Heykəllərin üzərindəki hərflər niyə latın qrafikasında deyil? - FOTO

 17:37 19.09.2022     911

Bakıda heykəllər çoxdur. Bu heykəllərin əksəriyyəti SSRİ-vaxtında ucalıb. Lakin 30 ildən çoxdur ki, Azərbaycan SSRİ müstəmləkəçiliyindən qurtulub, müstəqilliyinə qovuşub. Amma sovet dövründə ucaldılan heykəllərin əksəriyyətinin üzərindəki yazılar hələ də latın qrafikalı əlifbaya dəyişilməyib. Hətta bəzi heykəllər var ki, üstündəki yazılar rus dilindədir.

Bir çoxları üçün adi və lazımsız problem kimi görünsə də, çox vacib məqamdır ki, tanınmış şəxslərin heykəllərinin bir qismində onlara dair məlumatlar kiril əlifbasında qeyd edilib, bəzilərində isə heç ad-soyadı da qeyd olunmayıb.

Üzeyir Hacıbəyov, Səməd Vruğun, Xurşudbanu Natəvan, Məhəmməd Füzuli, Mehdü Hüseynzadə kimi bir sıra tanınmış şəxsiyyətlərimizin adları heykəllərinin üzərində kiril əlifbası ilə qeyd olunub.

Problemlə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Nazirliyin əməkdaşı Xanım Rəsulova Redaktor.az-ın mövzuyla bağlı sorğusunu sanki yola verirmişcəsinə 1 cümlə ilə cavablandırdı:

“Kiril əlifbası ilə yazılan heykəllərin hamısı mərhələli şəkildə dəyişiləcək və məlumat lövhəsi də əlavə olunacaq”.

Mədəniyyət Nazirliyində bu işə məsul olanlara xatırladırıq ki, Azərbaycan artıq 31 ildir, müstəqil dövlətdir. Bundan başqa artıq 30 ildir ki, Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edilir. Hətta 2000-ci ildən latın qrafikalı əlifbadan istifadə məcburi xarakter daşıyıb.

Qeyd edək ki, hər il dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə bu kimi nöqsanların aradan qaldırılması üçün pul ayrılır, lakin mövcud problem illərdir, həllini tapa bilməyib. Ona görə də, "Kiril əlifbası ilə yazılan heykəllərin hamısı mərhələli şəkildə dəyişiləcək" cümləsi məsuliyyətdən yaxa qurtarmaq kimi bir şeydi... 

Yenə də hörmət əlaməti olaraq, Mədəniyyət Nazirliyindən mövzu ilə bağlı ətraflı cavab gözləyirik.

Nərmin VÜQARQIZI

2222