"Tovuz aşıq sənətinin inkişafında özünəməxsus yerə sahibdir" - Qənirə Paşayeva

 11:59 30.06.2022     302

Tovuz rayonundakı Nizami adına Mədəniyyət evində ustad Aşıq Mikayıl Azaflıya həsr edilən “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Film Azərbaycan Televiziyası “Telefilm Yaradıcılıq Birliyi"nin istehsalıdır.

Redaktor.az xəbər verir ki, təqdimat mərasimi Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə baş tutub.

Nümayiş olunan ekran əsərində öz dövrünün dissident şairi, aşığı olan ustad Mikayıl Azaflının keşməkeşli ömür yolu, Azərbaycan ozan-aşıq sənətinin inkişafında, sənətin coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rolu işıqlandırılıb. Quruluşçu rejissoru Elnurə Kazımova, ssenari müəllifi Məti Osmanoğlu və quruluşçu operatoru Elxan Rüstəmov olan filmin çəkilişləri, əsasən Tovuz rayonunun kəndlərində, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq yaşadığı Şişqaya dağında, ustadın doğulduğu Azaflıda, eləcə də, Bayramlı, Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdimatın əvvəlində çıxış edərək respublikamızda aşıq sənətinə, ümumən mədəniyyətə göstərilən yüksək dövlət qayğısından, o cümlədən Heydər Əliyev Fondunun bu milli sənətin inkişafına verdiyi töhvələrdən söz açıb. Q.Paşayeva yüksək diqqət-qayğıdan ruhlanan yaradıcı aydınların, vətəndaş cəmiyyəti institutlarının da bir sıra yaddaqalan layihələrlə, nəşrlərlə çıxış etdiyinə vurğu edib. O, “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filminin çəkilməsi ideyasından başlamış, bu əsərin araya-ərsəyə gəlməsini, eləcə də, geniş təqdimat mərasiminin keçirilməsini də, aşıq sənətinə, Mikayıl Azaflı irsinə marağın, diqqətin nümunəsini kimi şərh edib.

“Ustad aşıq Mikayıl Azaflının həyat və yaradıcılığı yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında, o cümlədən Qafqazda, İran və İraqda geniş yayılmış, dillər əzbəri olmuşdur.

Türk dünyasının ustad ozanı Mikayıl Azaflını hələ kiçik yaşlarından yaxından tanımaq xoşbəxtliyi nəsibim olub. Ustadın söhbətlərini, onun ifasında gözəl əsərləri dinləməkdən hər zaman böyük qürur duymuşuq. Elə bilirəm, böyük ustadı tanıyan hər kəsin onunla bağlı zəngin xatirələri vardır.

Ozanlarımızın həyat və yaradıcılığının daha geniş öyrənilməsi, təbliği həm bir vəfa borcudur həm də sənətə yeni istedadların gəlməsinə bir vəsilə olur.

Ayrıca, onu da vurğulamaq istərdim ki, Tovuz, ozan-aşıqların aşıq sənətinin inkişafında, bu sənətin estetik dəyərlərinin yayılmasında, təbliğində oynadığı önəmli rol, yetişdirdiyi böyük ustadlarla özünəməxsus yerə sahibdir. Tovuz öz tarixi, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrlə yalnız bir rayonu, bir yaradıcılıq sahəsini ifadə etmir, ümumazərbaycan mədəniyyətini, Türk dünyasının ortaq milli sənətini təcalla etdirməkdədir.

Ustad Mikayıl Azaflı hər vaxt Azərbaycan sevdalı, azadlıq aşiqi, doğma xalqının səsi olan bir sənətkar olub. Ruhu şad olsun! Elə bilirəm, bu sənədli film də, bu təqdimat mərasimi də ustadın ruhunu şad edən hadisələrdəndir. Filmin yaradıcı heyətinə, ümumən bu işdə zəhməti keçən hər kəsə könül dolusu təşəkkür edir, yeni uğurlar diləyirəm”!

Filmin rejissoru Elnurə Kazımova, Azaflı ocağının övladları – Aşıq Hakim, ustadın nəvəsi Roman Azaflı, mərasimdə iştirak edən Xalq rəssamları Arif Hüseynov və Siruz Mirzəzadə, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, Tovuz rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Gənclər Evinin rəhbərı Rauf Rüstəmov, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, “UMAY – Türk dünyası qadınlarına dəstək” İB sədri Vəsilə Abulova çıxış edib, ürək sözlərini bölüşüblər.

222