Mədəniyyət komitəsinin dəstəyi ilə rəsm sərgisi keçirilib - FOTO

 12:20 02.06.2022     330

Milli Məclisin Mədəniyyət komitəsinin mənəvi dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyası, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “NƏFƏS” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutan xeyriyyə satış-sərgisi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Sərgidə “Evdə Fərdi Təhsil Məktəbi”nin rəsm bacarığı olan fiziki imkanları məhdud 15 şagirdinin 70-dən çox əl işi nümayiş olunub.

Redaktor.az xəbər verir ki, komitə sədri Qənirə Paşayeva uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların problemlərinin həllinə daim nəzarət edilməlidir və biz bu yönümlü layihələrdə daim varıq. Bugünkü bu anlamlı sərgiyə dəstək verməkdən, burada iştirakdan çox şadıq.

Əziz uşaqlar, siz xoşbəxtsiniz ki, müstəqil Azərbaycanda yaşayır, yaradırsız. Siz xoşbəxtsiz ki, qalib Azərbaycanın vətəndaşlarısız.

Ümummili liderimiz Heydər Əliyevin uşaqlara unudulmaz diqqət-qayğısı bu gün davam və inkişaf etdirilir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşalarımıza, istedadlılara, yaradıcı insanlara, ümumiyyətcə ölkə vətəndaşlarına və Azərbaycan mədəniyyətinin inkişafına yüksək diqqət-qayğısı ənənələrin qorunması baxımından bir örnəkdir.

Artıq vurğulandığı kimi, dövlətimiz hər il yeni sosialyönümlü layihələr həyata keçirir, o cümlədən fiziki məhdudiyyətləri olan vətəndaşlarımız dövlət himayəsi ilə əhatə olunur.

Mən burada iştirak edən dostlara, uşaqlarımızın bu gözəl əsərlərini öz evləri, iş yerləri və müvafiq uşaq, mədəniyyət, təhsil müəssisələri üçün alacağına görə bəri başdan təşəkkür edirəm!

Əminəm ki, burada nümayiş olunan hər bir əsər öz alıcısını bulacaqdır. Uşaq, yeniyetmə və gənclərimizə bir daha ən xoş diləklərimi yetirir, yeni yaradıcılıq uğurları arzulayıram”!

Qeyd edək ki, sərgidə həmçinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, Sumqayıt Şəhər Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, “Qırmızı Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, uşaqları təbrik edib, onlara uğurlar arzulayıb və hədiyyələr veriblər.

Gənc rəssamların hər birinə komitə sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və RHİM İB sədri Arzu Bağırova və  “Qırmızı Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri xanım Mətanət Məhərrəmova tərəfindən hədiyyələr təqdim olunub.

Qənirə Paşayeva, Firəngiz Balakişiyeva və Arzu Bağırova aldıqları əsərlərin bir hissəsini Sumqayıt Dövlət Rəsm Galereyasına, bir hissəsini Sumqayıt Şəhər Mədəniyyət Evinin “Sumqayıt” Rəqs qrupunun uşaqlarına, bir hissəsini isə tədbirdə iştirak edən qazi övladları və istedadlı uşaqlara hədiyyə ediblər.

Sərgidə Şəhər Mədəniyyət Evinin “Sumqayıt” Rəqs qrupu “Azərbaycan suitası” rəqsi ilə çıxış edib.

Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova təşkilatçılara və bütün iştirakçılara öz təşəkkürünü bildirib.

Qeyd edirik ki, sərgidə nümayiş olunan bütün əsərlər iştirakçılar tərəfindən alınıb.

2222222