Nazirlik narazı müəllim namizədlərin şikayətlərinə baxdı

 18:00 12.10.2022     126

Cari ilin 7 və 10 oktyabr tarixlərində Nazirliyin 20 aprel 2022-ci il tarixli 119-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları”nın 5.8-ci bəndinə əsasən yaradılmış Komissiya tərəfindən 2022/2023-cü tədris ili üçün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsinə yenidən baxılması ilə bağlı müraciət etmiş namizədlərin şikayətlərinə baxılıb.

Redaktor.az xəbər verir ki, ümumilikdə müsahibə nəticəsinin yenidən araşdırılması ilə bağlı nazirliyə 22 nəfərin müraciəti daxil olub ki, onlardan 19 nəfərinin müraciətinə Komissiya üzvlərinin iştirakı ilə baxılıb. 3 nəfər isə şikayətləri ilə bağlı Komissiya tərəfindən təyin edilmiş iclasda iştirak etməkdən imtina edib.

Şikayətçilərin və dəvət edilmiş ekspertlərin iştirakı ilə müvafiq müsahibələrin videoyazıları təhlil edilmiş və müsahibələrin nəticəsi barədə Komissiya tərəfindən yekun qərarlar qəbul edilib.

Komissiyanın qərarlarına əsasən 6 nəfər - Hüseynli-Babayeva İradə Ramil qızı (fortepiano), Rəhimli Esmira Kərim qızı (fortepiano), Parlanzadə Kamal Əfqan oğlu (tar), Əliyeva Fidan Vüsal qızı (violin), Əbdülqasımova Lalə Elman qızı (musiqi nəzəriyyəsi) və Asalıyeva Anelya Nizami qızı (musiqi nəzəriyyəsi) müvafiq ixtisaslar üzrə vəzifəyə uyğun hesab edilərək şikayətləri təmin edilib. Nazirliyin ehtiyat kadrlar siyahısına əlavə edilən həmin namizədlərin tədris ili ərzində müvafiq vakant vəzifə yaranacağı təqdirdə onların razılıqları ilə həmin vəzifələrə təyin edilməsi nəzərdə tutulur.

Şikayətləri təmin edilməyən namizədlərin müsabiqənin test mərhələsində göstərdiyi nəticələr 2 il müddətində qüvvədədir. Həmin müddət ərzində onlar nəticələrinə uyğun olaraq məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulu ilə əlaqədar təşkil ediləcək müsahibələrdə birbaşa iştirak edə bilərlər.