Mədəniyyət Nazirliyi qanunsuz əməllərlə məşğul olan əməkdaşlarının adını AÇIQLAMADI
Mədəniyyət Nazirliyi tərəfindən son bir il ərzində aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb.
Mədəniyyət müəssisələrində yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılıb. Əlavə olaraq, idarə və müəssisələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.
Açıqlamada müvafiq qanun pozuntularının sayı qeyd olunsa da, cinayət tərkibli əməllərin kimlərin törətməsi barədə bir kəlmə də deyilmir.
Ona görə də, Redaktor.az “məsuliyyətə cəlb olunanların” adlarının da açıqlanması üçün Mədəniyyət Nazirliyinə sorğu göndərdi.
Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, həmin şəxslərin adları onlara da təqdim edilməyib.
“İdarə və müəssisələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə yaydığımız məlumatda şəxslərin adlarının təqdim olunmasını doğru hesab etmədiyimiz üçün həmin siyahını sizə göndərə bilməyəcəm. Adların siyahısı bizə də təqdim olunmayıb. Ona görə, bu barədə bir şey deyə bilməyəcəm. Nə məlumat verilibsə, onları sayta yerləşdirmişik”,- nazirliyin cavabında qeyd olunub.
Nərmin Vüqarqızı












