Vətən müharibəsi ilə bağlı serial niyə çəkilmir? - Fazil Mustafa: "Əsas mövzu xəyanət və kriminaldır"

 11:02 16.02.2022     1189

Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən kanallara dövlət tərəfindən 5 milyon manat pul verildi. Artıq neçə ildir ki, telekanallara serial çəkilməsi üçün bu pul verilir. Amma nəticədə tamaşaçı efirdə, normal məzmunu olmayan, sanki bəzən aktyor sənətindən uzaq, sadə insanların çəkildiyi mənasız seriala baxmalı olur. Qardaş ölkə Türkiyədə istehasal olunan seriyallar dünyanın müxtəlf ölkələrində,hətta okeanın o tayında nümayiş etdirilir.  Biz də isə telekanallar bir-biri ilə yarışa girib, sanki bu ölkədə ailə daxili xəyanətdən başqa mövzu yoxdur. Azərbaycanın 30 ildən bəri Qarabağ kimi dərdi vardı, bir dəfə də olsun bu barədə serial çəkilmədi. Heç uzağa getməyək, Vətən müharibəsi yada düşmür. Minlərlə Azərbaycanın igid oğlu öz canı bahasına düşmən tapdağında 30 ildən bəri inləyən torpaqlarımızı azad etdi. Bu barədə nəinki serial, heç düz-əməlli sənədli film çəkilmədi. Bunun səbəblərini öyrənməyə çalışdıq.

Mövzu ilə bağlı Redaktor.az-a danışan müxtəlif seriallara quruluşçu rejissor olmuş Rüfət Şahbazov açıqlamasında nədənsə bu barədə danışmaqdansa, ailə-daxili xəyanətlərdən bəhs edən serialların çəkilməsini müdafiə etməyə çalışdı. O, hesab edir ki, bu cür serialların çəkilməsi cəmiyyətdə qadınlara qarşı olan təzyiqlərin fonunda onların güclü olmasını tamaşaçılara göstərmək məqsədi daşıyır:

““Ata Ocağı” serialı beş ildir çəkilir. Rejissoru olduğum bu serialda da xəyanət mövzusuna toxunulub. Amma bizim serial sırf ailə dəyərlərinə həsr olunub. Çalışırıq ki, məişət məsələlərinə çox toxunmayaq. Ailə dəyəri, valideyn tərbiyəsini daha çox ön plana çəkirik. İnsanların travmaları səbəbindən mənfi obraza çevrilməyi əsas istiqamətimizi təşkil edir. Son dövrdə taksi sürücüləri ilə bağlı cəmiyyətdə müxtəlif problemlər oldu. Bəzi taksi sürücülərinin xanımlara sataşması və pis məqsədləri ilə bağlı bir səhnə işlədik. Yəni əsas məqsədimiz sosial problemləri işıqlandırmaqdır. Xəyanət mövzusuna toxunmaq olar. Amma önəmli olan mövzuya yanaşma tərzidir. İstənilən mövzuda serial çəkilə bilər. Əgər düzgün yanaşma yoxdursa, problem yaranır. Mövzu qoyulursa, onun nəticəsi də olmalıdır. Xəyanətin nəticəsi nə ola bilər, tamaşaçıya bunu göstərmək lazımdır. Biz xəyanətin yanlış olduğunu, son nəticədə insanın ailəsini, xoşbəxtliyini itirməyə səbəb olacağını göstərmişik. Çalışırıq ki, qadınlara qarşı olan təzyiqlərin qarşısında onların gücünü izləyiciyə göstərə bilək”.

Rejissordan 30 ildən çox mövcud olan Qarabağın işğalı və bunun yaratdığı çoxsaylı problemlər, həmçinin Vətən müharibəsi haqqında niyə bir əsər ortalığa qoyulmamasının səbəbini soruşduqda, bu barədə danışmaq istəmədiyini bildirdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa bildirdi ki, yerli seriallar müəyyən zövqü təmsil edən insanların fikirlərinə və tələblərinə görə çəkilir:

“Açığı mən şəxsən seriyalları izləmirəm. Hesab edirəm ki, bu seriallar müəyyən zövqü təmsil edən insanların fikirlərinə və tələblərinə görə çəkilir. Görünür ki, Azərbaycan cəmiyyətində bu mövzuya tələbat daha çoxdur. Kriminal mövzuda serial çəkilsə, onun da baxıcısı çox olacaq.  Amma fəlsəfi, düşündürücü seriallara izləyici maraq göstərməyə bilər. Ona görə bu gün Azərbaycanda belə bayağı, primitiv süjetli seriallar çəkilir. Biz heç kimdən tələb edə bilmərik ki, niyə fəlsəfi mövzuda, düşüncə tələb edən, alimlərin həyatından bəhs edən serial çəkmirsiz? Bu mənada mən müqayisə aparmaqda da çətinlik çəkirəm. Çünki qonşu ölkə Türkiyədə də seriallar təqribən eyni qaydada, bənzər mövzularda çəkilir. Orada da çəkilən əsas seriallarda əsas mövzu xəyanət, kriminaldır. Hər halda cəmiyyətin çoxluğu bunu istəyirsə, bu, təbii haldır”.

Deputat bildirib ki, indiyə qədər Vətən müharibəsi ilə bağlı ayrıca filmlər, süjetlər, canlı xronikalar hazırlanmalı idi. Onun sözlərinə görə, bu sahədə xeyli çatışmazlıqlar var:

“Biz 20-ci əsrin ortalarında olan kino-xronika ənənələrini belə saxlaya bilmədik. Bu çox gülünc bir haldır. Əlimizdə müharibə ilə bağlı ciddi materiallar yoxdur. Halbuki indiki dövrdə hər şeyi əlimizdəki adi telefonla belə çəkmək mümkündür. Biz bunu da edə bilməmişik. Ona görə də bu bizim bir eyibimizdir və kino sektorunun nə qədər acınacaqlı vəziyyətdə olmasından xəbər verir. Həmçinin, Müdafiə Nazirliyində kino-xronika ənənəsinin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir. Müdafiə Nazirliyinin hərbi operatorları cəbhədə real döyüş görüntülərini lentə köçürməlidilər ki, sonra da onun əsasında film çəkilsin. Vətən müharibəsi mövzusunda da seriallar çəkilməlidir. Hansısa şəhidin, qazinin həyatı ilə bağlı serial çəkilə bilər. Amma bizim cəmiyyət bəzi reallıqları qəbul edə bilmir. Kiminsə nə isə xoşuna gəlməsə, çıxıb deyəcək ki, qazini bu obrazda vermək olar? Yaxud şəhidimizi bu obrazda necə göstərmək olar? Ona görə də bu özü də təzadlı məsələdir. Hər halda düşünürəm ki, bu mövzuda keyfiyyətli seriallar çəkilməlidir”.  

Sonda, bir məsələni bu işdə məsul olan şəxslərin nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, insanların psixikasının pozulmasında, ailə-məişət problemlərinin artmasında onların da "böyük əməyi" var. Çünki televiziya əyləncə vasitəsi olmaqla yanaşı, həm də insanların psixologiyasina böyük təsir gücünə malik olan təbliğat maşınıdır. Bunu isə biz demirik, alimlər deyir... 

Şəbnəm Mehdizadə                                                                                    

Vumart və Güvən reklamı Vumart Güvən