Komitə sədri Ənvər Çingizoğlunu 60 illik yubileyi münasibətilə təbrik edib - FOTO

 13:31 28.04.2022     110

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist, geneoloq Ənvər Çingizoğlunu 60 llik yubileyi münasibəti ilə təbrik edib.

Bu barədə Redaktor.az-a komitədən bildirilib.

"Çox şadam ki, bu ilki yubileyinizi düşmən işğalından azad olunmuş doğma Cəbrayılda quruculuq, abadlıq işlərinin aparılması fonunda qeyd edirsiz.

Siz BDU-nun Jurnalistika fakültəsində oxumuş (1985–1990), 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda “Araz” qəzetində ədəbi işçi kimi çalışmısız. 1994-cü ildən 2014-cü ilin mart ayınadək “Azərbaycan Televiziyası və Radio verilişləri” QSC-nin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində işləmisiz. 2014-cü ilin mart ayından “Azərbaycantelefilm”in Baş redaktor müavinisiz.

Siz əsasən folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparırsız.

Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli önəmli yazılar, ssenari müəllifi olduğunuz tarixi-sənədli filmlər sizin peşəkarlığınızı və məhsuldarlığınızı təsdiq edir. Yazdığınız ssenarilər əsasında “Avşarlar”, “Xurşidbanu Natəvan”, “Nəvvab”, “Kəminə” adlı televiziya filmləri çəkilib.

Siz davamlı olaraq respublikamızda və xaricdə keçirilən nufuzlu beynəlxalq konfransların, simpoziumların iştirakçısı olmuş, bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmisiz.

Sizin elmi prioritetlərinizdə türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın güncəl problemləri, mənbəşünaslıq və b. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələriniz polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.

Siz Azərbaycan Jurnalistlər Birliyinin (1987), Avrasiya Yazarlar Birliyinin (2007), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin (2003) üzvüsüz.

Respublikamızda mədəniyyətin inkişafında xüsusi xidmətlərinizə görə 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüsüz.

Sizi, 60 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!, - Qənirə Paşayeva deyib.

Millət vəkili Ənvər Çingizoğluna Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist, geneoloq Ənvər Çingizoğlu səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.

22