Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Tarixi və Mədəniyyəti Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olundu

 12:10 25.05.2022     331

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt arasında görüş keçirilmişdir, iki təşkilat arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Redaktor.az xəbər verir ki, görüş üçün öz təşəkkürünü bildirən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt fondun əsas fəaliyyətinin türk dünyasının mədəni irsinin qorunması, Türk dövlətlər təşkilatına üzv ölkələrin mədəniyyət və təhsil qurumları, ictimai təşkilatları ilə əməkdaşlıq etmək olduğunu söyləyib.

Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıq, mədəni əlaqələrin inkişafında maraqlı olduqlarını bildirən Fond rəhbəri həyata keçirdikləri beynəlxalq layihələr, arxiv və əlyazma sənədlərinin araşdırılması sahəsində görülən işlər, habelə “OTIRAR” Türk dünyası Beynəlxalq Elektron Kitabxanasının yaradılması haqqında məlumat verib. Bugünə qədər 80 min kitabın elektron nüsxəsinin kitabxanada toplandığını və digital kitabxananın əsas məqsədinin türk xalqlarının mədəni irsinin qorunub saxlanılması, zənginləşdirilməsi, dəyərli nəşrlərin rəqəmsal toplusunun birgə yaradılması, bu istiqamətdə əməkdaşlığı daha da genişləndirmək,  olduğunu qeyd edib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Dövlətlər Təşkilatı çərçivəsində mədəni əməkdaşlığın daha da genişləndirilməsi, dövlət başçılarımızın qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən söhbət açıb. Samir Abbasov 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan edildiyini və bu istiqamətdə rəhbərlik etdiyi Mərkəz tərəfindən çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edərək, Türk Tarixi və Mədəniyyəti Fondunun sözügedən layihələrdə iştiraka dəvət edib.

Diplomat Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsimizə, abidələrimizə böyük ziyan vurduğunu, bütün infrastrukturun, xalqımızın min illərlə yaratdığı mədəni irsin, mədəniyyət abidələrinin dağıdıldığını və məhv edildiyini qeyd edib. Samir Abbasov işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işləri, mədəniyyət abidələrinin bərpası istiqamətində dövlətimizin, Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər haqqında fikirlərini bölüşüb. O, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri haqqında danışıb, həyata keçirilən layihələr nəticəsində 98 adda Azərbaycan mədəniyyəti, ədəbiyyatına dair nəşrlərin Özbək dilinə tərcümə olunduğunu və Daşkənddə çap olunduğunu, Özbəkistan arxivləri, əlyazma fondları ilə sıx əməkdaşlıq edildiyini bildirib. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda həyata keçirdiyi layihə əsasında 2019-cu il “Nəsimi ili” çərçivəsində Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə dair qiymətli əlyazmaların, bu il isə böyük Azərbaycan şairi Şah İsmayıl Xətainin 535 illiyi ilə əlaqədar şairin unikal divanının aşkar edildiyini və onların tədqiqata cəlb edildiyini vurğulayıb. O, yaxın günlərdə “Xətainin divanının Daşkənd nüsxəsi” adlı unikal faksmil nəşrinin işıq üzü görəcəyini qeyd edib.

S.Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türk xalqlarının ortaq dəyəri, Azərbaycan şifahi xalq ədəbiyyatının şedevri olan “Kitabi Dədə Qorqud” dastanının Özbək dilinə tərcümə edildiyini və kitab halında nəşr edildiyini bildirib.

Diplomat gələcəkdə Türk Tarixi və Mədəniyyəti Fondu ilə xalqlarımızın tarixi, mədəniyyəti, ortaq dəyərləri, nəşr sahəsi, arxivlərdə araşdırmaların aparılması istiqamətində birgə tədbirlərin, təqdimatların, layihələrin həyata keçirilməsi təklifi ilə çıxış etmişdir.

Görüşdə müzakirələrdən sonra bir sıra məsələlərə dair, birgə layihələrin reallaşdırılması haqqında  razılıq əldə olunub.  Samir Abbasov layihələrdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və iştirakı məsələsinə dair məsləhətləşələr aparılacağını qeyd edib.

2022-ci il “Bursa Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində bir sıra tədbirlərin keçirilməsi, “Xivə-Bursa-Şuşa Türk dünyasının mədəniyyət paytaxtları” mövzusunda sərginin açılması, 3 dildə nəşr ediləcək Şuşaya dair nəşrin, habelə Özbək dilinə tərcümə edilmiş “Kitabi Dədə Qorqud” dastanının Bursada təqdimatının keçirilməsi, Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılan “OTIRAR” Türk dünyası Beynəlxalq Elektron Kitabxanası layihəsinə dəstək göstərməsi, Özbəkistanda və Azərbaycanda əlyazmaların tədqiqi, Türkiyə arxivlərində region ölkələrinə dair saxlanılan tarixi, qiymətli xəritələrin üzv ölkələrdə yayılması, muzeylərə əvəzsiz olaraq göndərilməsi və s. məsələlərə dair razılıq əldə etmişlər.

2