“Gəlinin toyda oynaması ayıbdır" - Xalq artisti

"Əgər ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getmənməlidir. Bu dəhşətdir. Toyun öz kollektivi var. Toy adət-ənənə, şənlik, arzudur. Amma sənətkar rəqqasə pula görə toya getməz. Ancaq səhnədə olar. Toy meydanında yox. İxtiyarı yoxdur. Çünki toylarda içkili adamlar olur, rəqqas isə ciddi sənətlə məşğuldur. Mən heç öz qızımın toyunda oynamamışam. Çox xahiş etdilər, dedim "olmaz"".
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilova "report"a müsahibəsində deyib.
O, toy öncəsi bəy gəlinin milli rəqsləri öyrənmək üçün kurslara getməsini yaxşı əlamət adlandırıb:
"Deməli gənclərimiz artıq başa düşürlər ki, milli xalq rəqslərimizi ifa etməyi bacarmalıdırlar. Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər “Roza xanım bizə rəqs öyrədin”. Dedim ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu mütrüflükdü. Ayıbdı. Gəlin utanar. İndi ləzginka oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdü. Ancaq gərək gəlinlər Uzundərə, İnnabı, Naz-naz oynasın. Yoxsa ləzginka, atdanıb düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz".