İşıqlı adam və ya səmimiyyətin son həddi

(Jurnalist Kamil Məhərrəmoğlunun əziz xatirəsinə)
Xatirə keçmişlə görüşün bir növüdür.
Jül Renar
Qədim yunan filosofların birinin dediyi kimi, vaxtın indisi yoxdur, olmuşları və olacaqları var. Filosofa görə indiki zaman yoxdur. Keçmiş zaman var, gələcək zaman var. Onun fikrincə, indiki zaman bir andır, bir anlıq zaman vahididir. Həmin an hansısa bir hadisə baş verir və o andan sonra, artıq keçmişə şevrilir. Həmin hadisədən isə ancaq yaxşı və ya pis təəssuratlar yadda qalır. İnsan da belədir. O dünyaya gəlir, yaşayır, yazıb-yaradır, vaxtı çatanda isə "gəlimli-gedimli bu dünyaya "əlvida" deyir... Ondan sonra isə insanın yaxşı və ya pis əməlləri yadda qalır, zaman-zaman xatırlanır...
Mənim on ildən çox müddətdə tanıdığım Kamil Məhərrəmoğlu (Nehrəmli) birinci qəbil, yəni ancaq xoş əməlləri, xeyirxah işləri ilə yadda qalan işıqlı insanlardan, əziz dostlarımdan biri idi. Kamili səviyyəsindən, peşəsindən, asılı olmayaraq hamı, eləcə də onun bütün dostları sevirdi. Onu tanıyanların hamısı onu özünün ən yaxın dostlarından biri sayırdı. Kamilin simasında hər zaman özünəməxsus bir təbəssüm olardı. Bu təbbəssüm yalnız və yalnız ona aid idi. Yeri gəlmişkən, mən nə Kamilin sağlığında, nə də onun vəfatından sonra bu özünəməxsus təbəssümü heç kəsin çöhrəsində görə bilmədim…
Kamilin həm də özünəməxsus, spesifik məclis aparmaq üslubu vardı. Çoxlu şeirlər, duzlu-məzəli əhvalatlar bilirdi. Sanki, Kamil müəllim hər məqama, hər hadisəyə, hər insan xarakterinə uyğun şeirlər bilirdi. Hərdən heyrətə gəlirdim ki, insan nə qədər şeir, nə qədər bir-birini təkrarlamayan əhvalalar bilə bilər?! İllah da ki, onun şeiri ifa etmək bacarığı adamı heyrətə gətirirdi. Kamil hər şeir deyəndə onu təkcə söyləmir, həm də həmin an sanki onu yaşayırdı. Onun səsinin ahəngi, tempi, avazı, şeiri dinləyənləri şeirdəki hissləri yaşamağa vadar edirdi… Bəlkə də bu tərzdə şeir söyləmək onun son dərəcə səmimi olmasından irəli gəlirdi. Çünki, Kamil müəllim təpədən dırnağa qədər səmimi bir isan idi. Bəlkə də “Səmimiyyət” sözünün bütün çalarları, bütün anlamı bütövlükdə onda toplanmışdı. Kamil sanki, səmimiyyətin son həddi, son zirvəsi idi. O, hər yerdə- həyatda da, dostlarla münasibətdə də, iştirak etdiyi bütün məclislərdə də eyni dərəcədə səmimi, təbəssümlü bir görkəmdə idi.
Bəzən yeknəsəq, cansıxıcı keçən bir tədbirdə, və ya məclisdə onun gəlişi ilə hər şey dəyişərdi... O, iştirak etdiyi hər yerdə ab-havanı, sitiuasiyanı 180 dərəcə dəyişə bilən fenomen bir nsan idi. Çünki Kamil müəllim hər kəslə onun elə öz dilində danışmağı bacarırdı...
Onu mənimlə artlq Haqq dünyasına qovuşan dostum, şair-dramaturq, filologiya elmləri doktoru Nizami Muradoğlu tanış etmişdi. Ondan az sonra Nizami Muradoğlu məni Kamil müəllimin böyük qardaşı Allahverdi müəllimlə tanış edəcək və mən xarakter etibarı ilə bir-birini tamamlayan iki gözəl dost qazanacaqdım...
