarımı saxlaya bilməmişdim. Bu povestdə Əzizə xanım 1938-ci ildə Azərbaycanda yaşayan Güney Azərbaycanlı qardaş-bacılarımızın Stalin rejimi tərəfindən bir həftə ərzində İrana məcburi deportasiyasından bəhs edirdi. Bu əsəri oxumayan insanlara, özəlliklə gənclərimizə onu oxumağı tövsiyyə edərdim.

Əzizə Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində böyük fədakarlıqla çalışıb, bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə” (1971), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991) və b. kitabları böyük yazıçının ədəbiyyatımıza, mədəniyyətimizə bağlılığından və sevgisindən xəbər verməklə yanaşı, minlərlə Azərbaycan gəncinin böyük ədəbi və mədəni irsimizi, şəxsiyyətlərimizi, sənətkarlarımızı daha yaxından tanımasına səbəb olmuşdur.

Əzizə Cəfərzadə sözün hər iki mənasında məktəb yaratmış xanım aydınımızdır. Onun ədəbi məktəbi haqqında bir qədər danışdıq, o, bir də Hacıqabul rayonunun Tağılı kəndində məktəb qurması ilə yanar ürək yiyəsi olduğunu bir daha göstərib.

 44 günlük Azərbaycan Vətən Müharibəsində qazandığımız Zəfərin qürurunu yaşadığımız bir dövrdə Əzizə xanımın 100 iliyini qeyd etməyin ayrı bir şövqü var. Əminik ki, onun ruhu da bu Zəfərə bizim qədər sevinir. Çünki gələcək nəsillər üçün sakit, dinc, müstəqil bir Vətən, xoşbəxtlik, istiqbal onun həyatda ən böyük arzusu idi.

Nur içində yatın, əziz Əzizə xanım!

Azərbaycan xalqı Sizi hər zaman sevgi-sayqı, məhəbbətlə xatırlayacaq. Siz ömrünüzü özünüz üçün deyil, xalqımız üçün, Vətənimiz üçün yaşadınız. Və xalqımız, Vətənimiz də sizin yaşadığınız bu fədakar ömrü hər zaman yüksək qiymətləndirib, bundan sonra da qiymətləndirəcək. Yüzlərlə Azərbaycan qızına böyük bir mənəvi güc olduğunuz üçün, yol açdığınız üçün, minlərlə Azərbaycan qızına örnək ömür yaşadığınız üçün Sizə minnətdarıq”!

Əzizə Cəfərzadənin varisi Turan İbrahimov videogörüntü vasitəsi ilə Xalq yazıçısının evindəki əşyalarını, zəngin kitabxanasını, onun yaradıcılığına dair yeni nəşrləri nümayiş etdirib, ürək sözlərini bölüşüb.

Millət vəkili Prof.Dr.Hikmət Babaoğlu mərhum Xalq yazıçısı ilə görüşlərindən, onun yaradıcılığından əxz elədiyi sözlərdən danışıb, fikir və mülahizələrini söyləyib:

“Gəl gedək Hun dağına,

Yaş tökək Hun dağına.

Oğlu ölən ananın,

Qan damar qundağına!.. –

Mən ilk dəfə Hun adını Əzizə xanımın bu misralarından öyrəndim. Bayatıdakı kədər, hun dağı, bu dağa tökülən məsum göz yaşları məni elə ovsunlamış, elə dərin bir hüznə boğmuşdu ki, hələ yaxşı tanımadığım Bakının dolaşıq küçələrində saatlarla sərsəm-sərsəm dolaşır, eyni yerdən yalnız üçüncü dəfə keçəndə buradan bayaq keçdiyimi idrak edirdim. Sanki sehirli bir dnyaya, Hun dağına getmək üçün  qədim şəhərimizin ,,əyri-köndələn ,, küçələrində yol axtarırdım… İllər sonra o yolu tapdım. Qalaq –qalaq kitablar oxudum. Gök Türkdən Atillaya, Atilladan Meteyə, Metedən Oğuz Xana, Oğuz xandan Astiaqa, Astiaqdan Troyaya, Troyadan Etruska, Etruskdan Tengir-Şumerə... yəni düz tarixin başlanğıcına qədər həmin yolla endim. Milli genetik yddaşımızın tarixi konstruksiyasını özüm üçün, məni qane edəcək şəkildə dəqiqləşdirdim və ona inandım. Ancaq Əzizə xanımım Hun bayatısının mənim beynimdə oyatdığı fırtınanı heç vaxt unutmadım. Unutmayacağam da!.. Tale elə gətirdi ki, sonralar jurnalist fəaliyyətimlə bağlı olaraq, Əzizə Cəfərzadə ilə dəfələrlə görüşdüm. Şah İsmayıla öz dogma babası kimi “Şah babam” deyən Əzizə xanımdan çox şeylər öyrəndim. Bir dəfə də sözarası nəsil şəcərəsinin Şamaxı qəzasnın Udulu kəndindən başladığını eşitdim. Ancaq Udulunun nə demək olduğunu ondan soruşa bilmədim. Sonralar özüm müstəqil araşdırmalar apararaq bu sözün etimologiyasını öyrəndim. Bu dəfəsə Əzizə xanım dünyasını dəyişdiyi üçün ona deyə bilmədim. Deməli, təkhecalı sözlər  bizim ən qədim sözlərimizdir. Çünki dil yarananda boğazın anatomik quruluşu çoxhecalı sözləri tələffüz etməyə uyğun deyildi. Bunun üçün yüzillər boyu davam edəcək dil təkamülü baş verməli idi. Ona görə də biz ilk olaraq at, ət, ot, ev, ov kimi sözləri  yarada bildik və onlara məzmun verdik. Sonra kut, mut, ut kimi sözləri yaratdıq və onlara sözdüzəldici şəkilçi artırmağı öyrəndik. Mut-lu, Kut-lu və nahayət izah etmək istədiyim Ut-lu. Ut, ut-ancaq sözünün kökündəki ut-dur. Ut-lu abırlı, həyalı, utancaq deməkdir. Dədə Qorqud dastanında zifaf hecəsi onu tərk edib qardaşı Səgrəki axtarmağa getmək istəyən Əgrəkə nişanlısı deyir, “Sən bu gecə getmə. Qoy zifafımız olsun sonra get. Kim bilir nə vaxt dönəcəksən. Hazır sən dönənə qədər bəlkə bir oğlun olub, böyüyər. Əgər getsən mən abır-həyanı bir tərəfə qoyub, bunu  anana-babana  deyəcəm. Qoy mənə “kutsuz gəlin” deyincə, utsuz (abırsız-həyasız) gəlin” desinlər. Bax, beləcə Ut-lu və Ut-suz sözlərimizin mənası çox açıq şəkildə ana dastanımızda öz əksini tapıb.

