Gülyanaq Məmmədova Özbəkistanda konsert verəcək

 11:55 12.09.2022     176

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qardaş ölkənin müstəqilliyinin 31-ci ildönümü münasibəti və iki ölkə arasında dostluğa xidmətlərinə görə Özbəkistanın xalq artisti adına layiq görülən Gülyanaq Məmmədova 14-15 sentyabr tarixlərində Daşkənd şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edəcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Redaktor.az-a verilən məlumata görə xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları Daşkənddə keçiriləcək «İpək yolunun dürdanəsi» adlı Beynəlxalq Kino Festivalında iştirak, habelə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənd şəhəri və Bektemir rayonunda təşkil olunacaq «Ulug‘lardan ulug‘imsan Vatanim» adlı möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, bu Özbəkistan Respublikasının xalq artisti adına layiq görüləndən sonra Gülyanaq Məmmədovanın Özbəkistanda ilk konserti olacaqdır.

Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova Daşkənddə 14 sentyabr tarixində açılışı olacaq «İpək yolunun dürdanəsi» adlı Beynəlxalq Kino Festivalında dünyanın məşhur  artistləri, kino xadimləri ilə yanaşı, tanınmış incəsənət xadimləri olaraq qırmızı xalıdan keçəcəklər.

15 sentyabr tarixində isə xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları Beynəlxalq Kino Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində açılışı ediləcək «Azərbaycan kino günləri» tədbirində konsert proqramı ilə çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, 17 sentyabrda xalq artistləri Özbəkistanın Buxara şəhərində mərkəzi sarayda konsert proqramı ilə çıxışı gözlənilir.