Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - VİDEO

 15:26 28.06.2022     339

20 iyun 2022-ci ildə onlayn rejimdə keçirilmiş konfrans Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi, Mirzə Ələkbər Sabir Fondu və ADPU Quba filialının təşkilatçılığı ilə keçirilib.

Redaktor.az xəbər verir ki, konfransda TÜRKSOY, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin, türk ölkə və topluluqlarını təmsil edən digər qurum və quruluşların nümayəndələri, tanınmış aydınlar iştirak edib.

Tədbirə moderatorluq edən Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı cəmiyyətin inkişafına şair, satirik, maarifpərvər ictimai xadim, pedaqoq olaraq öz töhfələrini vermiş M.Ə.Sabirin əsərlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə dövlət varidatı elan edildiyini vurğulayıb. O, görkəmli ədibin yaradıcılığının XX yüzil Azərbaycan ədəbiyyatına müraciət edən istənilən tədqiqatçının diqqət mərkəzində durduğunu, onun həyat və yaradıcılıq yoluna ehtiram duyulduğunu, xatirəsinin həmişə əziz olduğunu deyib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq bu önəmli tədbirə qatıldıqlarına görə onlara öz təşəkkürünü bildirib. Q.Paşayeva Sabir yaradıcılığının İKT üzərindən daha geniş şəkildə tanıdılmasında M.Ə.Sabir Fondunun rolunu qeyd edib, fondun rəhbəri Sevda Tahirliyə Sabir irsinə layiqli şəkildə varisliyinə görə təşəkkür edib. Komitə sədri qeyd edib ki, biz Sabirin yalnız Azərbaycan cəmiyyətində deyil, bütün Türk dünyasında tanınmasını, yaradıcılığının sonrakı ədəbi nəsillərə təsirlərini nəzərə alaraq, beynəlxalq səviyyədə keçirməyi uyğun gördük: “İştirakçıların tərkibindən də göründüyü kimi, Sabir yaradıcılığna günümüzdə də yüksək maraq, diqqət vardır. Öz dövrünün ağrılarını yaradıcılığında sənətkarlıqla əks etdirən Sabiri, xalqın səsi, sadə vətəndaşın arzularının ifadəçisi olub. Sabirin sənətkar düçüncəsi ölkə hüdudlarını on illər öncədən aşıb, ədəbiyyatımızın estetik dəyərlərini təcəssüm etdirib.

Ötən aylarda biz Özbəkistanda səfərdəydik. Bizə bəlli oldu ki, o zamanlar Türküstan coğrafiyasında ilk dünyəvi məktəbin açılmasında böyük xidməti olan Azərbaycan əsilli aydın Seyid Əli Rzazadə Sabirin yaradıcılığına böyük önəm verirmiş. Bu böyük şəxsiyyət haqqında araşdırma aparanda məlum olub ki, Seyid Əli Rzazdə Azərbaycana gəldiyində Səmərqəndin öndə gələn aydınları adından Sabirə baş çəkir və Sabir dünyasını dəyişəndə nəinki oradakı mətbuatda başsağlığı yayımlanır, hətta matəm elan olunur. Bu, Sabirin itksinin yalnız Azerbaycan üçün deyil, Turkustan üçün də bir itki olduğunu ifadə edir.

Sabirin əsərləri Türkiyədə, digər türk ölkə və topluluqlarında nəşr olunub, maarifçilik hərəkatında rol oynayıb.

Sabirin yaradıcılığı nəsillərə ciddi şəkildə təsirləri olub.

Cənab Prezidentin böyük Sabirin 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar Sərəncamı təbii ki, ötən illər içində bir sıra yeni tədqiqatlara, nəşrlərə səbəb oldu, yubiley ilində çoxsaylı tədbirlər keçirildi, özəlliklə ölkə xaricində Sabir yaradıcılığına maraq daha da artdı. Biz Sabir yaradıcılığının sadəcə qardaş türk dövlət və topluluqlarında deyil, dünyanın hər yerində öyrənilməsində maraqlıyıq. Şairin irsinin daha genis tanıdılması üçün bizim türk mədəniyyəti ilə bağlı qurumlarımızla bərabər daha çox çalışmağımız lazımdır. Türk dövlətlərinin mədəni irsini dünyada geniş təbliğ etmək üçün gözəl qurumlar yaradılıb və onların fəaliyyəti daha da güclənir”.

Q.Paşayeva çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan maarifçilik hərəkatında öz şeirləri, öz əməlləri ilə böyük rol oynamış ustad Sabir hər zaman Azərbaycan mədəniyyətində böyük şair və şəxsiyyət olaraq, sayğı və sevgi ilə xatırlandığı kimi, türk xalqlarının mədəniyyətində də eyni düşüncə ilə anılacaq.