Kamil müəllimlə ilk tanışlığımı xatatırlamağa çalışıram… Onunla tanışlığım ümumi dostlarımızdan birinib ad günündə olub. Ora Kamil dəvət olunsa da o, hansısa səbəbdən gecikirdi. Məclis Banket zalında keçirilirdi və iştirakçılar da kifayət qədər çox idi. Əksəriyyət adam bir-birini tanısa da, ancaq məclis rəsmi, sanki bir az da sönük şəraitdə keçirdi. Hamı səbirsizliklə sanki kimi isə, daha dəqiq desək, Kamil müəllimi gözləyirdi… Bir azdan Nizami müəllim pəncərıdən kimi isə gördü və gur səslə dilləndi:
-Kamil gəldi.
Elə bil hamı bu xəbəri gözlləyirmiş kimi sanki canlandı. Az sonra qapı açıldı və hündür, qarabuğdayı bir şəxs çöhrəsinə xüsusi yaraşıq verən təbəssümlə içəri girdi. Hamı ilə, o cümlədən mənimlə çox məhrəmanə və uzun illərin dostu kimi görüşdü. Sonra Nizami müəllimin bizim yanımızda ona saxladığı yerdə oturdu. Onda Nizami müəllim məni Kamillə tanış etdi. Az sonra məclisin aparıcılığı ona həvalə edildi. Bayaqdan darlxdırıcı keçən bu məclisə sanki yeni bir ruh, yeni bir nəfəs, yeni bir abı-hava gəldi. Məqamına düşən xoş sözlər, gözəl şeirlər, şən və şux zarafatlar bir-birini əvəz etdi. Bir az əvvəlki yeknəsəq məclisdən əsər-əlamət belə qalmadı. O zamandan mən Kamil Nehrəmlini tanıdım və ondan sonra onunla dostluğumuz başlandı. Müxtəlif tədbirlərdə, məclislərdə müntəzəm olaraq görüşüb söhbət etdik, onun duzlu, şirin söhbətlərini həvəslə və maraqla dinlədim… Hər dəfə Kamil müəllimlə görüşəndə onun xarakterində nəyi isə tapır, özüm üçün kəşf edirdim. O elə bil hələ tam vərəqlənməmiş bir kitaba bənzəyirdi... Çox istiqanlı xarakterə malik olan Kamildə nə qədər böyük arzular, istəklər var idi. Heyf, Kamil tez köç elədi bu dünyadan, vaxtsız bir məqamda bu dünyanı tərk etdi… Başqa sözlə, Kamil müəllim sadəcə olaraq, məkanını dəyişdi və bu dünyada ona ayrılan zamanını, vaxtını başa vurdu…
Kamil Məhərrəmoğlu hətatsevər, nikbin bir insan idi. O olduğu hər yerdə hamının sevimlisinə çevrilməyi bacarırdı... Kamil başdan-ayağa milli, adət-ənələrimizə bağlı bir bir şəxs idi. O, böyük- kiçik yeri bilən, ağsaqqal, ağbirçək qiymətini yaxşı anlayan bir insan idi. Hər bir insanı dəyərli edən ən önəmli xüsusiyyətlərindən biri də onun adət və ənənələriə, milli-mənəvi dəyərlər sisteminə bağlı olmasıdır. Bu baxımdan insanda milli adət və ənənələrin, onun əsasında formalaşan yüksək mənəvi dəyərlər sisteminin olması hər bir insanın mədəni simasının göstəricisi hesab olunur. Kamil müəllim də özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sisteminə malik olması ilə diqqəti cəlb edirdi.
Haşiyə: Kamil bir dəfə mənimlə söhbətində böyük qardaşı Allahverdi müəllim haqqında belə bir əhvalat danışmışdı. Kamil nəql edirdi ki, yataqxanada qardaşım Allahverdi ilə birlikdə qalırdım. Cavan vaxtlarım idi. Bir dəfə necə oldusa, ləzgi bir oğlanla sözümüz çəp gəldi. Ləzgi oğlan hündür, idmançı görkəmli bir oğlan idi. Əslinə qalanda bu məsələdə mən bir az haqsız idim və məsələnin bu şəkildə qəlizləşməsinə daha çox mən şərait yaratmışdım. Ona əmin idim ki, Allahverdi də buradadır. Məsələ daha da böyüsə, mən haqsız olsam belə, Allahverdi mənim tərəfimdə olacaq və onunla birlikdə məsələni ləzgi oğlanla “çürüdəcəyik”. Amma ləzgi oğlanın da tərəfdarları da az deyildi. Yəni bu məsələnin o dövrlərə xas olan “cavanlıq qayda-qanunları” üzrə böyümə ehtimalı, bu münaqişəyə başqalarının da qoşulma ehtimalı çox yüksək idi. Ancaq bu hadisəni Allahverdi bilmirdi. Ləzgi oğlanla mənim münasibətlərim isə getdikcə kəskinləşir və pisləşməyə doğru gedirdi.
