Qənirə Paşayeva Xalq artistini təbrik etdi - FOTO

 14:22 19.05.2022     458

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Həmidə Ömərova ilə görüşüb.

Redaktor.az xəbər verir ki, millət vəkili onu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb, komitə adından təbrik məktubu təqdim edib:

"Sizi – görkəmli kino və teatr aktrisası, televiziya aparıcısını, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvünü, 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, yeni sənət uğurları diləyirəm!
Siz 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Aktyorluq şöbəsində təhsil almısız. 1979-1993-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmısız. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə almısız. Azərbaycan Dövlət Televiziyasında məşhur “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olmusuz. Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (vaxtilə rəhbərlik etdiyiniz) “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının professorusuz.
Siz Şəfiqə (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), Gəlin (“Vah!”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Afaq (“Nizami”), Şəfiqə (“Musiqi müəllimi”), Tamara (“Burulğan”), Nazlı (“Şirbalanın məhəbbəti”), Nuriyə (“Divlər zindanı”, İran k/s), Nurzad (“Əzablı yollar”), Zivər (“Doğma sahillər”), Xan qızı (“Dədə Qorqud oğuznamələri”), Elmira (“Dronqo”) və b. mükəmməl obrazlar yaratmısız.

Siz sənətə xidmətlərinizə görə bir sıra mükafat və fəxri adlara, o cümlədən 01.08.2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülm görülmüsüz.
Sizi bütün uğurlarınız və 65 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva yubilyara Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Xalq artisti komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib.

222