Daha sonra TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıçı konfrans iştirakçılarını salamlayıb və türk xalqları arasındakı qardaslığı gücləndirmək, türk mədəniyyətini dünyaya tanıtmaq, ortaq dəyərlərin yeni nəsillərə ötürmək üçün fəaliyyət göstərən TURKSOY-un fəaliyətindən söz açıb. Azərbaycan ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin TÜRKSOY tərəfindən yüksək səviyyədə qeyd olunduğunu xatırladan B.Çakıcı, türk sənətinə, ədəbiyyatına böyük xidmətləri keçmiş şəxsiyyətlərin tanıdılması məqsədi ilə bundan sonra da müxtəlif formatlı tədbirlər təşkil ediləcəyini yaxud belə tədbirlərə dəstək veriləcəyini deyib: “Bu çərçivədə, Türk dünyasının önəmli ədəbi şəxsiyyətləri Nizami, Vaqif, C.Cabbarlı, Cavid, B.Vahabzadə və başqa klassiklərin, görkəmli şəxsiyyətlərin xatirəsinə Türkiyədə, Azərbaycanda və digər ölkələrdə tədbirlər təskil olunub.

XX yüzilin ən məşhur şairlərindən biri, yeni satirik cərəyanın yaradıcısı M.Ə.Sabirin 160 illiyi münasibətilə toplantıya qatıldığımıza görə şadıq.

Türk mədəniyyətinə xidmət edən və zənginləşdirən görkəmli sənətkarlar arasında əsərləri ilə ölümsüzləşən Sabirin özünəxas yeri vardır. Ruhu şad olsun”!

Natiq sonda Sabirin “Olmasın” qəzəlini səsləndirib.

AYB-nin sədri, Xalq yazışısı ANAR diqqətə çatdırıb ki, Sabir təkcə Azərbaycanın yox, bütün Türk dünyasının, Şərqin böyük şairlərindən biridir: “Sabir ədəbiyyatda inqilab yaratmış bir şairdir”.

Xalq yazıçısı Şamaxıda əvvəlki muzeyin yerində tikilmiş hazırkı muzeyin Sabirin evi şəklində hazırlanmış olsa da, qənaətbəxş olmadığını bildirib, öz iradlarını söyləyib: “Özəlliklə muzeydə Sabirə həsr olunmuş illüstrativ nümunələrin olmaması adamı çox kədərləndirir. Sabirin dövrünü, yaradıcılığını, müasirlərini əks etdirən eksponatların olmaması çox narahatedicidir. Həm Şamaxı rayon İcra hakimiyyəti başçısından, həm də Mədəniyyət Nazirliyindən xahiş edirəm ki, müvafiq tədbirlər görülsün və ədibin adına yaraşan şəkildə muzey qurulsun”.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli çıxışına Anar müəllimin vurğuladığı mühüm məsələləri rəhbərliyin diqqətinə çatdıracağı ilə başlayıb.

O, daha sonra qeyd edib ki, Sabir bizim satira ustadlarımızdandır: “Bir şair kimi dövrün xalqa aid bütün çatışmayan cəhətlərini satira dili ilə çatdırmsı onu xalqa sevdirib. Hazırda Sabirin yeni kitabının üzərində işləyirik. 2022-ci ildə Sabirin bir kitabı çıxacaq. Hesab edirəm ki, novbəti illərdə Sabir yaradıcılığı ilə bağlı Mədəniyyət Nazirliynin fəaliyyət planında müxtəlif yeni istiqamətlər olacaqdır”.

Mərkəzi qərargahı İstanbulda yerləşən Türk Ədəbiyyatı Vəqfinin başqanı, tanınmış şair Sərhad Kabaklı çıxışında söyləyib ki, böyük Azərbaycan şairi Sabiri çəkdiyi əzablara görə türk ədəbiyyatındakı Osman Yüksəl Serdengecti ilə müqayisə edə bilərik. – “Sabirin Türk ədəbiyyatına satira janrı baxımından böyük xidmətləri olub. Vəqfimiz Sabiri anmaq və onu daha yaxşı tanıtmaq üçün əlindən gələni etməyə çalışacaq”.

Daha sonra söz Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna verilib. Y.Öməroğlu onlayn konfransın təşkilatçılarına təşəkkürünü, Sabir varislərinə isə öz salamlarını söyləyib. Y.Öməroğlu qeyd edib ki, toplantıda Türk dünyasının fəqli bölgələrindən – Türkiyə, Qazaxıstan, Özbəkistan, Başqurdistan, Qaqauz Yeri və b. yerlərdən iştirakçıların olması Sabirin Türk dünyası və Şərqin şairi olduğunun gözəl isbatıdır: “Sabirin şeirinin satirik ruhu cəmiyyətin inkiafında önəmli xidmət göstərib. Şeirləri bu gün də sevə-sevə ifa olunur və onun təsir gücü öncəki böyüklüyündədir. Çünki Sabirin qaldırdığı bir sıra məsələlər bu gün də aktualdır. 160 illiyində onu anmaq ədəbiyyatımızın köhnə şairini deyil, dövrümüzün problemlərinə yön verən, şeirləri ilə yaşayan bir şairi anmaq deməkdir. Onun şeirlərinin öyrədilməsi bugünümüzün problemlərinin həllinə yol bulmaq deməkdir”.