Bir gün ləzgi oğlanla mən yataqxananın dəhlizində münasibətlərimizi “aydınlaşdırmaq” qərarına gəldik və əlbəyaxa olmaq məqamına çatdıq. Elə bu vaxt Allahverdi haradansa yanımızda peyda oldu. Biz əl saxladıq. Allaverdi məsələni başa düşüb bizi otağa dəvət etdi və məndən nə olduğunu soruşdu. Mən məsələni ona özümə sərf edən şəkildə danışdım. Güman edirdim ki, Allahverdi mənim tərəfimdə olacaq və biz birlikdə ləzgi oğlanın “aşının duzunu” veəcəyik. Ancaq gözlədiyimin əksinə olaraq, görünür, Allahverdi mənim az da olsa haqsız olduğumu hiss etdi və qəflətən mənə möhkəm bir şillə vurdu.
Diksindim və heç nə demədən üzüqoylu çarpayıya uzandım. Allahverdiyə bir kəlmə də olsun söz demədim. Allahverdi bundan sonra üzünü ləzgi oğlana tutdu və onu da məsələnin bu həddə qədər çatmasına görə xeyli məzəmmət etdi. Ləzgi oğlan da onu axıra qədər səbrlə dinlədi və heç nə demədən otaqdan çıxdı. Bundan sonra Allahverdi mənə yaxınlaşdı və niyə belə etdiyinin səbəbini söylədi. Əlavə etdi ki, sən bu məsələnin bir belə böyüməsinə imkan verməyə bilərdin. Amma etməmisən. “Sən vurduğum şillənin az sonra bəhrəsini görəcəksən” deyə -söylədi. Bu, sonradan mənim və ləzgi oğlanın da etiraf etdiyimiz kimi, əsl böyük qardaş, ağsaqqal davranışı idi...
Doğurdan da, səhərisi gün ləzgi oğlan bizim otağa gəldi və həm məndən, həm də Allahverdidən üzr istədi. Məndən ona görə üzr istədi ki, o mənim nə qədər milli adət-ənənəyə bağlı olduğumu, böyük-kiçik yerini bu səviyyədə bildiyini təsəvvür etmirmiş. O, qeyd etdi ki, sən səni şillə ilə vuran böyük qardaşına bir kəlmə də olsun söz demədin, onu ağsaqqal kimi qəbul etdin. Allahverdidən isə ona görə üzr istədi ki, onun nəsihət və məzəmmətindən sonra anlayıb ki, bu məsələdə onun da günahı az olmayıb. Bundan sonra ləzgi oğlan bizim hər ikimizlə dost oldu.
Kamil Məhərrəmoğlu (Nehrəmli) 1959 cu il mart ayının 1-də Naxçıvanın məşhur Nehrəm kəndində dünyaya göz açıb. K. Məhərrəmoğlu 1982-ci ildə Azərbaycan Politexnik İnstitunun mexanika fakültəsini bitirib və bir müddət Naxçıvanda mühəndis olaraq fəaliyyət göstərib. Lakin, sözə, şeirə, sənətə olan böyük sevgisi onu jurnalist olmağa sövq edib. K. Məhərrəmoğlu 2002-ci ildə ABU-nun jurnalistika fakültəsini bitirib. 1989-cu ildən dövrü mətbuatda müxtəlif səpgili məqalələri ilə çıxış edib, publisist kimi fəaliyyət göstərib. Tarixi abidələrimizlə bağlı silsilə tele-filmlərin müəllifidir. Radio kanallarında maraqlı verlişlərin aparıcısı olub.
