Özbək jurnalistlər Azərbaycana görə mükafatlandırıldılar - FOTO

 14:48 09.09.2022     227

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində özbək jurnalistlərə TÜRKSOY-un Mətbuat Mükafatları təqdim edilib.

Redaktor.az-ın məlumatına görə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatı əsasında TÜRKSOY təşkilatı Azərbaycan həqiqətlərinin yayılmasında dəstəklərinə görə bir sıra özbəkistanlı jurnalistlərə xüsusi mükafata layiq görüb.

Tədbirdə TÜRKSOY təşkilatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistan jurnalistlər İttifaqının rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçılar Ulu Öndər Heydər Əliyevin bu binanın qarşısındakı abidəsi önünə və şəhidlər bağına əklil və gül çiçəklər qoyublar.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY təşkilatı haqqında məlumat verərək, Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən bu qurum çərçivəsində geniş əməkdaşlıq platformasının yaradıldığını, beynəlxalq təşkilatlar ətrafında səmərəli fəaliyyət göstərildiyini qeyd edib. O, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin TÜRKSOY-la əməkdaşlıq etdiyini Mərkəzin dəstəyi ilə Molla Pənah Vaqif, Baxtiyar Vahabzadə kimi şairlərimizin şeirləri  kitab halında  TÜRKSOY layihəsi çərçivəsində çap olunduğunu qeyd edib.

Diplomat Azərbaycan ordusunun qəhrəmanlığı, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarının 44 günlük Vətən müharibəsi nəticəsində azad edildiyini qeyd edib. O, ötən dövr ərzində, habelə Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini Özbəkistana və dünyaya çatdıran tanınmış media mənsublarına öz təşəkkürünü bildirib.   

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyyətinin sədri Erkin Nuriddinov, Özbəkistan Jurnalistlər İttifaqının sədri Olimcon Usarov, Özbəkistandakı “Turan” Elmlər Akademiyasının prezidenti Xaydarbek Bababekov Özbəkistanla Azərbaycan, ümumiyyətlə Türk dünyası ölkələri arasında bütün sahələrdə, o cümlədən elm, mədəniyyət, incəsənət, mətbuat sahəsində əlaqələrin inkişaf etdiyini qeyd edərək, Türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın vacib olduğunu söyləyiblər.

TÜRKSOY-un Baş katibi Sultan Rayev öz çıxışında təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, 2020-ci ildə TÜRKSOY-un Mətbuat Mükafatını qədim Azərbaycan torpaqlarının azadlığı uğrunda 44 günlük Vətən müharibəsi zamanı yaşanan hadisələri və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran mətbuat işçilərinə verməyi qərara aldıqlarını bildirib.  

Baş katib deyib ki, 2021-ci il sentyabrın 10-da Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən mərasimdə TÜRKSOY-un Mətbuat Mükafatı sahiblərinin bir qisminə təqdim olunub.

Sonra Sultan Rayev və Samir Abbasov Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində fərqlənən Özbək jurnalistlərə TÜRKSOY mükafatlarını təqdim ediblər. Mükafatlar tarixçi alim Şuxrat Salamova, jurnalistlər İxtiyor Abdurahmanova, Serdar Keskinə,  Şokir Dolimova,  Muslimjon Mirzajanova,  Nazim Buronov və Şərafəddin Tuleqanova verilib. Qeyd edək ki, 2021-ci ildə Bakıda keçirilən tədbirdə jurnalistlər Qamaraddin Şeyxov və Abduvali Saybnazarova TÜRKSOY mükafatları təqdim olunub.

Daha sonra tədbirdə TÜRKSOY-un fəaliyyəti haqqında videofilm nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Əməkdar artist Kaykep Əliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəqslərimizi, müğənnilər Rəna Əzizova, Timur Rəhmanov və başqaları Azərbaycan və özbək mahnılarını ifa ediblər.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Rayev Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini muzeylərini ziyarət etmiş və Mərkəzin direktoru Samir Abbasovla görüşərək, ikitərəfli əməkdaşlığı müzakirə etmişlər.

222222222