"Rusiya beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmalıdır" - Hüquqşünas
Müharibələr hər kəs üçün dəhşətli olur. Minlərlə insan həlak olur, yaşayış yerləri, obyektlər darmadağın edilir. Həmçinin əsrlərlə göz bəbəyi kimi qorunan abidələr də müharibədən zərər görür və ya tamamilə məhv olur. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində də bunun canlı şahidi oluruq. Dəfələrlə Ukrayna xalqının vurulan abidələrini məhv olmaqdan qoruması ilə bağlı şəkillərə rast gəlmişik. Hətta Ukrayna hökuməti Rusiyanın hücumu nəticəsində zərər görən mədəniyyət abidələri ilə bağlı UNESCO-ya müraciət edib.
Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin müavini Katerina Çuyeva bildirib ki, indiyə qədər 60-dan çox mədəniyyət abidəsinin dağıdılması barədə dəqiq faktlar var, ancaq bu yekun rəqəm deyil. Xersonda muzeydə saxlanılan eksponatların yoxa çıxması ilə bağlı da məlumatlar var. O qeyd edib ki, nazirlik tarixi əhəmiyyətli mədəni və dini abidələrin dağıdılması faktları ilə bağlı onlayn platforma yaradıb. Nazir müavini bildirib ki, bütün bu faktlar toplanaraq Haaqa Məhkəməsinə araşdırma üçün təqdim olunacaq.
Maraqlıdır ki, müharibələrdə mədəniyyət abidələrinin məhv edilməsi dünya tərəfindən necə qiymətləndirilir? Rusiyanı hansısa məsuliyyət gözləyir?
Redaktor.az-ın suallarını cavablandıran hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyir ki, müharibənin aparılmasının öz qayda-qanunları var:
“Buna müharibənin qanun və adətləri deyilir. Bu, beynəlxalq humanitar hüquq normaları ilə tənzimlənir. Müharibə aparan istənilən dövlət beynəlxalq humanitar hüquq normalarına zidd olaraq hərbi əməliyyatlar apararsa, onun məsuliyyəti qaçılmazdır. Gec və ya tez bu baş verəcək. Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatlar beynəlxalq cinayət məsuliyyətinə səbəb olacaq əməllərlə əhatələnib. Bunlar müharibə cinayətlərinin tərkibini yaradan əməllərdir”.
Hüquqşünas bildirdi ki, silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında konvensiya mövcuddur:
“Beynəlxalq hüquq elmində müharibə cinayətlərinin bir çox növü var ki, onlardan biri də silahlı münaqişə şəraitində mədəni irsə qəsd olunmasıdır. Müharibə aparan tərəflər heç vaxt mədəni irsin qorunmasına yönəlik addım atmayıb, əksinə hərbi zərurət olmadan bütün tarixi-mədəniyyət abidələrini yerlə-yeksan edib. Əslində isə silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il konvensiyasına görə, dövlətlər mədəni sərvətlərin qorunması öhdəliklərinə malikdir. Konvensiyaya görə mədəni sərvətlər ona görə qorunmalıdır ki, mədəni sərvətlərə vurulan istənilən zərər bütün bəşəriyyətin mədəni irsinə ziyandır. Çünki, hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir. 1954-cü il Konvensiyasına əsasən, mədəni sərvətləri qorumaq və onlara hörmət etmək öhdəliyi həm onun ərazisində yerləşdiyi tərəfin üzərinə, həm də işğalçı dövlətlərin üzərinə düşür. Birinci halda öhdəlik, silahlı münaqişələr zamanı əmlakın məhvinə və ya zədələnməsinə səbəb ola biləcək məqsədlərdən çəkinmək, ikinci halda isə əmlaka qarşı yönəlmiş hər hansı düşmənçilik hərəkətindən çəkinməkdir. Bu öhdəlikdən yalnız imperativ hərbi zərurət hallarında imtina etmək olar. Konvensiya həmçinin müəyyən təyinatlı mülkiyyətlərə, məsələn, daşınan mədəni sərvətləri qorumaq üçün nəzərdə tutulan sığınacaqlara, abidələrin və çox böyük əhəmiyyət kəsb edən digər daşınar mədəni sərvətlərin yerləşdiyi mərkəzlərə xüsusi mühafizə təmin edir. Mədəni sərvətin xüsusi mühafizəsi üçün silahlı münaqişə tərəfinə mühüm daşınar mədəni sərvətlər üçün məhdud sayda sığınacaqlar qurmağa icazə verilir. Belə bir mərkəz böyük sənaye mərkəzlərindən və ya aerodrom, yayım stansiyası, liman və ya dəmir yolu stansiyası və ya magistral kommunikasiya xətti kimi mühüm hərbi obyektlərdən adekvat məsafədə yerləşdiyi müddət ərzində xüsusi mühafizə altında hesab olunur. O, həmçinin hərbi məqsədlər üçün istifadə edilməməli və bomba zədələnməsindən qorunacaq şəkildə tikilməlidir”.
Hüquqşünas qeyd etdi ki, Beynəlxalq Cinayət Məhkəməsi artıq araşdırmalara başlayıb.
“Görünən odur ki, Ukraynada bunların hər biri təşkil olunduğu halda, Rusiya tərəfindən bunlar qətiyyən nəzərə alınmayıb, bütün tarixi-mədəniyyət abidələri, kitabxanalar, uşaq bağçaları və məktəblər bombalanıb. Bu əməllər müharibə cinayətlərinin tərkibini yaradır və təqsirkarlar, Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun 8-ci maddəsinə müvafiq olaraq, beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təbii ki, bununla bağlı artıq, Beynəlxalq Cinayət Məhkəməsi araşdırmalara başlayıb. Ümid edirəm ki, bu araşdırma, Rusiyanın Gürcüstanda başladığı hərbi əməliyyatlar zamanı aparılan araşdırma kimi yarımçıq qalmayacaq”, - deyə Ə.Allahverdiyev vurğulayıb.
Zərif ÜLVİQIZI