K. Məhərrəmoğlu 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları şirkətində fəaliyyətə başlayıb. 2011-ci ildən ona ən şox şöhrət qazandıran və dinləyicilərin böyük rəğbətini qazanan “Həmsöhbət” verilişinin yaradıcısı və aparıcısı olub. Kamilin ilk kitabı 2013-cü ildə “Uzun, incə bir yoldayam” adında çap olunub.
Bir publisist kimi Əshabi- Kəfh, Nuhun qəbri, İnanc yerlərimiz, Duz dağı, Sirli su-sirab, Qarabağlar, Sədərək, Qız qalası, Qobustan vəsair kimi sənədli filmlərin yaranması da onun adı ilə bağlıdır. K. Məhərrəmoğlunun təqdimatında Nehrəm Nuh peyğəmbərin qədəmlərinin dəydiyi məkan kimi təqdir olunur.
*****
Kamil Vətənin hər bir qarlşını elə öz doğma Nehrəmi kimi sevir ona müqəqqəs bir məkan kimi baxırdı. Nehrəm kəndi Naxçıvan MR-in ən böyük kəndlərindən biridir. Kənd yazılı mənbələrdə bəzən “Nehrəm”, “Nehrem” və ya “Nehram” kimi göstərilmişdir. Kəndin tarixi çox qədimdir. Kənd Araz çayının sol sahilində yerləşir. Kənddəki İmamzadə piri qədim tarixə malikdir. 1885-ci ildə Nehrəmdə ilk dünyəvi məktəb açılmışdir.
Maarif xadimi Kərim bəy İsmayılov "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kafkaza"(SMOMPK) toplusunda dərc olunmuş yazısında Nehrəm kəndinin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimolo-giyasi, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir.
Kamil bir övlad borcu ilə qələmə aldığı və 2014-cü ildə "Xan" nəşriyyatında yayımlanan, doğma kəndi "Nehrəmin şanlı tarixi və şəxsiyyətləri haqqında salnamə" adlandırdığı "Tarixi özündə yaşadan kənd" kitabı müəllifin ikinci kitabı idi. Kitabda Kamil müəllim Nehrəmin şanlı tarixi və şəxsiyyətləri haqqında ətraflı məlumatlar verib. K. Məhərrəmoğlu “Ön söz” və üç fəsildən ibarət olan bu kitabda doğma kəndi haqqında ürəklə söhbət açır, onun tarixindən, inkişafından övlad məhəbbəti ilə bəhs edir.
Kitabın "Ön söz"ündə İmran Bədirxanlı müəllifi oxucuya daha yaxından tanıtmaq üçün yazır: "...Kamil Məhərrəmoğlu İctimai Televiziyada Azərbaycanın bir çox tarixi abidələrilə bağlı maraqlı proqramlar hazırlayıb. O, "Əshabu-Kəhf", "Nuhun qəbri", "İnanc yerlərimiz", "Duz dağı", "Sirli su Sirab", "Qarabağlar", "Sədərək", "Qız qalası", "Qobustan" sənədli filmlərinin, ulu tariximizi özündə yaşadan "Cavanşir qalası" kimi dərin köklərə malik qədim abidələrimiz barədə silsilə proqramların, bu gün də yaşadılan ulu adət-ənənələrimiz haqqında veri-lişlərin müəllifi kimi tanınır. İctimai radionun "Axşam oldu" proqramında Azərbaycanın tanınmış şair və yazıçıları, elm və incəsənət xadimləri haqqında hazırladığı "Həmsöhbət" və "Poeziya dəqiqələri" ədəbi kompozisiyalar dinləyi-cilərin rəğbətini qazanıb".
Kamil Məhərrəmoğlu 240 səhifəlik bu kitabı ilə Nehrəm kəndini və nehrəmliləri, müsbət mənada bütöv bir bəşəri mədəniyyətin daşıyıcısı kimi örnəyə çevirə bilib. Kitabın I fəsli Ümummilli lider Heydər Əliyevin "Nehrəm qeyrətli insanların kəndidir" cümləsi ilə başlayır. Daha sonra Ulu Öndərin "Mən bu kəndi həmişə sevmişəm, indi də sevirəm. Bu sözləri bu gün nehrəmlilərə böyük hörmət və ehtiram hissilə deyirəm" fikirləri ilə davam etdirilir. Heydər Əliyevin 2001-ci ildə Naxçıvanda böyük Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı zamanı söylədiyi dərin məzmunlu çıxışından alınan bu fikirlər, demək olar ki, kitabın ümumi qayəsini və leytmotivini təşkil edir.