Tanrı Əzizə xanıma rəhmət eləsin!

Bu anlamlı konfransın təşkilatçılarına təşəkkür edir, hər kəsə uğurlar diləyirəm”!

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Əzizə Cəfərzadə irsinin Türkiyədə yaşayıb-yaradan araşdırmaçısı Dos.Dr. Pərvanə Bayram, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, İsveçdəki Azərbaycan diaspor təşkilatının rəhbəri, Stokholm Universitetinin dosenti Səadət Kərimi, Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-tərcüməçi Xasiyyət Rüstəm, Türkiyənin tanınmış şair-publisisti, Fəthiyyə Ədəbiyyatçılar Qrupu başqanı Coşğun Karabulut, Özbəkistanlı şair-tərcüməçi Şəhla Qasımova, BSU-nun kafedra müdiri Dos.Dr. Səməngül Qafarova, Manas Universitetinin əməkdaşı, Qırğız Respublikasının yeni nəsil yazarlarından Altınbek İsmail, RHİM İB sədri Arzu Bağırova, “Vektor”un qurucu-başqanı Prof.Dr. Elçin İskəndərzadə, “Hədəf” milli təhsil brendinin yaradıcısı, “Ustad” dərgisinin qurucu-baş redaktoru Şəmil Sadiq, Əzizə Cəfərzadənin qurduğu orta məktəbin direktoru Elçin Cəfərzadə, Mədəniyyət Nazirliyinin İctimai Şurasının sədri, rejissor Gəray Əlibəyov, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar konfransda çıxış edib.

Çıxışlarda Əzizə Cəfərzadənin çoxşaxəli ədəbi, elmi, ictimai fəaliyyətindən, unudulmaz xidmətlərindən, xeyirxahlığından söz açılıb, onun əsərlərinin Türk ölkə və topluluqlarında yayılması, adına mükafat təsis edilməsi, Özbəkistan Universitetlərindən birində “Əzizə Cəfərzadə adına Mədəniyyət Mərkəzi”nin yaradılması, habelə “Vikipediya” açıq ensiklopediyasının ayrı-ayrı dillərdə olan seqmentlərində “Əzizə Cəfərzadə səhifəsi”nin işlənməsi kimi məsələlər qaldırılıb.  

Vurğulanıb ki, Əzizə Cəfərzadə ədəbiyyata, elmə, doğma xalqına təmənnasız xidmət edib. O, həmçinin gənc kadrların yetişməsinə öz töhfəsini verib.

Görkəmli ziyalı XIX yüzil Azərbaycan ədəbiyyatının tədqiqi məsələləri ilə ciddi məşğul olub, 1950-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

Əzizə xanımın həyatında elmi fəaliyyətlə bədii yaradıcılığın paralel irəlilədiyini deyən çıxışçılar, onun bir-birindən maraqlı əsərləriylə ədəbi ictimaiyyətin diqqətini üzərində topladığını söyləyib. Vurğulanıb ki, XX yüzil Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan Əzizə Cəfərzadənin ədəbiyyat tarixində önəmli mövqeyi var. Onun kitabları, Dünya azərbayccanlıları arasında, Türk dünyasında minlərlə oxucusunun sevimli kitabları sırasındadır. Əzizə xanımın əsərləri gənc nəsillərin bədii zövqünün formalaşmasında xüsusi rola malikdir.

Ədibin əsərləri Azərbaycan etnoqrafiyasının, tarix və mədəniyyətinin Türk dünyasında daha dərindən öyrənilməsi üçün qiymətli qaynaqlardandır.

Onun “Cəlaliyyə” romanı Özbəkistanlı ziyalılar arasında məşhurdur.

Ümumən Türk dünyasının bir çox bölgələrində ziyalılar, yazıçılar, ədəbiyyatşünaslar Əzizə xanımın romanlarından söz açır. Çünki Əzizə Cəfərzadə yalnız Azərbaycanda deyil, Türk dünyasında və bir sıra ölkələrdə də tanınmış görkəmli yazıçıdır. Onun bədii və elmi-mədəni irsi daha geniş şəkildə təbliğ olunmalı, dünya oxucuları, gənc nəsillər arasında geniş yayılmalıdır və bu yöndə daha çox işlər görülməlidir. Çünki Əzizə Cəfərzadənin irsi bunu haqq edir.

Sonda Turan İbrahimov təşkilatçılara, çıxışılara, bütün iştirakçılara ailə adından təşəkkürlərini çatdırıb.