“Başqurdistan qadını” jurnalının baş redaktoru, şair-publisist, tərçüməçi Gülnaz Kutuyeva onlayn konfransa dəvət üçün təşəkkür edib, ürək sözlərini bölüşüb: “Sabiri tərcümə etmək üçün Azərbaycan dilini çox mükəmməl bilmək lazımdır. Sabir məşhur başqurd şairi Şeyxzadə Babiçlə eyni vaxtda yaşayıb-yaradıb; yaradıcılığında, taleyində Abdulla Tukayla da oxşarlıq var. Sabirin şeirlərində kəskin dil və güclü zəka var”.

Sonra çıxışçı Sabirin başqurd dilinə çevirdiyi şeirini ifa edib.

Qaqauz Yerindən konfransa qatılmış olan şair-tərcüməçi Güllü Qərənfil Sabir yaradıcılığı ilə ötən yüzilliyin 90-cı illərində BDU-da təhsil aldığı zaman tanış olduğunu, daha sonra onu Komrat Dövlət Universitetində “Türk ədəbiyyatı” dərsində tədris etdiyini qeyd edib. Buna səbəb olaraq Sabirin dilinin qaqauzcaya yaxın olması ilə yanaşı, onun satira yoluyla mübarizə aparmasını, bununla da qaranlıqları aydınlığa çıxartmasını diqqətə çatdırıb.

Çıxışçı Sabirin bir neçə şeirini qaqauzcaya uyğunlaşdırmağa qərar verdiyini və onu yerli jurnalda nəşr etdirəcəyini söyləyib.

İLESAM İdarə heyətinin üzvü, şair İltər Yaşılay konfrans iştirakçılarını həm öz adından həm də İLESAM rəhbərliyi adından salamlayaraq, Azərbaycan şairilərini çox sevdiyini, İLESAM-ın da Azərbaycan klassiklərini daim andığını söyləyib, fikirlərini bölüşüb: “Şairlər cəmiyyətdə yanlış gedişatları ya şeirlərində göstərər ya da susarlar. Sabirin gördüklərinə susmayan şair olub”.

Xanım Yaşılay çıxışını Sabirin və özünün bir şeirini oxumaqla bitirib.

AYB-nin yeni təsis olunan Türkiyə təmsilçiliyinin rəhbəri, yazıçı İmdat Avşar Sabirin millətin dərdini çəkən sənətkar olduğunu və cəmiyyətdəki geriqalmışlıqları özünəxas dil, üslubla ifadə etdiyini söyləyib: Sabir öz dövründə cəmiyyətin həm texnologiya, həm mədəniyyət, həm də digər sahələrdəki geridəqalmışlıqlarının səbəblərinə diqqət çəkib. Sabir özündən 50 il öncə dünyaya gəlmiş M.F.Axundovun əsərlərindəki tənqidi realizmi satirik şeirlə birləşdirərib”.

Çıxışçı əruzda uyğunlaşdıram işinin rahat olmadığını əsas gətirərək türk oxucularına Sabir şeirinin orjinalda təqdim olunması və sadəcə sonda açıqlamaların verilməsi təklifi ilə çıxış edib.

Sivasdan konfransa qoşulan araşdırmaçı-yazar, şai Kənan Çarboğa Sabir yaradıcılığında Mehmet Akif Ərsoy və Neyzen Tevfikə müvafiq paralelliyə diqqət çəkib.

K.Çarboğa Sabirin uşaq şeirlərinin təhlilini verərək, ədibin öz dövrünün uşaq ədəbiyyatın sarıdan boşluğunu doldurduğunu söyləyib: “O, həm elmə həvəsləndirici çağırışlar edib, həm də elmsizliyin bir müşgülə çevrilməsini cəmiyyətə təsirli şəkildə çatdırıb”.

Daha sonra Özbəkistan Yazıçılar Birliyin sədr müavini, tanınmış şair Qeyrət Məcid, Qazaxıstanın tanınmış yeni nəsil yazarları Sayat Kamşıger, Erkinbek Serikbay, ADPU Quba filialının rəhbəri Yusif Alı Avşar, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Şamaxıdakı Sabir Muzeyinin direktoru Rəqsanə Xəlilzadə, ADPU Şamaxı filialının kafedra müdiri Eyvaz Eminalıyev çıxış edib.

Sonda Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, Sabir ocağı adından konfrans iştirakçılarına təşəkkür edib, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya, tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

CAVİD