Kamil Məhərrəmoğlu "Tarixi özündə yaşadan kənd” adlı kitabının II fəslini "Cəlil Məmmədquluzadə və Nehrəm” adlandırıb. Məlumdur ki, böyük ədibimiz Cəlil Məmmədquluzadə yeddi ildən çox (15 yanvar 1890 – 10 iyul 1897) Nehrəm məktəbində müəllim və nəzarətçi işləmişdir. Yazıçı "Kişmiş oyunu" (1892), "Danabaş kəndinin əhvalatları" (1894), "Danabaş kəndinin məktəbi" (1896) əsərlərini burda yazmış, mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəb-tarix diyarşünaslıq muzeyi yaratmışdır. C.Məmmədquluzadə 1896-cı ildə bu kənddən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir.
Müəllif btün bunlara kitabında işıq tutur və yazır: "Cəlil Məmmədquluzadə Nehrəm məktəbində müəllim işləyib. Mirzə Cəlil məhz həmin dövrdə qızları da məktəbə, təhsilə cəlb edə bilib. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda müstəqil qız məktəbi açdı. Hacıdan 8 il əvvəl Cəlil Məmmədquluzadə Nehrəm kimi ucqar bir kənddə qızlar məktəbi açmışdır”. K. Məhərrəmoğlu fəxrlə qeyd edir ki, Azərbaycanda qız təhsilinin özəyi məhz Nehrəm məktəbindəki bu kiçik qrupdan başlayır.”
"Tarixi özündə yaşadan kənd" kitabının "Özünəməxsusluğun sirləri" adlanan həcmcə nisbətən kiçik olan III fəsil akademik İsmayıl Hacıyevin epiqraf kimi verilmiş fikirləri ilə başlayır: "Nehrəmlilərin orijinallığının əsas səbəbi onların imanında, əqidə bütövlüyündə, ətrafda baş verənlərə obyektiv yanaşmalarındadır".
Nehrəmin özünəməxsus adət-ənənələrindən, ağsaqqal, ağbirçək örnəklərindən söz açan bu fəsil də yadda qalan epizodlarla diqqəti cəlb etməkdədir.
Kitabda müəllif fikrinin əsas yükdaşıyıcı fəsli IV fəsildir. Bu fəsil "Yaddaşımda əbədi yaşayan insanlar", "Yaxşılıq neçə min ilməli hana", "Xeyirxahlıq unudulmur" və s. kimi on beş yarımbaşlıqdan ibarətdir.
Bu fəsildə müəllifin yaradıcılıq qayəsi, kitabın ərsəyə gəlməsində başlıca ali məqsəd daha çox diqqət mərkəzindədir. Fəslin hər yarımbaşlığında verilən materialın öz qiyməti, tərbiyəvi-əxlaqi dəyəri var. Amma "Ulu öndərlə unudulmaz xatirələr" yarımbaşlığının ayrıca yeri və önəmi var.
"Ulu öndərlə unudulmaz xatirələr" bölümündə müəllif fikrindən və düşüncəsindən çox danışan bu gün artıq xatirəyə, tarixə dönmüş fotoşəkillərdir. Ulu Öndərin Nehrəmə hər gəlişinin bir anını yaşadan bu şəkillər xalq və rəhbər birliyini əks etdirən əvəzsiz sənədlərdir. Hər biri ayrıca bir tarix olan bu şəkillərin bugünkü gəncliyə aşıladığı böyük vətəndaşlıq qayəsi və amalı ölçüyəgəlməzdir.
Filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə "Tarixi özündə yaşadan kənd" kitabı haqqında yazır: ” Kamilin “Tarixi özündə yaşadan kənd” kitabı Nehrəmin tarixinə, bu gününə və görkəmli insanlarına həsr olunub.Mən onu “Nehrəmnamə”, Kamilin “vətənnaməsi” hesab edirəm. Bu kitabda Kamilin təkcə xətti yox, həm də ürəyi var. Kitabın konsepsiyasi Böyük Heydər Əliyevin Nehrəm barəsində qiymətli fikirləri əsasında qurulub: -Mən bu kəndi həmişə sevmişəm, indi də sevirəm”
Müəllifin növbəti kitabı 2015-ci ildə qələmə alınan "Azərbaycan türkünün daş pasportu” adlanır. Kitabda onun tarixi abidələrə, etnoqrafiyaya həsr olunan fikir və düşüncələri öz əksini tapır. Filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə “Kredo” qəzetinin 19 mart 2019-cu il sayında çap etdirdiyi “Daş yaddaşından ağrı yaddaşına” adlı məqaləsində yazır:” O, (Kamil Məhərrəm-oğlu-T.O.) ədəbiyyatımızı, xüsusən, poeziyamızı gözəl bilir, sevir, böyük həvəslə təbliğ edir. Mən deyərdim ki, Kamil Nehrəmli adı jurnalist deyil, istedadlı ədəbiyyatçı, yazıçı- publisistdir.” Fikrimcə, doğru yanaşma və doğru fikirdir. Müəllif daha sonra yazır: “Bu kitab görkəmli Nehrəmlilər haqqında ensiklapediya xarakteri daşıyır. Burada həmkinin Kamilin nəsli, ailəsi haqqında da geniş məlumat yer alır. Azərbaycan türkünün daş pasportu kitabı böyük dini və tarixi əhəmiyyəti olan müqəddəs abidələrimiz, “Əshabi-Kəfh” və “Nuhun qəbri” haqqında əfsanələr və reallıqlar əsasında yazılıb.
Müəllifin belədir: “ Əshabi - Kəfh” uca yaradanın möcüzəsi, dünyanın ən qədim ziyarətgahlarından biri, İnsanların Tanrıya, təkallahlığa sığındığı bir yerdir. Bu heç də əfsanə deyil,əsrlərlə insanların qan ytaddaşmda qorunub saxlanmış, böyük yaradanı inamında yaşatmış və nəhayət müqəddəs Qurani- Kərimdə təsdiqlənmiş bir gerçəklikdir...”
Kamil Məhərrəmoğlunun “Azərbaycan türkünün daş pasportu” kitabı əfsanəni, rəvayəti tarixləşdirən, tarixə çevirən bir əsərdir. Burada əfsanə, mif və rəvayətlər əsas tarixi gerçəkliyin mərkəzi kimi verilir. - Dunya tufanı haqqında Nuh əfsanəsi mifoloji dünyagörüşü özündə əks etdirir, və bu keçmiş yaddaşın unudulmadığını göstərən folklor nümunələrindən biridir. Nuhun adı ilə bağlı Naxçıvanda çoxlu kəndlər, yurd yerləri var. Bu da çox güman ki, Azərbaycanın qədim tarixi köklərə malik olmasından irəli gəlir. Ümumiyyətlə, tarixilik, təfəkkürün tarıxiliyi Kamil Məhərcəmoğlunun əksər yazıları üçün səciyəvidir.
Şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xələfli “525-ci qəzet”in 15 fevral 2019-cu il tarixli nömrəsində dərc olunmuş “Efirin Kamili-həmsöhbətin kamili” məqaləsində yazır: “Azərbaycanda çox qədim tarixi və təbiət abidələri, ziyalıları, zəngin adət-ənənələri ilə məşhur olan kəndlər var. Sıralamalı olsaq, ilkin yerlərdən birini də Naxçıvandakı Nehrəm kəndi tutar. Nehrəmin keçmişi o qədər qədimdir ki, əfsanələrə və rəvayətlərə bürünərək, bu gün də sirli və soraqlı kitaba çevrilib.”
Professor Seyfəddin Rzasoy Kamil Məhərrəmoğlunun “Azərbaycan türkünün daş pasportu” kitabını özünəxas məntiq və sərrastlıqla belə dəyərləndirir: "Azərbaycan insanı torpağa bağlıdır. Bu bağlılığın əsasında torpaqla sakral-mistik ünsiyyət durur. Yunan mifologiyasında göyü öz çiyinləri üzərində saxlayan Antey öz gücünü torpaqdan aldığı kimi, Azərbaycan insanı da inamını, inancını, əqidəsini, sevgisini torpaqdan alır.
