"Şuşa uğrunda döyüşmüş hər kəsə salam-sayğımızı yetiririk" - Qənirə Paşayeva
Xəbər verdiyimiz kimi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının Mədəniyyət Paytaxtı” seçilib. Bu barədə qərar TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində (Bursa 2022-ci ildə Türk dünyasının Mədəniyyət Paytaxtıdır) keçirilən iclasında qəbul olunub.
Redaktor.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu qərara görə, TÜRKSOY-a təşəkkür edib və mədəniyyət işçilərimizi, incəsənət xadimlərimizi, şuşalıları, bütövlükdə xalqımızı təbrik edib.
"Bundan öncə respublikamızın başqa bir şəhəri - Şəki Türk dünyasının Mədəniyyət Paytaxtı seçilmişdi (2016-cı ildə). İnanırıq ki, Şuşa yeni fəxri statusunu öz qüruruna, zəngin tarixi, mədəni ənənələrinə uyğun şəkildə doğruldacaqdır.
Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı, dəstəyi ilə həyata keçirilən böyük mədəniyyət layihələri, quruculuq, təmir-bərpa işləri dağlar incisinin öz ruhuna, öz gözəl dünyasına dönməsini təmin etməkdədir.
Şuşa İlində Şuşa ilə bağlı belə xoş xəbər eşidərkən, ilk növbədə Şuşa uğrunda canını qurban verən şəhidlərimizi dərin ehtiramla anır, yaralı qazilərimizə şəfa diləyir, Şuşa uğrunda döyüşmüş hər kəsə salam-sayğımızı yetiririk.
Müzəffər Ali Baş Komandanımız başda olmaqla şanlı Silahlı Qüvvələrimizin tarixi Zəfəri mədəniyyət və incəsənət xadimlərimizin xidmətləri ilə süslənəcəkdir", - deyə komitə sədri bildirib.












