ƏDV-nin götürülməsi kitabları ucuzlaşdıracaqmı? - AÇIQLAMA

“Azərbaycan dövlətinin kağız resursları yoxdur. Bu səbəbdən nəşriyyatlara da ucuz qiymətə təklif edə bilmir.”
Bunu Redaktor.az-a açıqlamasında “Qanun nəşriyyatı”nın təsisçisi Şahbaz Xuduoğlu KİV məhsullarının satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsinə münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, ƏDV-nin götürülməsi, yəni 18 faizin ləğv olunması çox mütərəqqi bir addımdır:
“Bu hal Azərbaycan dövlətinin kitaba xoş münasibətidir. Yəni buradan dövlətin mesajı ondan ibarətdir ki , biz kitaba dəstək olmaq istəyirik. Amma təəssüf ki, bununla ucuzlaşma baş vermədi. Niyə baş verməsinin səbəbi bu idi ki, dünya bazarında kağız məmulatlarının qiyməti qalxdı. Bilirsiniz ki, Azərbaycan kağız istehsal etmir, kitabı haradansa alır. Daha çox Rusiyadan və Ukranyadan alırdıq. İndi də onların arasında müharibə gedir. Bu səbəbdən kağızı Çindən, Avropa ölkələrindən- Almaniyadan, Finlandiyadan alırıq. Ona görə də, bəzi xərclər həddindən çox artıb.”
Naşir onu da əlavə etdi ki, keçən il tonu 1250-1300 dollara alınan kağızın bu gün bir tonunun qiyməti 2000 dolları aşıb:
“Belə bir acınacaqlı mənzərə var və bu da kitabın qiymətinə təsir edir. Azərbaycan dövlətinin kağız resursları yoxdur. Bu səbəbdən nəşriyyatlara da ucuz qiymətə təklif edə bilmir. Amma reallıq ondadır ki, kitabların qiyməti durmadan artır. Bu isə nəşriyyatları çox məyus edir. Bu vəziyyət onların fəaliyyətinə balta vuran, əngəl yaradan bir haldır".
Həmidə Rasimqızı