Torpağına toxunmaq olmaz Azərbaycan xalqının. Torpaq onun namusu, inanc yeri və əqidəsidir. Ona toxunanları Azərbaycan insanı Əshabi-Kəhf kimi müqəddəs yerlərdən güc alıb məhv edir. Kamil müəllimin "Azərbaycan türkünün daş pasportu" adlı əsərinin mənası, mahiyyəti, ideyası və qayəsi elə bundan ibarətdir". Bu dəyərli sözlər isə artıq Kamil Məhərrəmoğlunun tariximiz üçün, xüsusilə, mifoloji tariximiz üçün gördüyü işin nə qədər qiymətli olduğunu göstərir.
Kamil müəllim son dərəcə milli bur adam və əsl türkçü idi. O, türkçülüyü-yəni bütün türk xalqlarının müstəqil olub birgə dövlət qurmasını hədəfləyən siyasi bir düşüncəni öz işi, əməlləri ilə daim təbliğ edirdi. O, Vətəni ancaq sözdə sevənlərə, manqurdlara, rusbaşlılara, fars meyllilərə, milli təəssübkeşliyi və milli heysiyyatı olmayanlara nifrət edir, onları özünün düşməni sayırdı. Şair Qismətin sözləri ilə desək Kamil belələrinə ən azı bir Osmanlı şilləsinin vurulmasının tərəfdarı idi:
Yaman ruslaşmısan, iranlaşmısan,
Osmanlı şilləsi gərəkdir sənə! (Qismət)
... Kamil Məhərrəmoğlu 24 noyabr 2020-ci ildə əbədi olaraq dünyaya gözlərini yumdu. Kamil bu dünyada itirdiyi zamanın içərisində hələ çin olmayan arzularını, istəklərini də itirdi... Bəşər övladı bu dünyaya gələndən vaxtında qədrini bilmədiyi üç şey olub: cansağlığı, əlində olan və zaman. Bu üç şeyin üçü də əsasdır. Amma onların isərisində Zaman fərqlidir. Çünki Əlahəzrət Zaman digər iki şeyi özündə ehtiva edir. Zaman həm də Bəşəriyyəti, bütün Yaradılışı özündə sığdıra bilir.
Ağına bozuna baxmadan axıb gedən, gec və ya tez hər bir bəşər övladını ağuşuna alıb aparan, onu heçliyə aparan Zaman... Elə Kamil Məhərrəmlini özü ilə vaxtsız apardığı kimi... Kamil müəllim həm də dostlarının qazandığı, onların əlində, qəlbində olan qiymətli bir insan idi...
Elə bunlara görə də Zamandan hamı gileylənir. Arzuladığımlz olmayanda, əziz bildiyimiz insanları itirəndə, onu, yalnız onu- Əlahəzrət Zamanı günahlandırırıq. “Vaxtım, zamanım yoxdur”,- deyə özümüzə bəraət qazandırmağa çalışırıq...
Bəzən harasa tələsirik, bəzən hara isə gecikirik. Gah nəyisə tapırıq, gah da nəyisə itiririk. Tapdıqlarımıza sevinirik, itirdiklərimizə kədərlənirik... Nədir axı bu hiss, bu duyğu? Yaxşı fərqinə vara bilmirik. Buna görə də nələrdən keçdiyimizin, nələri qurban verdiyimizin fərqində belə olmuruq. Zaman isə öz işindədir: ömrümüzdən elə hey ayları, illəri qarşısına salıb qovur, əziz və doğma adamlarımızı bizdən alıb aparır... Kamil müəllimi də Zaman, onun -"Kovid-19” adlı amansız kabusu apardı. Böyük dövlətlərin, fövqəlgüclərin düşünüb tapdıqları bu bəla Yer üzündən yarım milyarda yaxın insanı apardı. Nə yazıqlar ki, Kamil müəlim də onların arasında oldu... Ancaq Kamil cismən aramızdan ayrılsa da, onu tanıyanların, dostalarının, doğmalarının qəlbində daim yaşayır. İnanıram ki, nə qədər ki, onu tanıyanlar, onun dostaları, doğmaları var, Kamil də onların qəlbində əbədi olaraq yaşayacaq. Daim təbəssümlü, nikbin və səmimi bir görkəmdə. Rahat yat, gözəl insan, dəyərli dost. Allah sənə rəhmət eləsin... Məkanın cənnət olsun...
Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi