“Wikipediya”da özbək dilində yeni bölmə istifadəyə verilib - FOTO

 11:24 15.06.2022     108

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Respublikasında rəsmi bayramlardan biri “Azərbaycan xalqının milli qurtuluş günü” adlı bölmə istifadəyə verilib.

Bölmənin yaradılmasında əsas məqsəd müstəqillik qazandıqdan sonra Azərbaycan tarixinin çətin, keşməkeşli, mühim və həlledici bir dövrünə işıq salmaq, 15 iyun tarixinin dövlətçiliyimizin, müstəqilliyimizin xilası yolunda əhəmiyyəti və ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini Özbəkistan ictimaiyyətinə çatdırmaqdır.    

Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” heyəti tərəfindən yaradılmış bölmədə ölkəmizin müstəqillik əldə etdiyi ilk illərdən müstəqilliyimiz üçün yaranan təhlüəkələr, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə yaranan xaos, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü barədə məlumat verilir, Vətənin bu ağır günlərində Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasət xadimi Heydər Əliyevin xüsusi fədakarlıq göstərərək hakimiyyətə qayıtması və müstəqilliyimizin xilası üçün gedən proseslər barədə məlumatlar verilir.

Qeyd olunur ki, tarixdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etmək şansı qazanan Azərbaycan müstəqilliyin qorunub saxlanması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, dövlət institutlarının, iqtisadiyyatın formalaşdırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və nəhayət, Azərbaycanın parçalanmaqdan xilas edilməsi Ulu öndər Heydər Əliyevin qarşısında duran ən mühüm vəzifələr idi. 

Bölmədə vurğulanır ki, daxili və xarici siyasətdəki uğursuzluqlar, Azərbaycana qarşı müxtəlif cür siyasi və iqtisadi təzyiqlər, ölkənin müxtəlif bölgələrində separatçı qüvvələrin fəallaşması nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycanın belə bir ağır vəziyyətində əhalinin əksəriyyəti müstəqillik üçün yaranan təhlükədən xilas yolunu dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.

Heydər Əliyev bütün bu çətinlikləri yenərək, Azərbaycanın müstəqilliyini xilas etmiş, bu tarixi missiyanın öhdəsindən şərəflə gəlmiş və öz adını əbədi olaraq Azərbaycan tarixinə qızıl hərhlərlə yazmışdır deyə məqalədə qeyd olunur.

“Wikipediya” Elektron Ensiklopediyasında yaradılan “Ozarbayjon xalqining Milliy najot kuni” adlı Özbək dilində bölmədə məlumat verilir ki, 1997-ci ilin 15 iyun günündən bayram elan edilmiş və 1998-ci ildən bu bayrama dövlət statusu verilmişdir.

Yaradılan bölmədə Azərbaycan xalqının milli qurtuluş günü ilə bağlı ədəbiyyat siyahısı verilmiş və fotoşəkillər yerləşdirilmişdir.

“Wikipediya” Elektron Ensiklopediyasında yaradılan “Ozarbayjon xalqining Milliy najot kuni” adlı Özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Ozarbayjon_xalqining_Milliy_najot_kuni vasitəsilə tanış olmaq mümkündür.

2