“Qarabağ: mif və həqiqət” adlı kitabın təqdimatı keçirilib

 15:50 16.07.2022     969

Atatürk Mərkəzində Bakı Slavyan Universitetinin (BSU) Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sadir Məmmədovun və Tural Məmmədovun  həmmüəllifləri olduqları “Qarabağ: mif və həqiqət” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Redaktor.az xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Sadir Məmmədovla yanaşı, Tural Məmmədovun da elmi-tarixi araşdırmaları yer alıb.

Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov tədbirin açılışında deyib ki, dərs vəsaitində Azərbaycanın əzəli-əbədi ərazisi olan Qarabağın tarixi-coğrafi mövqeyi,  bu ərazidə yaşamış tayfalar, onların mədəni-ədəbi abidələri, ermənilərin  Qarabağda məskunlaşması, türk torpaqlarında dövlət qurmaq cəhdləri, erməni uydurmalarının ifşası, qədim erməni dili ilə bağlı həqiqəti əks etdirməyən iddialar, Qarabağda erməni cinayətləri, Qarabağ problemini həll edən Azərbaycan dövlətinin siyasi mövqeyi öz əksini tapıb. Kitabda, həmçinin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərimiz şərh edilir.

N.Cəfərov onu da diqqətə çatdırıb ki, dosent S.Məmmədovun “Azərbaycanşünaslıq tədqiqatları” silsiləsindən “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görmüş növbəti kitabı universitet tələbələri, magistrantlar, doktorantlar, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nəşr BSU-nun xaricdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri, xarici universitetlərdə Azərbaycan dili ixtisası üzrə təhsil alan və dilimizi öyrənən tələbələr üçün faydalı tədris vəsaitidir.

Vumart və Güvən reklamı Vumart Güvən