Bakıda ICESCO-nun Regional Ofisinin açılması önəmli hadisə olacaq - Komitə sədri

 18:27 11.10.2022     136

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrə çıxarılıb.

Redaktor.az-ın məlumatına görə, layihəni təqdim edən Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib:

”Azərbaycan Respublikası 1991-ci ildən İSESCO-nun üzvüdür. Azərbaycan Respublikası müstəqillik qazandığı ilk vaxtlardan xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr qurmağa başlayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda dünya dövlətləri ilə ikitərəfli münasibətlərlə yanaşı, nüfuzlu regional və beynəlxalq qurumlarla əlaqələrə də mühüm önəm verilib. Ümummilli Liderin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində yeni-yeni uğurlar əldə edilib. Bu konteksdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (Islamic World Educational, Scientific and Cultural Organization - ISESCO) ilə ölkəmiz arasında münasibətlər son illər daha da intensivləşib. Ümumiyyətlə, İslam dünyasında elm, təhsil və mədəniyyətin inkişafında xidmətləri böyük olan ISESCO ilə əlaqələrə yüksək dəyər verən Azərbaycan bu təşkilatla sıx əməkdaşlıq edir. Azərbaycanla bu qurum arasında əlaqələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf edir.

İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya humanitar sahədəki fəaliyyətinə görə “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edilmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

Bu gün İSESCO İslam dünyasını birləşdirmək istiqamətində çox uğurlu addımlar atır. “İSESCO-nun əsas vəzifəsi İslam aləmində elmin, təhsilin inkişafıdır, İslam aləminin zəngin mədəni irsinin qorunmasıdır. Bu gün dünya miqyasında beynəlxalq təşkilatlar arasında da İSESCO-nun öz yeri var. Azərbaycanın-İSESCO ilə münasibətləri isə ildən-ilə genişlənməkdədir.

“Azərbaycan Respublikası Hökumət ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Saziş 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanmışdır. ICESCO-nun Regional Ofisini Bakı şəhərində yerləşdirilməsi İCESCO və onun üzv dövlətləri arasındakı münasibətlərin gücləndirilməsinə və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Sazişin məqsədi ICESCO-nun Regional Ofisinin Azərbaycan Respublikasında yerləşməsi ilə bağlı şərtlərin və qaydaların müəyyən edilməsindən ibrarətdir. Sazişə əsasən Ofis Bakı şəhərində yerləşəcək və hüquqi şəxs statusuna malik olacaq. Ofis ICESCO-nun müvafiq normativ hüquqi aktlarına, sənədlərinə, həmçinin təsdiq olunması təklif olunan Sazişə uyğun olaraq fəaliyyət göstərəcək. Sazişdə ICESCO-nun Bakı Ofisinin immunitet və imtiyazları, onun rəsmilərinin statusu, hüquq və öhdəlikləri nəzərdə tutulub.

Azərbaycanla İCESCO arasında əməkdaşlığın daha genişlənməsinə öz töhvəsini verəcək bu layihəyə həmkarlarımı səs verməyə çağırıram”.

Qeyd edək qanun layihəsi yekdilliklə qəbul olunub.