“Türk xalqları ədəbiyyatı” adlı kitabın təqdimatı keçirilib - FOTO

 11:35 07.10.2022     151

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Türk dünyası ədəbiyyatı üzrə araşdırmaçı, professor Elman Quliyevin özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” adlı kitabın təqdimat mərasimi keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzinin Bülbül təqdimat zonasında baş tutub. 

Redaktor.az xəbər verir ki, tədbirdə alimlər, ədəbiyyatsevərlər, sərgi ziyarətçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Klassik ədəbiyyatının, milli mədəniyyətimizə, ədəbiyyatımıza dair tədqiqat əsərlərinin özbək dilinə tərcüməsinin qardaş Özbəkistan oxucularının, tədqiqatçılarının öz ana dillərində oxumaq imkanlarının yaratdğını qeyd edib. Samir Abbasov son illərdə bu istiqamətdə xeyli işlərin görüldüyünü və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 100-dən çox nəşrin özbək dilində işıq üzü gördüyünü vurğulayıb. O, professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” adlı tədqiqat əsərinin özbək dilinə tərcümə edilərək Özbəkistanda nəşrinin əhəmiyyəti haqqında danışaraq, nəşrin özbək tədqiqatçılar, habelə qardaş ölkədə fəaliyyət göstərən universitetlərin müvafiq fakültələrində əlavə dərs vəsait kimi faydalı olacağını da qeyd edib.

Çıxış edən digər natiqlər – Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru, alim Obijon Shofiyev, özbək şairə, “Kitob dunyosi” qəzetinin baş redaktoru Xosiyət Rüstəm nəşrin Türkdilli ölkələrdə yayılmasının, tədqiqat üçün maraqlı mənbə olduğunu vurğulayıblar.

Azərbaycanlı alimlər – professorlar Yaqub Babayev, Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, yazıçı-publisist Nurəddin Ədiloğlu kitabın türk xalqlarının ədəbiyyatının öyrənilməsində dəyərli mənbə olduğunu qeyd edərək, onun özbək dilinə tərcümə olunaraq nəşr edilməsini böyük hadisə kimi vurğuladılar.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatı əsasında nəşr bu ölkənin Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin qərarı ilə əlavə dərs vəsaiti kimi tövsiyə edilib.

Sonda kitabın müəllifi professor Elman Quliyev çıxış edərək kitabın türk xalqlar ədəbiyyatı problemlərinin öyrənilməsində əhəmiyyətindən danışaraq bu nəşrin Azərbaycan-özbək elmi-mədəni əlaqələrinin inkişafında yeni mərhələ hesab etdi. Müəllif bu əsərin özbək dilinə tərcümə edilərək nəşr edilməsində xüsusi əməyi olan Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirdi.

NƏRMİN

2222