"Bütün bunlar Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təntənəsidir" - Qənirə Paşayeva

 11:54 01.06.2022     154

Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığı, Yunus Əmrə İnstitutu, İLESAM, Azərbaycan Yaradıcılıq Fondu, DGTYB və d. qurumların təşkilati, mənəvi dəstəyi ilə keçirilən festivalın açılışı Bakı Dövlət Universitetində (BDU) baş tutub.

Redaktor.az xəbər verir ki, komitə sədri Qənirə Paşayeva festivalın birinci gününün Şuşa şəhərinin 270 illiyinə və “Şuşa İli”nə ad edilməsini, ümumən festivalın adını, məram-məqsədini çox anlamlı hesab etdiyini bildirib. O, Mədəniyyət Komitəsinin məmnuniyyətlə dəstək durduğu festivalın məhz ortaq türk qurumlarının təşkilati dəstəyi ilə keçirilməsinin bütün Türk dünyası ədəbiyyatçıları, yazarlar və naşirlər üçün vacib olduğunu, yaxşı perspektiv vəd etdiyini söyləyib.    

Festivalın Azərbaycanın ən qocaman ali təhsil ocağı olan Bakı Dövlət Universitetində və “TEKNOFEST Azərbaycan” festivalı ilə eyni gündə  keçirilməsinin də çox anlamlı hadisə olduğunu vurğulayan Q.Paşayeva, bütün bunları Azərbaycan Türkiyə strateji müttəfiqliyinin təntənəsi adlandırıb:

“Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Türk dünyasının birliyinə, ortaq keçmişə, eyni mədəniyyət və adət-ənənəyə malik olan qardaş xalqların sıx əməkdaşlığına töhfə olacağına inanıram.

Azərbaycanla qardaş dövlətlər arasında dostluq, qardaşlıq münasibətləri gündən-günə inkişaf etməkdədir. Bu gün qardaş ölkələrimizi təmsil edən şair, yazıçı, ədəbiyyatşünas və naşirləri burada salamlamaq çox xoşdur.

Ortaq türk qurumlarının hamısının bizimçün əziz olduğunu bir daha vurğularkən, qeyd etmək istərdim ki, ötən ilin payızında Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi xüsusi hadisədir. Başqa bir xüsusi hadisə Azərbaycanla Türkiyə arasında “Şuşa Bəyannaməsi”nin imzalanmasıdır. Yəni dövlət başçılarımız vətəndaş cəmiyyət institutlarının qarşısında geniş yollar açıb, yeni imkanlar yaranıb və bu yollar gedilməli, imkanlar xalqlarımızın, ölkələrimizin daha da yaxınlaşması naminə istifadə edilməlidir.

Bir sözlə, Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirməyə, gənc nəslin Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına, nəşriyyatlar, yazarlararası işbirliyi mühitinin yaranmasına xidmət edən böyük söz bayramıdır.

Bir daha təşkilatçılara, əməyi keçən hər kəsə təşəkkür edir, bütün iştirakçıları ürəkdən salamlayıram”!

2222